Xəbər lenti

  

“Ulduz” jurnalının son sayında tanınmış şair-araşdırmaçı Namiq Hacıheydərlinin avto-müsahibəsi dərc olunub. Maraqlı olduğunu nəzərə alıb bu yazını Ovqat.com oxucularıyla paylaşırıq:

 

“Özü ilə söhbət”

 

- Sən kimsən, Namiq Hacıheydərli?

-Ağlım kəsəndən bu suala cavab axtarıram.

-Tapa bildinmi?

-Yox, cavabı yoxdu bu sualın. Bu,  hər kəs üçün “Tanrı kimdi” sualının cavabı qədər sirlidir, çözülməzdir. Bəlkə də buna görə antik filosoflar “Özünü dərk edən dünyanı dərk edər” deyirdi.

- Ad, soyad insanın kimliyini bəlli etmirmi?

-Ad, ata adı, soyad bizim kimliyimizi bəlli edə bilməz. Bütün bunlar sadəcə olaraq bizim “fərqlilik nişanı”mızdır. Ad və soyadı dəyişə bilərsən, kimlik isə dəyişməzdi. “O, müəllimdi”, “o, həkimdi”, “o, kommunistdi”, “o, demokratdı”, yaxud, “o, filan vəzifənin sahibidi” və s. bu kimi təqdimatlar sonradan qazanılır və ya əldə edilir. Əlim, ayağım, qolum, ürəyim və digərləri də mən deyiləm. Bunlar sadəcə məndəkilərdi.

-Sufizmdə də “Mən yoxdu, yalnız O vardır” – düşüncəsi var. Onları təkrarlamırsamı?

-Ola bilər. Əslində yeni heç nə yoxdu axı. Sadəcə, min illər boyu eyni anlayışın fərqli izahları meydana çıxıb. Məsələn, son yüz ildə meydana çıxan bir çox fəlsəfi deyimlər var ki, onlar Avropa maarifçi filosofları tərəfindən bir qədər fərqli şəkildə deyilib. Antik Yunan fəlsəfəsinin kökü Misir və Babilistandan gəlirdi. Araşdıranda görürsən ki, İkiçayarasında və Misirdə öyrəndiklərini Yunanıstanda demişdilər. Yəni onların dedikləri əslində yenilik deyildi. Yaxud, Quranda deyilənlərin, nəql olunan hekayətlərin bir çoxu Tövratda və əski türk dastan və əfsanələrində var. Eləcə də, Tövratda yazılanlar və əski türk dastanlarında deyilənlər Şumer sivilizasiyasından qaynaqlanır. Sadəcə, adlar  fərqlidir. Deyək ki, Quranda Nuh olan kişinin adı Şumer yazılarında Utnapiştim olaraq keçir. Sözsüz ki, Şumer mədəniyyətinin də qidalandığı daha əski bir sivilizasiya olub.

-Yəni bütün deyilənlər və yazılanlar bir-birinin “kopya”sıdırmı?

- Bunlar bir mətnin digər, daha əvvəlki mətndən “kopya” olduğunu deyil, bütün sivilizasiyaların, insanın və insanlığın eyni kökdən, eyni qaynaqdan gəldiyini göstərir. Sadəcə min illər öncə yer dəyişən toplumlar özləri ilə daşıdıqları bilgilərə yeni rəng qatdılar. Yeni yaşam və düşüncə tərzlərinə uyğun mifoloji variantlar meydana gətirdilər. Məsələn, dünyada “Koroğlu” eposunun yüzlərlə variantı var. Bizim Koroğlu dediyimizə antik dönəmdə yunanlar Herakl deyirdi.

-Rövşənlə Heraklın nə əlaqəsi?

-Rövşən Koroğlunun adı idi. Heraklın da adı Homerin yazdığına görə Alkid idi. Yeri gəlmişkən bu,  Alqut da ola bilərdi. Koroğlu və ya Herakl adı deyil, soyu, kökü, ulusu bildirən sözdür, yəni soyaddır.  Onlar eyni soyun mənsubları idi. Bizim Dədə Qorqudumuz da onlarla eyni soydandır. Min illər boyu Qafqazda, Aralıq dənizi hövzəsində, eləcə də, Misirdə, Mesopotamiyada Qor-Hor kultu mövcud olub. Yunanlar Horus deyirdi. Hor isə bu regionun əski sakinlərinin düşüncəsinə görə Tanrı Asarın oğlu idi. Tanrı Asara yunanlar Osirus deyirdi. Yunan sivilizasiyasının, elminin və fəlsəfəsinin qaynağı isə Misir, Mesopotamiya, Finikiya, bir sözlə Aralıq dənizinin digər şərq əraziləri və Qafqaz idi.

-Sənə elə gəlmirmi ki, bəzən aşırı millətçilik edirsən?

-Bax, dünyaya gələndə “metirka”m rusca yazıldı, öz ölkəmdə işə girmək üçün ingilis dilində CV istəyirlər, yəqin ki, öləndə də ərəbcə yola salacaqlar. Başqa yurddaşlarım da eləcə. Paytaxtımızda şadlıq evlərinin, alış-veriş mərkəzlərinin, qonaq evlərinin və s. əksəriyyətinin adı yad dildədir. Bir alman İngiltərədə ingilisə alman dilində müraciət edə bilərmi? Yaxud, bir ingilis Almaniyanın dövlət müəssisəsində ingilis dilində sərbəst davrana bilərmi? Əlbəttə, yox! Alman buna imkan verməz. Amma heç kim onlara millətçi demir. Biz isə dilimizin aşağılanmasına Sabir demişkən, “ufacıq” etiraz edəndə millətçi damğasına tuş gəlirik.

Dünyada imperiya quran bir çox millətlər olub. Bir zaman ispanlar əsarət altına aldığı ölkərdə bu gün dövlət dili ispan dilidir. Portuqaliyanın müstəmləkəsi olan ölkələrin dövlət dili indi portuqal dilidir. Misirdə 7-ci əsrə qədər ərəb yox idi. Ərəblər 7-ci əsrdə sivilizasiya beşiyi olan Misiri işğal etdilər və bu gün orada dövlət dili ərəb dilidir. Eləcə də İraq əski Şumer və Babilistan torpaqlarıdır. Ərəblər buranı  tutandan sonra yerli etnosları assimilyasiyaya uğratdılar. Bu gün bu ərazilərdə ərəb dili dövlət dilidir. Tarixdən bilirik ki, dünyada ən çox imperiya yaradan millət türklərdi. Atilla bütün Avropanın sahibi idi. Osmanlı İmperiyası 600 il az qala Avrasiya materikinin yarısını yönətdi. Bu imperiyalar nəinki bir ölkəni, heç bir şəhəri, bir kəndi belə türkləşdirmədilər. Onların dilinə, dininə, inancına toxunmadılar. Lakin onlar da yüz illər ərzində yönətdikləri ölkəni türkləşdirə bilərdilər və bu gün 7 yox, 17 ölkədə dövlət dili türk dili olardı. Ancaq onlar bunu etmədilər, ədalət prinsipini hər zaman rəhbər tutdular. Əksinə, Əfqanıstanda, Hindistanda, İranda, Rusiyada, Avropa ölkələrində ümumilikdə 10 milyonlara soydaşımız assimilyasiyaya uğradı, yaşadıqları dövlətin dilini ana dili kimi istifadə etməyə başladılar. Azərbaycanda onlarla etnos yaşayır. Özümüzə onların hansı birindən daha artıq hüquq vermişik? Yaxud, hansı birinin dilini assimilyasiyaya uğratmışıq. Hamısını əzizimiz, doğma qardaşımız kimi bağrımıza basmamışıqmı?

Bundan başqa dünyada elə bir ölkə varmı ki, orada ingilisi, ispanı, almanı, fransızı əzsinlər? Amma bizi Suriyada, İraqda əzirlər, İranda, Çində - Uyğurstanda assimilyasiyaya uğradırlar,  Kırımda sürgün edirlər, Göyçədə, Zəngəzurda adımızı tarixdən silirlər, Qarabağda haqqımızı əlimizdən alırlar... Və bütün bunları dilə gətirəndə, qınayanda günahkar oluruq, millətçi adlandılırıq.

-Söhbətin əvvəlinə qayıdaq;  “Sən kimsən” və ya “Mən kiməm” sualının cavabı yoxdusa, o zaman bu axtarışa son verəkmi?

-Kainatı bütünlüklə öyrənmək mümkünsüzdü, ancaq yaradılışı və yaradılışın sirrini araşdırmaqdan vaz keçilmir. Bu da bir Tanrı hikmətidir. Düşündükcə, beynimizin düşüncə imkanları artır, insan təfəkkürünün miqyası genişlənir. İnsanı kamilliyə götürəcək tək şey çalışmaq və daim axtarışda olmaqdı. Müdriklər nahaqdan demədi ki, arif axtarandı, cahil tapandı. Ancaq bir şey aydındı; insan olduğumuzu bilirik. Şüurlu varlıq olaraq, dünyanın, eləcə də dünyadakı canlı və cansız varlıqların gələcəyindən sorumluyuq. Düşüncə və davranışlarımızda bu məsuliyyətimizi unutmasaq, yetərlidi. Bu, bizim insanlıq missiyamızdı.

-İnsanın öz insanlıq missiyasını yerinə yetirmədiyinimi düşünürsən?

-Təbiətdəki harmoniyanı pozan tək canlı insandı. Balıqların yaşadığı dəryalardan tutmuş, heyvanların yaşadığı meşələrə, quşların yaşadığı göylərə qədər hər yerdə ekoloji tarazlığı pozmuşuq.

Yer kürəsinin 60 milyard insanı barındıracaq ehtiyatları var. Lakin o ehtiyatlar günümüzün insanı tərəfindən nadancasına məhv edilir. Bütün canlıların əzəli-əbədi yaşam kuralları var. Qaranquş, qarışqa, qartal, aslan, boz qurd və sair min illər öncə hansı kurallarla yaşayırdısa, bu gün də onlara sadiqdi. Və bu canlıların heç biri təbiətə zərrəcə ziyan vurmur. Bu canlıların hər birinin dişisi erkəyinə, eləcə də erkəyi dişisinə sadiqdir. Xəyanət anlayışı insana xas olan xüsusiyyətdi. Ağaclar ildə cəmi bir dəfə çiçəkləyir. Bu da yaz fəslində olur; ağaclar tozlanır, obrazlı desək, hamilə qalır. “Hamilə” qalandan sonra çiçəyini soyunur, barını böyütməklə məşğul olur. Bar ağacın övladıdır. Əslində təbiət bizə hər gün mesaj verir. Necə yaşamalı olduğumuzu öyrədir, insanın dünyaya necə və nə zaman gəlməli olduğunu deyir. Müdriklər heç vaxt həqiqəti sona qədər deməyiblər. Sadəcə, həqiqətə gedən yolu göstəriblər və bunun üçün “ip ucu” veriblər. Təbiət də müdrikdir. Bizə həqiqəti sona qədər demir. Ancaq qarışqasından tutmuş filinə qədər hər üzvü ilə insana kamilliyə gedən yolu işarə verir.

-İnsanın kamilləşəcəyinə inanırsanmı?

-İnsanın kamilləşəcəyinə imanım sonsuzdur. Kamil insan Nəsimi demişkən, “Kainatın sirrinə vaqif olacaq”. Lakin görünür, hələ bunun üçün insanın başı dəfələrlə daşa dəyməlidir. Dəfələrlə kataklizmlərdən, kütləvi xəstəliklərdən keçməli və real məhv olma ilə üz-üzə qalmalıdı. Qurtuluş üçün gerçəkdən, amma gerçəkdən insan bu gedişin yanlış olduğunu görməli, insanlıq missiyasını anlamalıdır. İnsan İlahi harmoniyaya geri dönməlidir. Əski dinlərin haqqında bəhs etdiyi cənnət və Nizaminin dediyi ideal cəmiyyət də elə odur.

-Ədəbiyyatdan danışmadıq...

-Bayaqdan danışdıqlarımızın hamısı elə ədəbiyyatın mövzusudu. Ədəbiyyatın ali vəzifəsi insana və insanlığa xidmətdir, təbiətdəki və cəmiyyətdəki ilahi harmoniyanın bərpasına və qorunub - saxlanmasına çalışmaqdır.  Atatürk demişkən,  “gerisi təfərrüatdır”.

 

Namiq Hacıheydərli




Ana səhifəyə qayıt        Baxış: 3 802          Tarix: 26-07-2017, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma