Xəbər lenti
 

Sicurezza Internazionale, İtaliya
19.04.2021


Müəllif: Anna Peverieri
Azərbaycanda Qarabağ müharibəsindəki qələbəsinin nümayişi üçün savaş zamanı ələ keçirilmiş hərbi qənimətlərin sərgiləndiyi park açılıb.
Hərbi Qənimətlər Parkı paytaxt Bakı şəhərindədir. Orada İkinci Qarabağ müharibəsi zamanı Ermənistandan hərbi qənimət kimi ələ keçirilmiş silah-sursat, hərbi texnika və s. nümayiş olunur.

Parkın açılış mərasiminə qatılan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, park Azərbaycan Ordusunun gücünü və Ermənistanın məğlubiyyətini nümayiş etdirir. O, burada nümayiş etdirilənlər nümunələrin müharibə zamanı ələ keçirilmiş qənimətlərin çox az hissəsi olduğunu da söyləyib.

Qənimət olaraq sərgilənən eksponatlar arasında ağır zirehli toplar, tanklar, “S-300” zenit-raket kompleksi və s. ilə yanaşı, Azərbaycanın ermənilər tərəfindən atıldığını iddia etdiyi “İsgəndər-M” raketinin qalıqları da var. Bundan başqa, parkda müharibə zamanı öldürülmüş erməni əsgərlərinin dəbilqələrindən ibarət sərgi də təşkil olunub. Dəbilqələrin ölçülərinə baxdıqda onların gənc əsgərlərə məxsus olduğu anlaşılır ki, bu da müəyyən mübahisələrə yol açıb. Tənqid olunan daha bir məqam erməni əsgərlərinin əsir kimi saxlanıldıqlarını göstərən zəncirlənmiş mum heykəlləridir.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın müharibə zamanı Rusiya istehsalı olan, lakin ixrac üçün nəzərdə tutulmayan “İsgəndər-M” raketindən istifadə etdiyini bildirib, Yerevandan bununla bağlı izahat tələb edib. Məsələ ondadır ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin araşdırmaları zamanı ermənilərin Şuşaya məhz bu raketdən atəş açdığı məlum olub.

Ermənistan mətbuatı Bakıda Hərbi Qənimətlər Parkının açılışını “Azərbaycanın Ermənistanı alçaltmaq cəhdi” kimi qiymətləndirir. Ermən KİV-i hesab edir ki, bu, tərəflər arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyannamənin kağız üzərində qaldığını göstərir.

Yerevan Bakının daha bir qərarını etirazla qarşılayıb. Söhbət aprelin 8-də hərbi əsirləri geri qaytarmaq üçün Bakıya göndərilmiş təyyarənin Ermənistana boş qayıtmasından gedir. O zaman erməni əsirlərin ger qaytarılacağı haqda xəbərlər yayılmış, nəticədə onların yaxınları hava limanına toplaşaraq, Bakıdan gələcək təyyarəni gözləməyə başlamışdılar. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında bir gün əvvəl baş tutmuş görüş idi. Məhz bu görüşdən sonra ermənilər Azərbaycanda saxlanılan erməni məhkumların geri qaytarılacağına ümid edirdilər.

Moskvada keçirilmiş Putin-Paşinyan görüşündə Ermənistanın baş naziri həqiqətən də diqqəti bu məsələyə çəkmiş, bu məsələnin həllini tapmalı olduğunu demiş, Vladimir Putini də məsələyə müdaxilə etməyə çağırmışdı. Lakin göründüyü kimi, problem həllini tapmayıb. Məsələ ondadır ki, Ermənistanla Azərbaycan arasında atəşkəs bəyanatı məhz Moskvanın vasitəçiliyi ilə imzalanıb və bu mənada, Rusiya prosesdə önəmli rol oynayır.

Dağlıq Qarabağ bölgəsi uzun illərdir Yerevanla Bakı arasında mübahisə obyektidir. Tərəflər arasında 27 sentyabr 2020-ci ildə başlamış müharibə həmin ilin oktyabrında tərəflər arasında atəşkəs bəyanatının imzalanması ilə bitib. Nəticədə Ermənistan 1990-cı illərdən işğal altında saxladığı Qarabağa, o cümlədən Dağlıq Qarabağ ətrafındakı 7 rayona nəzarəti itirib.

Qarabağ regionu olduqca əhəmiyyətli strateji mövqedə yerləşir. Çünki buradan Rusiya və Türkiyə bazarlarına məhsul tədarükünə, o cümlədən neft-qaz nəql edən boru xətlərinə nəzarət etmək mümkündür. Ermənistanla Azərbaycan arasındakı bu qarşıdurma fonunda Bakını hərbi-siyasi cəhətdən dəstəkləyən Türkiyə ilə Ermənistanın müttəfiqi olan Rusiyanın maraqlarını da unutmaq olmaz.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Sicurezza Internazionale 


Ana səhifəyə qayıt        Baxış: 4 173          Tarix: 19-04-2021, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma