Xəbər lenti

 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2021-ci il üzrə Özbəkistan KİV arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.
 
 
Azərbaycan Mədəniyyət Mərkəzindən Ovqat.com-a verilən məlumata görə, builki müsabiqədə əsasən Azərbaycan-Özbəkistan əməkdaşlığı, hər iki ölkənin həyata keçirdiyi nəhəng layihələr, islahatlar və əldə etdiyi nailiyyətlərə dair mövzulara xüsusi yer verilib. Bununla əlaqədar “Azərbaycan-Özbəkistan əməkdaşlığı: uğur və nailiyyətlərimiz” adlı nominasiya müəyyən edilib. 
 
Müsabiqəyə Azərbaycan xalqının erməni işğalçılarına qarşı apardığı 44 günlük Vətən müharibəsi, əldə etdiyi tarixi zəfər, habelə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın azad olunması münasibəti ilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya daxil edilib. 
 
Müsabiqədə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşa şəhərinin tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərə səfəri, bu ərazilərin bərpası, milli-mədəni irsimizin dağıdılması, Şuşanın abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhvələr  və s. barədə məlumatlara üstünlük veriləcəkdir.
 
Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ili dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi ili” elan etməsi ilə əlaqədar builki müsabiqənin əsas nominasiyasını dahi şairə həsr edib. 
 
“Nizami Gəncəvi – Azərbaycan və dünya poeziyasının dahisidir” adlı nominasiyada nəinki Azərbaycan və dünya ədəbiyyatının nəhəngi, qüruru olan, qüdrətli söz və fikir ustadı Nizaminin şəxsiyyəti, yaradıcılığı, onun bəşər mədəniyyətinə verdiyi misilsiz töhvələr geniş işıqlandırılmalı, təhlil edilməli, onun irsinin Türk, ümumilikdə Şərq xalqlarının ədəbiyyatına təsiri və s. mövzulara üstünlük veriləcəkdir.  
 
2021-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair nümayiş etdiriləcək verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub, ötən ildə olduğu kimi bu il də elan olunan müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı nominasiya saxlanılıb. 
 
Bundan başqa, qeyd olunan mövzuda “İlin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiyası müəyyənləşdirilib.
 
Azərbaycan haqqında ilin ən yaxşı layihələri, tərcümə əsərləri, tərcüməçiləri də qiymətləndiriləcək və onların təltifi nəzərdə tutulub. 
 
2021-ci il ərzində Azərbaycan və Özbəkistan arasında “Dostluq əlaqələrini təbliğ edən ən fəal azərbaycanlı və özbək xadimlər, alimlər, diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər. “Azərbaycan-Özbəkistan dostluğu, habelə ölkəmizin tarixi, mədəniyyəti, adət və ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox materiallar dərc edən və yayımlayan mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) ənənəvi olaraq xüsusi mükafatlar təqdim ediləcəkdir.
 
Müsabiqəyə hər ilin dekabrında yekun vurulur və qaliblər Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli mərasimdə xüsusi mükafatlara layiq görülür.
 
Qeyd edək ki, 2013-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü - 10 may tarixindən start verilən və ənənəvi olaraq keçirilən müsabiqə nəticəsində hər il Özbəkistan mətbuatında Azərbaycana dair orta hesabla 500-dən artıq məqalə dərc olunur, bununla yanaşı təbliğatı materiallar, televiziya verilişləri, nəşrlər hazırlanır, çoxsaylı jurnalistlər, mətbuat nümayəndələri, fəal xadimlər, alimlər, tərcüməçilər bu layihədə iştirak edərək Özbəkistan-Azərbaycan dostluğu, Azərbaycana dair materiallarla çıxış edirlər.
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 44 günlük Vətən müharibəsində Özbəkistan ziyalılarının Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda apardığı azadlıq müharibəsinə dəstək verdiklərini, çoxsaylı tanınmış mədəniyyət, sənət, ictimaiyyət nümayəndələrinin videomüraciətlər edərək Azərbaycanın haqq işinə dəstək ifadə etdiklərini qeyd edərək, onlara dərindən təşəkkür etdiyini bildirmiş və sözügedən şəxslərin Azərbaycan Mədəniyyət Mərkəzi ilə daim əməkdaşlıq etdiklərini qeyd edib. 
 
Müsabiqə ilə bağlı şərtlər və geniş məlumat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında “müsabiqələr” bölməsində yerləşdirilmişdir (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler). 
 


Ana səhifəyə qayıt        Baxış: 3 718          Tarix: 2-02-2021, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma