Xəbər lenti

 

..

Məhkəmədə hakimə hücum edərək zor tətbiq etməkdə təqsirləndirilən Təhminə Rəcəbovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 10-na təyin edilib.

Qeyd edək ki, cinayət işi əvvəlcə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilsə də, zərərçəkən Süleyman Ağayevin həmin məhkəmədə hakim olmasına görə aidiyyətlə bağlı etiraz verilib.

Apelyasiya məhkəməsində işin Suraxanı rayon məhkəməsində baxılması qərara alınıb.

İttihama görə, hadisə bu il fevralın 21-də Sabunçu rayon Məhkəməsində olub. Oğurluqda təqsirləndirilən O.Rəcəbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilən vaxt təqsirləndirilən şəxsin anası Təhminə Rəcəbova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib.

O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Hakim S.Ağayevə qarşı fiziki təzyiq edəndən sonra dövlət ittihamçısının yaxasından tutub.

Məhkəmə iclasında olan nəzarətçilər Təhminə Rəcəbovanı zaldan çıxarıblar.

Təhminə Rəcəbova barəsində Cinayət Məcəlləsinin 288.3-cü (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 3-09-2019, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma