Xəbər lenti

 

Bir müddət öncə vaxtilə “Favorit” adlandırılıb, sonradan isə “Araz” marketə çevrilən mağazalardan çoxsaylı şikayətlərlə bağlı məlumat dərc etmişdik. “Mağazaların qiymət oyunu: istehlakçılar necə aldadılır?” başlıqlı yazıda, məhsulun üzərində yazılan qiymətlərlə, kassada vurulan qiymətlər arasındakı fərqdən bəhs olunurdu. 

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən  “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Billurə Əmirova mövcud duruma aşağıdakı kimi aydınlıq gətirdi: “Əvvəlcə onu qeyd edim ki, əgər müştərilər bu kimi hallarla üzləşirsə, o zaman malın üzərində hansı qiymət yazılıbsa, kassada həmin məbləği ödəməlidir. Bu barədə bütün mağaza müdirlərinə də xəbərdarlıq edilib. Qiymətlər arasındakı qeyd olunduğu kimi fərqlərin yaranmasına gəlincə isə buna da aydınlıq gətirim. Belə ki, bu gün “Araz” marketlər şəbəkəsində çoxsaylı endirimlər edilir. Demək olar ki, hər gün “Araz”da endirim kampaniyaları həyata keçirilir. Bu kampaniyalar zamanı bir neçə növ məhsulun qiyməti aşağı salınır. Kampaniyalar daha çox ət, toyuq, un məmulatları, meyvə və tərəvəzlərlə bağlı olur. Kampaniyanın müddəti bitəndən sonra təbii olaraq, məhsul əvvəlki qiymətində satılır. Avtomatik olaraq sistemdə qiymət dəyişikliyi qeyd edilir. Ancaq vitrində bəlkə də məsuliyyətsizlikdən, diqqətsizlikdən qiymətin dəyişdirilməsi nəzərdən qaçır. Nəticədə məhsulun üzərində kampaniya dövründə yazılan qiymət qalır. Bu zaman müştəri məhsulun üzərində bir qiymət görür, kassadan isə qiymət bir neçə qəpik baha çıxır”. 

B.Əmirova söyləyib ki, “Araz” marketlər şəbəkəsinin Müştəri hüquqları konsepsiyası var: “Bütün kassalarda, marketlərdə bu konsepsiya lövhəyə vurularaq, asılıb. Müştəri bu cür halda tam haqlıdır. Ona görə də fərqi hiss edən kimi məhsulun üzərində hansı qiyməti görürsə, həmin qiymətə də məhsulu almalıdır. Əlavə çıxılan pul ona geri qaytarılmalıdır. Bu, müştərinin hüququdur. Bütün mağazalarda bunun təmin olunması ilə bağlı göstəriş verilib. Məhsulun üzərində 2 manat yazılıbsa, kassada 4 manat çıxırsa, qeyd-şərtsiz müştəri 2 manat ödəməlidir. Bu, “Araz” marketlər şəbəkəsində qəbul olunmuş və işlək vəziyyətdə olan müştəri hüquqlarıdır. Bütün mağazalar şəbəkəsi də bundan məlumatlıdır. Bizim əsas hədəfimiz müştəri məmuniyyətini qazanmaqdır. Bu gün mağazalarımıza minlərlə müştəri daxil olur. Təbii ki, problemlər ortaya çıxa bilər. Ancaq bu problemlərin də çözümü var ki, onu da yuxarıda qeyd etmişəm”.




Ana səhifəyə qayıt        Baxış: 501          Tarix: 2-10-2019, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma