Hər bir yazıçının şüurundan cəmiyyətə, cəmiyyətin yaddaşından da yazıçının yaradıcılıq prosesinə qədər insanı mərkəzdə saxlayan ədəbiyyat, sözü boşluqdan götürüb olması lazım olan yerə qoyan ən güclü iksirdir. Bu kontekstdə çoxqatlı ədəbiyyatda ədəbi tənqidin xüsusi yeri var. Tənqidi məqalə, haqqında yazılacaq müəllifə subyektiv baxışa görə dəyişməməlidir, yalnız bədii əsərləri üzərində aparılan ədəbi tənqid bir yazıçının olduğu qədər tənqidçinin də ədəbiyyatdakı rolunun göstəricisidir. Məlumdur ki, istər xalqların, istərsə də dünya ədəbiyyatının sayılıb-seçilən əsərləri öz gücünü tənqidin davamlılığından alıb. Bu həqiqətdən yola çıxaraq, mənim də baxışımın Xalq yazıçısı Anarın hekayələrinin daha çox “diri qalmağına” kömək edəcəyini düşündüm.
Ssenariləri, romanları, povestləri, hekayələri və şeirləri ilə Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Anar müəllimin yaradıcılığı bir çox sahələr üzrə araşdırma obyekti ola bilər.
Tarix bizə cəmiyyətdə yaşanan ziddiyyətləri göstərir və yaddaşa yazır. Anar müəllim yazılarının birində belə demişdi: “Sevginin yaşı olmur. Nə həyatda, nə ədəbiyyatda”. Bu, bəzilərinin “qürurlu sükut” adlandırdığı reallıqdan qaçış yox, konkret həyata işarə etmək reallığını və etikanı ehtiva edir. Bu, həm də azadlığı və ədəbiyyatı “mərsiyə”ləşməkdən uzaq tutmaqdır. İnsani dəyərləri doğru zamanda dəyərləndirmənin adı saflaşmaq-saflaşdırmaq, nurlanmaq-nurlandırmaqdır.
Anarın hekayələrinə təsir edən bir çox faktorlar - dastanlar, nağıllar, miflər, ekzotizimlər, mənəvi dəyərlərin itməsi, təkləşmə-tədricolma psixoloji problemi və s. nəzərə alınmaqla qurulub.
Hekayələrin bədii dili qəhrəmanın vəziyyət və situasiya ilə üzvi şəkildə bağlılığını göstərir, bu təsvirlərlə müəllif qəhrəmanın psixoloji durumunu da incələyir: “Qırmızı limuzin” hekayəsində “O, ay ziyasının kəməndinə bağlanıb gecələr gözü açıq gəzən lunatik deyildi. Yuxuda da deyildi. Ayıqdı. Vaxtı, saatı dəqiq müəyyənləşdirə, hərəkətlərinə nəzarət edə bilirdi. Bəzən yuxuda çəkisizlik aləmindəymiş kimi ayaqlarının yüngülcə bir təkanıyla yerdən aralanıb uzun bir məsafəni tullantıyla qət etdiyini də xatırladı, yenə də yuxuda qıçlarının qıc olub bircə addım ata bilmədiyini də. Amma indi nə ayaqları qıc olmuşdu, nə də çəkisizliyin yüngüllüyünü duyurdu. Yuxu deyildi bu.” cümlələri oxucunu fərdin psixoloji problemləri üzərində düşündürməyə vadar edir. Və ya, “…son iki-üç ildə O. da bu şəhərin başqa köhnə sakinləri kimi öz şəhərlərini elə bil tanımırdılar, elə bil yadırğamışdılar, elə bil şəhəri tamam başqa bir əhali doldurmuşdu. Nəinki sifətlər, adamlar - rəftar, özünü tutmaq, özünü aparmaq vərdişləri də dəyişmişdi. Sanki şəhərin binaları, küçələri, meydanları da başqalaşmışdı, özgələşmişdi, yabançılaşmışdı.” təhkiyəsi ilə çoxqatlı dəyərlərə yelkən açır, hekayəni ağırlaşdırmadan ictimai və siyasi problemlərə toxunur, bu problemlərin arasında təklənən insanın, ağrının və kədərin xəritəsini çəkir.
Yazıçı “Nisbət nəzəriyyəsi” hekayəsində adi insanların həyat ümidlərini bütün məsamələri ilə təqdim etməklə yanaşı, ölkənin kasıb təbəqəsini və varlı coğrafiyasını pərdəarxası görüntüləyir: “Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu. Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin yaraşığını pozurdu. Dilənçi də haqlı idi. Bu küçədə gedib-gələn, qazanc nisbətən çox olurdu. O biri küçələr adamsız idi.” Hekayənin davamında “Gecə Hikmət özünü asdı. Arvadı, uşaqları, dost-aşna, qohum-qardaş yasa batdı. Hamı təəccüblənirdi. –Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul. Onlar haqlı idilər. Amma Hikmət də haqlı idi.” cümlələrilə seçdiyi personajların bir-birindən fərqli olmasına baxmayaraq, yaşadıqları dövrün və həyatın fərqlənməyən tərəflərinin cəmiyyətdə üstünlük təşkil etməsinə diqqət çəkir.
Anarın böyük əsərlərindəki baş qəhrəman obrazlarının klassik ədəbiyyatda (nağıllarda, dastanlarda) və ya kinoda mövcud olan güclülüyü, zəifliyi onun hekayələrində də hiss olunur. Hekayələrdə aşkarlanmağı gözləyən sirlər müəllifin güclü müşahidə qabiliyyətindən, yaratdığı təsvir və obraz zənginliyinin isə insanın yaşadığı mühitdən qaynaqlandığını göstərir. Yazdığı ən kiçik mətnlərdə də görünməyən tərəflər vardır.
Anarın hekayələrində beş mühüm element seçilir. Bu elementlər müəllifin təbiətlə insan arasındakı bağı möhkəm saxlamaq istəyindən irəli gəlir. Hekayələrdə təbiət-insan bağı dörd başlıq altında intensiv şəkildə açıqlanır: “Rəng, Qoxu, Səs, Say, Qorxu”.
“Rəng”də təbiətdən insana, insandan dövlətə, dövlətdən zülmə, zülmdən ölümə doğru bir davamlıq var. Məsələn, qara rəng mənfi, ağ və qırmızı rənglər müsbət məna daşıyır, mavi rəng səmanın rəngi olduğu üçün müqəddəs sayılır, qırmızı isə qan və ölüm mövzusunun ən güclü obrazı kimi şərh olunur - “Qırmızı limuzin” hekayəsindəki kimi. “Bəlkə ay işığı idi onu eyməndirən. Müxtəlif biçimli, yarıuçuq xərabələri andıran bu köhnə binaların, düyün düşmüş kələf kimi bir-birinə dolaşmış ensiz küçələrin adamsızlığında, "qu" deyib qulaq tutulan səssizliyində ay işığı ətrafı gümüşü-boz bir rəngə - kül rənginə boymışdı və O.ya elə gəlirdi ki, bu ölü rəngi hansısa başqa bir dünyadan sızıb-süzülür.”
"Qoxu" mövzusu fərqli qiymətləndirmələrə imkan verir. “Hekayə” hekayəsi “Səhər oyanışlarını acılaşdıran əbədi itirilmiş şirin bir yuxu, keçmişin get-gedə dumanlanan, unudulmağa başlanan və heç bir vaxt büs-bütün unudulmayacaq bir səhifəsi… Bir qoxu… Qırıq bir səs. Heç vədə yaddaşa qayıtmayacaq, amma onun harasındasa dolaşan bir melodiya… Solub pozulmayacaq, əriyib itməyəcək təəssüratlar…” bədii təsviri oxucunun gözə görünməyən və hərəkəti olmayan bir şeyin – qoxunun izinə düşməsinə şərait yaradır və bu halın onun yaddaşına hopmasını təmin edir. Müəllif qəhrəmanının dililə “Yaxşı mən təqsirkarammı ki, ömrümün baharı, ən gözəl dəqiqələri Dənizəylə keçirdiklərimdir. Bəli, mən unuda bilmərəm ki, arvadım var, qızım var. Lakin axı mən o anları da unuda bilmərəm. Dənizə… Göz işlədikcə işləyən əngin sahilin yumşaq qumları, sahili oxşayan qıvırcıq dalğalar. Dənizənin ipək saçları. Dənizin dən düşmüş köpüklənən qıvrım dalğaları… əlbəttə, bu mənzərələr heç kəsin ürəyində heç bir teli tərpətməz… Lakin onlar mənim qəlbimin ən incə musiqisidir. Axı siz yalnız sözləri görürsünüz. Mən rəngləri, işığı, kölgələri, balıqqulaqlarını, dənizin köynəyində ağ düymə kimi ağaran yelkənli qayıqları… Dənizin, sahilin, Dənizənin saçlarının qarışıq qoxusunu duyuram.” deyərək, həyatın rənginin, sayıların və digər elementlərinin az-çox kosmoloji anlayışlarla da əlaqəsi olduğuna işarə edir. Bu hekayədə yazıçının özünəməxsus yazı texnikası da oxucuya özünü hiss etdirir. “–İş radionun verdiyi musiqidə deyil. Radionu söndürmək olar. Çətini qəlbdə oyanan, könüldə çalınan musiqiylə bacarmaqdır... –Sonra? Sonra üç şahılıq çıxarıb avtomatın yarığından atdı… Dəstəyi götürdü. 3 çəkdi. Sonra məsələn 2 … Sonra 5. Yenidən araya sükut çökdü.” bu və bu kimi digər məna dolu fikirləri güclü təsvirlərlə qısa cümlələrə sıxlaşdıraraq oxucunu intellektual səyahətə çıxarır, həm də rəngin, qoxunun, səsin və sayın maraqlı, unudulmaz bir xatirə və hətta təxribatçı olduğunu önə çəkir.
Anarın hekayələrində “səs” mövzusu müxtəlif formalarda yer alır. “Yağışlı gecə” hekayəsində bunda nümunə mətnlər təqdim edir: “Vaxt bizi məğlub edir. Biz vaxta qalib gəlirik. Vaxt müəyyən bir vaxtdan sonra bizi torpağa qatıb vətənimizin ərazisini bir adam cismi qədər böyüdəcəkdir. Əməlimiz, işimiz, yaradıcılığımız necə əhəmiyyətsiz olsa da hər halda bir sözdür, bir qəlbin döyüntüsüdür, təkraredilməz bir səs, bir nəfəs, bir qorxudur. Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoruyub getməlidir. Səslərimiz havada əriyib gedəcək. Yazıçı xoşbəxtdir; Onun səsi kağıza yapışır. Vaxt bizə neyləyəcək? Vaxta qalib gəlmək üçün nə isə bir iş görməlisən. …Heç bir iş qoyub getməmiş adam insanlığı bir addım geri çəkir.” Müəllifə görə səs zaman, məkan və təbiətlə zənginləşir, məhz həmin səsin rəngarəng əks-səda baxımından uyğun bir kosmik çərçivəyə salına biləcəyi mümkün deyil. Yazıçı mövcud zamanın təsirliliyini davam etdirən fikirlərini “Gürcü familiyası” hekayəsində dediyi: “29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam – rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir.” - deyə davam etdirir. O, ədəbiyyatın, dolayısı yolla həyatın əsas mövzusunun ümidin, azadlığın və sevginin səsi olduğunu vurğulayır.
“Hekayə” hekayəsində sevincin fərqli çalarlarını, kədərin matəm rəngini və beləcə həyat kimi bir-birini əvəz edən təzadlı hissləri həzin bir dillə təqdim edir: “Kimsə, bir qadın müğənni həzin səslə "humayun" oxuyurdu… Pəsdən. Aramla. Bir qədər yorğun. “Tutuşdu qəm oduna şad gördüyün könlüm, Müqayyəd oldu ol azad gördüyün könlüm…” “Qəmdən, qüssədən ələmdən yoğrulmuş musiqi… Qərib payız axşamları kimi məhzun, qış gecələri kimi uzandıqca uzanan… Elə bil Şərqin bütün dərdləri bu musiqi, bu ölümsüz sözlərdə yavaş-yavaş, bəm səslə axıb gedirdi. Lakin birdən-birə hər şey dəyişdi. Rəng başladı. Muğamatın dahiyanə musiqi dramaturjisi: əzəmətli bir matəm, sonra qayğısız şənlik. Adamı əzən, incidən, qəlbini sıxıb-sıxıb ağrıdan kədər, həsrət gecələrindən sonra sevinc səhərləri, bahar oyanışı, şadlıq şəlaləsi…Könülləri kövrəldən ağıları əvəzləyən şux, şıltaq kef nəğmələri…”
Təhkiyəçidən başqası yaşananların mənzərəsini oxucunun gözü önünə bu cür gətirə bilməzdi. Həmin səhnənin təqdimatının sonunda o, “Yenidən bu şənliyin, şuxluğun yerinə qayıdan möhtəşəm müsibət, qəmginlik, fəryad, zarıltı və yenə də şadlıq, sevinc – yeni rənglər, diringlər, oyun havaları…” cümləsilə fərqliliyin ikinci mərhələsini təqdim edir.
“Sayların sərgüzəşti” hekayəsində müəllifin məqsədi Azərbaycan-türk mifologiyasının təməl daşlarından biri olan formulistik rəqəmlərin müasir hekayələrdə də istifadəsinə diqqət çəkməkdir. Bu hekayədə əsasən, 1-dən, 9-a qədər rəqəmlərin xarakterləri açılır, dini, ənənəvi və xalq inanclarında, kainatı anlamaq, fizika, maddiyyat, mənəviyyat və gündəlik həyatımızı anlamaq baxımından işlənilməsi ilə yanaşı, hekayənin quruluşunun axıcılığına da təsir göstərir.
9-dan sonra rəqəmlərin “təklikdən darıxması” başlayır. Bu bəhanənin birinin o birindən önə keçməsinə qısqanclığından, ya da “gücləri birləşdirmək” adına yaranmasını müəllif maraqlı hekayəciklərlə qurur: “Üç çoxbilmiş idi, çox haqq-hesabdan çıxmışdı. Aşiq olanda, Vurulanda On İki də olurdu, lap İyirmi Bir də. Bildi ki, bu sövda baş tutan deyil. Amma Üçün könlündən ayrı şey keçirdi. O, çoxdan altı olmaq istəyirdi. İndi Biri və İkini görəndə fikirləşdi ki, əlimə əcəb fürsət düşüb. Bir ilə İki ikisi bir olsa onlarla bacarmaram, gücümüz tən gələr. Gərək ayrı-ayrılıqda ikisini də aldadıb özümə qatam. Üç əvvəl İkini xəlvətə çəkdi, aldadıb özünə qatdı, sonra da Biri. Oldu Altı.”
Göründüyü kimi rəqəmlərin interpretasiyası hekayəyə zənginlik qatır.
“Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı, vaxtilə sən də doqquz olmusan, mən də.
Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi:
Düzdü, vaxtilə mən də Doqquz olmuşam, sən də. Amma indi sənin kimi "Doqquzu" mənim yanımda görsələr mənə dəli deyərlər, Doxsan Doqquz deyərlər.
Sıfır Doqquz dinmədi. Nə desin? Dünyada qəribə işlər olurdu.”
Səmavi məsləhətçilərin fikrinə görə, 90 rəqəmi həyatımızda bəzi halların bitmək üzrə olduğunu göstərir. Lakin məsələnin mələklərin həm köməyi, həm də ilhamı ilə qənaətbəxş həllini istəyiriksə, bilməliyik ki, tərəfləri buna məhz 90-la cəlb etmək mümkündür. Bu hekayədə 09-la 90-ın “savaşı” da bu fikri təsdiqləyir.
Hekayənin sonunda yazıçının gəldiyi nəticə belədir:
“Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz, Doqquz yan-yana düzüldülər.
Adamlar üzlərini saylara tutub dedilər: – Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir olmasa, On da olmaz, yüz də, min də, milyon da.”
Burada müəllif oxucuya bildiyi məşhur bir məsəli təkrar xatırlamağa imkan yaradır: Bir gün riyaziyyatın atası sayılan Harəzmidən “İnsan nədir?” deyə soruşublar. Deyib ki, “Əgər insanın gözəl əxlaqı varsa, 1-ə bərabərdir. Əgər o yaraşıqlıdırsa, 1-in yanına sıfır əlavə edin, olsun 10. Zəngindirsə, daha bir sıfır əlavə edin, olsun 100. Əgər sağlam nəsli, soyu varsa, bir sıfır da əlavə edin, olsun 1000. Amma unutmayın ki, 1 olan “əxlaq” getsə, insanın dəyəri də yox olar, geriyə heç bir qiyməti olmayan sıfırlar qalar!”
Məlumdur ki, “qorxu” öyrənilən duyğudur, lakin bu duyğunun mətnlərdə əks olunması müəllifin ədəbi gücündən asılıdır. Hadisələr qarşısında duyğuların keyfiyyətini və intensivliyini təyin edən məzmun fərdin yaşadığı mühitdən və mühitin fərd üzərində təsirindən irəli gəlir. Müəllif göstərir ki, insanda qorxu yaşadığı bölgəyə görə dəyişir. Lakin qeyd etmək lazımdır ki, insan təkcə bilmədiklərindən deyil, öyrəndiklərindən də qorxan bir məxluqdur. Anarın hekayələri Şərqdə illərdir davam edən hər cür zülmü və bu zülmün dəhşət ölçüsünü açır. Qorxunun bizə məlum olan təriflərindən başqa bəzi vəzifə, peşə, sənət və digər səbəblərdən də yarandığına diqqət çəkir.
“İki dəniz” hekayəsində isə qorxunun tamamilə şüurun alt qatına təsirini üzə çıxarır. “Bir dəfə mən qayalara gəzməyə çıxmışdım. Mən əzilib parçalanmış, eybəcər və qorxunc hala düşmüş qayalara baxaraq, onları bu şəkilə gətirən qüvvənin sirri haqqında düşünürdüm; gör dənizdə nə böyük qüvvə var ki, belə sərt daşları bu kökə sala bilmişdir. Bu qayalar Dənizin sahilə yolunu kəsmişdilər, ona görə də Dəniz bu qayaları əzişdirirdi. O, qayaları gah çeynəyir, gah da zalımcasına sillələyirdi. Dəniz bu qayaları aram, istirahət bilmədən təmkinlə və qüvvətlə döyürdü. O, döyürdü, çünki döyə bilmirdi, onun döyməyə haqqı vardı: o, azad idi və öz azadlığına mane ola biləcək hər şeyi döyməyə, əzməyə, parçalamağa hazır idi. Dəniz ta məhv edənəcən döyür, yox edənəcən əzir, dağıdanacan parçalayırdı.”
Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi halətlər kimi təsvir edilir. Dənizi canlı insan kimi görmək qeyri-real psixoloji vəziyyəti - isti cənub şəhərində həyatın üzücü imtahanları, tam aydın olmayan, qarmaqarışıq halı, gərginlikdən sonra boşluğa düşmə, boşluqdan sonrakı "fantastik vəziyyət"in mənalı şəkildə əlaqələndirilməsidir. Dənizin sahillə qovuşmasına mane olan qayalara qarşı “ruhi sapma”larını tədriclə və təmkinlə təsvir, bir-birinin ardınca baş verən "əcaib-qəraib" gözlənilməzliklər oxucuda maraq yaratmaqla, onun da oxşar ruhi sarsıntıları yaşamasına səbəb olur. Bu vəziyyət ayrılıq yaşayan birinin stress vəziyyətini, onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş ruhunun sarsıntılarını təsvir etmək üçün dəqiq seçilmiş təsvirlərdir. Hekayədə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq, elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı o qədər usandırır, o qədər qorxudur ki, düşünürsən ki, bundan sonra ilk kütləvi həyat tərzi xoş təsir bağışlayar.
Müəllifin çatdırmaq istədiyi əsas məqam qorxunun bir obyektə, bir varlığa, bir şəxsə və ya vəziyyətə, ya da hadisəyə qarşı hiss edilə bilən bir duyğu olmasıdır. Qorxularımızın bir qismi real təhlükəyə qarşı olsa da, bəzi qorxularımız tamamilə əsassız və xəyali qorxulardır və biz bəzən bu qorxularla yaşasaq da, mütləq boş qorxularımıza qalib gələrək onların əsarətindən qurtarmalıyıq.
Ayrı-ayrı əsərlərində bir çox yazardan nümunə mətnlərini təqdim edən yazıçı qorxu mövzusunda “Gürcü familiyası” hekayəsində baş qəhrəmanı Oqtayın Vaqif Vəkilovdan (Vaqif Səmədoğlu) Əsmərə oxuduğu şeiri təqdim edir:
Əyrin-üyrün,
Dar küçələrin,
Gündüzlər otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı, içinin astası,
küçələrini dolanan addımların həmişə tənha səsi,
gecələrinin dünyada itən tarix tikəsi,
içindən bayır şəhərə,
böyuk şəhərə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
Biçarə şəhər,
İçəri şəhər...
Şeirin müəllifi başqası olsa da, bəllidir ki, bu, o məqamda yazıçının oxucuya oxşar duyğuları çatdırmaq istəyidir. Mövcud yerdəki dəyişiklik, şübhəsiz ki, psixoloji durumda təsirli, lakin mənfi bir çərçivə yaradır. Əsərin qəhrəmanı bu yerdə narahat atmosferin hökmranlığı və təsiri altındadır. Burada mühit və paralel olaraq insanları sıxışdıran məkan təsviri dünyada öz yerini tapmamış, rahatlığa öyrəşmiş insanların baxışlarını getdikcə qorxaq baxışların aldığı zamanın insanların üzərindəki sıxıntısını ifadə edir. Müəllifin insanın məkanla olduğu qədər zamanla da uzlaşa bilməməsi ilə bağlı yaratdığı təsvirlər əsərin ən həyəcanlı məqamını təşkil edir. Əslində, yazıçını dövrün realist “hekayəçi”lərindən fərqləndirən ən mühüm xüsusiyyət onun hekayələrində insan ölçüsünün uğur qazanmasıdır.
Anarın əsərlərində başqa müəlliflərdən istifadə etdiyi mətnlərdə bütün yerli sözlər toxunulmaz olaraq qalır. O, bununla xalq dilinin səs ahəngini göstərmək istəyir. Qəhrəmanlarının danışıqlarında sünilik yaratmır. Onun “kəndliləri”nin danışıqlarında zərrə qədər şəhərli olma iddiaları olmur.
Yeri gəlmişkən, bir şeyi də qeyd edək ki, yazıçı Anar çox sayda sayda gənc yazarı ürəkdən dəstəkləyib, ictimaiyyətə təqdim edib. Bir həqiqət də var ki, o, öz yaradıcılığı ilə həyatı – sənəti, ədəbiyyatı öyrənmək istəyən, canlı xalq dilinin - şifahi və yazılı ədəbiyyatının zənginliyinə ürəkdən yiyələnmək istəyənlərə də daim yol göstərib.
Həyatı böyük şövqlə və zövqlə yaşayıb yazan yazıçı yaradıcılığının bütün dövrlərində insani hisslərin sözçüsü olub və olmaqda davam edir.
Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru
Paylaş: