Xəbər lenti
17-07-2025, 21:00


BU ADAM

"Ustadı", bir cürə "usta" bu adam,

Böyüyüb elə öz tipinin üstdə.

Yol gəlib çəpinin üstdə bu adam,

Hələ də yol gedir çəpinin üstdə.

Bir başdı, yüz başa vurulub başı,

Zəngli saat kimi qurulub başı.

Gör neçə doğrunun yarılıb başı

bunun əyrisinin, çəpinin üstdə...

Əzilib, büzülür...naz demək olmur,

Lap milli pazdı bu, paz...demək olmur.

Sözünün üstünə söz demək olmur,

Odun yığmaq olmur ipinin üstdə.

Nəyi var dövləti, varıdı elə,

Tək vardan, dövlətdən yarıdı elə.

Həmin küpəgirən qarıdı elə,

Çıxıb oturubdu küpünün üstdə.

Bir az da arxayın, əmin adamdı,

Tapıb yaşamağın çəmin, adamdı.

Gördüm tanımadım həmin adamdı,

Oxudum adını qapının üstdə...

 

ADAM Kİ VAR...

Əvvəl haqmış, sonra haqmış, son haqmış,

Yalan dedik, kələk dedik adına.

Günü, ayı imtahanmış, sınaqmış,

Xəlbir dedik, ələk dedik adına...

Seçən kimmiş, canım, kimmiş seçilən,

Topuqlara dəyən daşmış keçilən.

Doğulandan əynimizə biçilən

kəfən imiş, bələk dedik adına...

Sevgisi də elə bir cür həvəsdi,

Bilinmədi nə mövsümü, nə fəsli.

Sevdiyimiz ya Leyliydi, ya Əsli,

Huri dedik, Mələk dedik adına...

Adam ki, var bir quruca bədənmiş,

Torpaq belə göyərtmədi nə dənmiş...

Güldürəndə Tanrı dedik, nədənmiş

öldürəndə fələk dedik adına?

 

HA YU BU QARA BƏXTİ...

Nə arannan dağ çıxar,

Nə də dağ aran deyil.

Arandakı yaralar

dağda sağalan deyil.

Sev, sevələ, öy sözün

bəyliyini bəy sözün.

Az başına döy sözün,

dəfin, nağaran deyil.

Dərdin-qəmin yaşıdın,

Bu vaxtacan daşıdın.

Nə sinən dağ başıdı,

nə qəlb mağaran deyil.

Gətirdin hara bəxti,

Bu yarım, para bəxti.

Ha yu bu qara bəxti,

ha yu, ağaran deyil...

 

YENƏ YUVA ÇATMAYACAQ...

Vurursan göz çıxardırsan

qaş düzəltdiyin yerdə.

Kor olaydın, şil olaydın

kaş, düzəltdiyin yerdə...

Bir heykəl də yap adına,

Bax dadına...Get badına...

Yansın qurunun oduna

yaş, düzəltdiyin yerdə...

Bu da elə "üç alma", bax,

Amma, nağıl olmayacaq...

Olsa, ağıl olmayacaq

baş düzəltdiyin yerdə...

Nə var köhnə, nə var əski,

İşlər belə yürüməz ki...

Ayaq açıb yeriməz ki

daş düzəltdiyin yerdə...

Dərdsə, dava çatmayacaq,

Cansa, hava çatmayacaq.

Yenə yuva çatmayacaq

quş düzəltdiyin yerdə...

 

BU DAŞA NƏFƏS VER, BU DAŞA CAN VER...

    Səttar Bəhlulzadənin heykəli

                 önündə düşüncələr...

İllərdi bu daşdan çıxmır səs-səmir,

Bir arzum var, Tanrım, ver, başacan ver.

Bu adam daş olub qalmaq istəmir,

Bu daşa nəfəs ver, bu daşa can ver.

Nə var gözəl görən gözlər daşlaşıb,

Bədən daşın üstdə, baş daşın üstdə.

O boyda Səttarı necə daşıyır,

necə dayanıbdı daş daşın üstdə?

Olmaz ki, dünyada Səttarlar eyni,

Amma, daşa nə var, daş hər yanda daş.

İllərdi yanından keçib gedirəm,

Daşdan Səttar olmur, Səttardan da daş.

Deməyə sözü var, sözü, görürəm,

Nə bütə tapandı, nə də ki, büstə.

Daşlaşıb qalsa da özü, görürəm

yük olmaq istəmir bu daşın üstdə.

Azacıq sığal çək barmaqlarına,

Sonra da özünə burax gerisin.

Güc gəlsin daşlaşmış ayaqlarına,

Bu daşın üstündən düşüb yerisin.

Gül-çiçək içində dörd yan, dörd tərəf,

Yenidən nə ağac, nə gül əkəcək.

Qaytar, fırçasını əlinə qaytar,

Ətrafı bundan da gözəl çəkəcək.

İllərdi bu daşdan çıxmır səs-səmir,

Bir arzum var, Tanrım, ver, başacan ver.

Bu adam daş olub qalmaq istəmir,

Bu daşa nəfəs ver, bu daşa can ver.




Ana səhifəyə qayıt        Baxış: 1 780          Tarix: 16-07-2025, 19:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma