“Gürcüstan borcları silir, Azərbaycan isə vaxtı keçmiş kreditlərə görə hələ də əlavə faizlər hesablayır və cərirmələr kəsir”.
Strateq.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspertQubad İbadoğlu bildirib.
O, xatırladır ki, Gürcüstan hökuməti 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan 564 milyon dollaradək borclarının silinməsinə qərar verdi:
“Bu qərar gələn ayın 15-dən 31-dək hakim partiyaya yaxın olan Carty fondu tərəfindən icra olunacaq. Gürcüstanın belə bir qərar verməsi daxildəki siyası durumla əlaqəli olsa da, istənilən halda aşağı məbləğli borc vəsaitlərin silinməsi praktikası baxımından Azərbaycan üçün də maraq kəsb edə bilər. Odur ki, bu məsələni yenidən gündəmə gətirmək istərdim”.
Ekspert vurğulayıb ki, dəfələrlə təkliflər irəli sürülməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də vaxtı keçmiş borcların məhkəmələr vasitəsilə həllinə çalışır və mövcud problemin çözülməsi istiqamətində heç bir addım atmır: “Hesab edirəm ki, Azərbaycanda da məbləği 5000 minə qədər olan borcların silinməsi hazırda getdikcə yoğunlayan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı. Məlumat üçün qeyd edim ki, rəsmi məlumatlara görə Azərbaycanda problemli kreditlərin həcmi 1,8 milyard manat, qeyri-rəsmi məlumatlara görə 3 milyard manatdan çoxdur. Bu məbləğ hər ay artır. Odur ki, hesab edirəm ki, ilk növbədə hökumət bu borcların təsnifatını açıqlamalı, sonra isə 5 min manata qədər olan hissə ayrıca təsnif olunaraq, silinməlidir”.
Strateq.az
Paylaş: