Şair, publisist, tərcüməçi, “Qarabağ rüzgarları”, “Su üzərində bahar”, “Su kimi sakit və güclü”, “Gecə xəyalları”, “Şəhid qardaşlar”, “Qapı” kimi kitabların müəllifi, Rəsul Rza mükafatı laureatı, “Ədəbi ovqat” dərgisinin təsisçisi Rəfail Tağızadənin “Qarabağ – həsrətdən zəfərə” kitabı hər şeydən əvvəl 30 illik həsrət haqqında yazılmış salnamədir. Kitabda qürbət acısından, sevdiyinin, keçmişinin tikanlı məftillərdən o yanda qalmasından, öz evinlə özün arasında səngər qazmağa məcbur olmağın ağrı və ağırlığından danışılır.
Kitab adından da göründüyü kimi, təkcə Qarabağ həsrətindən və acısından bəhs etmir. Azərbaycan ordusunun dəmir yumruq ətrafında birləşərək qazandığı zəfər sevincindən və qələbə qürurundan da danışılır. Rəfail müəllim bu zəfərə gedən yolun heç də asan olmadığını, bir xalq olaraq hansı məhrumiyyətlərdən keçdiyimizi göstərməklə yanaşı çətin məqamda, əzmkarlıq və dəyanət tələb olunanda yumruq kimi bir olmağımızı da əks etdirir. Və maraqlı bir nüansı qeyd etmək istəyirəm. İşğal illərindən, məğlubiyyət durumunda olduğumuz zamanlardan yazanda müəllifin təhkiyəsi nə qədər lirik, həzin tondadırsa, məhz 27 sentyabr 2020-ci ildən sonraya aid olan bölmələrdə bir nida əzəməti diqqəti çəkir. Hələ qələbə qazanmağımızdan, savaşın nəticəsindən xəbərsiz olsaq da, haqq, ədalət uğrunda savaş əzmimiz bizə ruh verirdi. 7-dən 77-yə hər kəsin ürəklə qoşulduğu, bu yükün qarşısında özünü borclu bildiyi bir savaş başlamışdı. Əsgər də toya-düyünə gedirmiş kimi sevincək çıxmışdı yola, ölüm-dirim savaşına gedən oğlunun ardınca su atan ana da qürurlu idi, özünə arxa bildiyi yeganə oğlunu cəbhəyə göndərən ata da. Yolda əsgərinə meyvə uzadan, su daşıyan uşaqlar da müharibə qorxusunu dəf edib sevinirdilər. Hər gün şəhid xəbərləri ilə sarsılsaq da, haqq davamızı yarımçıq qoymaq istəmirdik. Biz qələbəni birlikdə qazandıq, tarixi torpaqlarımızı, evlərimizi azad etdik, haqq savaşında qalib gəldik. İndi səngərlərin, tikanlı məftillərin, bombalanmış sərhədlərin o üzü gözləyirdi bizi.
Rəfail müəllim qeyd edir ki, “məndən o yerləri, evinizi görəndə hansı hissləri keçirəcəksən, soruşanda nə cavab verəcəyimi bilmirdim”. Həqiqətən də, onun üçün o anı yaşamaq lazımdır. Bizi nə gözlədiyini bilmirdik. Bizimlə yoldaşlıq etməyi bacarmayan düşmən yollarımızla da yola gedə bilməmişdi. Evlərimizə getməyə yol, cığır tapmırdıq. 27 ildə elə düşünürdük ki, şəhərin girişinəcən getsək, evimizi də, məktəbimizi də gözübağlı gedib tapa bilərik. Amma ucundan tutub getməyə yol yox idi ki... Rəşad Məcid demişkən, Ağdamda axtardıqlarımızı gözüyumulu tapmaq olardı, amma gözüaçıq tapmaq olmur. Rəfail müəllim bu məqamda deyir, Ağdamda erməni zəlzələsi olub.
Biz bu vüsal sevincini tam yaşaya da bilmədik. Həm itkilərimiz, şəhid balalarımızın nisgili, həm daşı daş üstdə qalmayan məmləkətin halı bizi ürəkdən sevinməyə qoymurdu. Bələdçilər bizi şəhərlə tanış edirdilər. Burada qonaq evi olub, indi yoxdur, burada isə univermaq, izi də qalmayıb, poçtun binasından qalan budur, Şahmat məktəbinin yeridir, Dram Teatrının binasından qalan divarlardı, elə bil yaddaşını itirmiş birinə doğmalarını göstərirlər ki, bu sənin anandır, bu qardaşın, bu isə ən yaxın sirdaşın olub. Sənsə xatırlamağa çalışırsan, özünü sındırmaq istəmirsən, - təqdimata ehtiyac yoxdur, mən burda böyümüşəm, hər yeri tanıyıram deyirsən, amma içində çilik-çiliksən. Çünki illərdir xəyalında yaşayan o möcüzə gözəllikdən əsər-əlamət yoxdur. Amma Rəfail müəllimin dediyi kimi, nə yaxşı ki, sənə gəldim məbədim mənim! Çox sevindiricidir ki, Rəfail Tağızadə bu kitabı çapa hazırlayarkən xalqımız zəfər üstündən zəfər yaşadı, Azərbaycan Ordusunun Ali Baş Komandanı üçrəngli bayrağımızı tarixi torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə də ucaltdı. Artıq tarixi qələbəmizin əbədiliyinə şübhə yeri qalmadı. Bunu istəməsələr də, düşmənlərimiz də qəbul etdi. Bunu Azərbaycan əsgəri, güclü Azərbaycan diplomatiyası qəbul etdirdi.
Müəllif “Qarabağ – həsrətdən zəfərə” kitabının bir yerində Ağdamın Dram Teatrından qalan arka divarlarını səhrada quraşdırılmış səhnəyə bənzədir. “Önündə şəkil çəkdirmək istəyənlər tamaşa qurtarandan sonra tamaşaçıların qarşısına çıxıb baş əyən rejissorları, aktyorları xatırladır... Ağdamın mərkəzi hissəsində bütün dünyadan köçən, şəhid olan ağdamlıların ruhları qarşısında baş əyirmiş kimi”. Maraqlı bənzətmədir, amma bu bir tamaşanın sonudursa, növbəti tamaşaların, çal-çağırlı günlərin başlanğıcıdır. Hər birinizə bundan sonra könül açan, ruh oxşayan tamaşaların qəhrəmanı və izləyicisi olmağı arzulayıram, Əziz oxucular!
AYGÜN BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Paylaş: