Xəbər lenti

Cabir Həsənin “Hikmətli sözlər və deyimlər” adlı yeni kitabı çapdan çıxmışdır. Şair sayca 3-cü olan kitabında insanların həyata fərqli baxışlarını, ətraf aləmlə və bir-biri ilə olan davranışları sonrası yaranan münasibətləri, xüsusilə ətraf mühitin insan təbiətinə təsirlərini təhlil edərək, fikirlərini öz müşahidələrinə və dünyagörüşünə əsaslanaraq, deymlər və hikmətli sözlər halında oxuculara təqdim edir.

***

Gəlirləriniz həmişə arzularınızdan kiçik qalacaq. 

***

Diqqət çəkməyə deyil, diqqət çəkən dəyərlərə sahib olmağa çalışın. 

***

Yaxşılara deyil, yaxşılığa bağlanın. Yaxşılar gedəcək.  

***

Yer üzündə insan gözəlliyinin təzahürü olanlara hörmətlə davranın.  

***

Pul insanların başına gələn nakam sevgidir. Onu görəndə özlərini itirirlər.  

***

Başqalarına hər şeyin ən gözəlini arzulaya bilirsənsə, hər şeyin ən gözəli səndədir. 

***

Bəzən heç nə etməməklə bir şeylər etmiş olarsınız. 

***

Evində xoşbəxtsənsə, hər yer sənə evin kimidir. Deyilsənsə, yenə hər yer sənə evin kimidir. 

***

Ürəyin bütün özbaşınalıqları sevgi ilə tanışlıqdan sonra başlayır. 

***

Pislədiyimiz adamlarla yaxın oluruq, pislədiyimiz vərdişlərə sahib oluruq, pislədiyimiz hadisələrin təşkilatçısı oluruq və həyat hər mənada bizi sındırmağa davam edir.  

***

Elə ki, həyata birinin üzərindən bağlandın, onunla sevinməyini də, ondan inciməyini də davranışların vasitəsilə ətrafda hamı yaşayır.  

***

Kimisə həyatdan çox sevdiyinizi dilə gətirməyin. Ya əlinizdən alacaq, ya gözünüzdən salacaq.





Ana səhifəyə qayıt        Baxış: 1 739          Tarix: 20-02-2023, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma