Xəbər lenti


JEWISH JOURNAL, ABŞ
23.07.2021


Müəllif: Milix Yevdayev
Bu günlərdə Azərbaycanın Qarabağ regionunun Şuşa şəhərindən qayıtmışam. Son dəfə Şuşada 1987-ci ildə, Ermənistan-Azərbaycan münaqişəsi başlamamışdan əvvəl olmuşdum. Daha əvvəl isə oraya Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əməkdaşı kimi azı ildə bir dəfə səfər edirdim. O zaman Şuşaya vəzifə borcumu yerinə yetirmək üçün gedirdim. Amma Şuşa hər zaman Qarabağa səfərlərimin əsas hadisəsi olub.

Əhalisinin əksəriyyəti hər zaman etnik azərbaycanlılar olmuş Şuşa şəhəri Azərbaycanın mədəni və mənəvi paytaxtı hesab edilir. Yerusəlimin İsrail üçün, yəhudi xalqı üçün olduğu kimi. Şuşanın enerjisi, özünə xas xüsusiyyətləri dağın zirvəsində yerləşən bu mənzərəli şəhərdə yaşamış sənətkar və incəsənət xadimlərinin sayəsində formalaşıb. Nəticədə o, həqiqətən də tayı-bərabəri olmayan şəhərə çevrilib.
Şuşanın əsası 1752-ci ildə Qarabağın azərbaycanlı xanı Pənahəli xan tərəfindən qoyulub. Şəhər çox sayda məşhur azərbaycanlı bəstəkar, müğənni, şair və yazarın vətəni olub. Üstəlik, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhəri regionun mədəniyyət mərkəzlərindən də biri hesab edilib. Məhz bu üzdən onu “Qafqazın konservatoriyası” da adlandırırlar.

O illərdə etnik ermənilər Azərbaycanın Qarabağ regionunda sülh şəraitində firavan həyat yaşayıblar. Sovet dönəmində də onların həyat şəraiti yaxşı olub və onlar etnik azərbaycanlılarla sülh şəraitində yaşayıblar. Amma sonradan vəziyyət dəyişib...
Ermənistan və erməni diasporunun ultraradikal nümayəndələri Qarabağı Ermənistanın bir hissəsinə çevirməyə qərar vermişdilər. Bu, iki ölkə arasında münaqişəyə səbəb olmuşdu. Bu üzdən baş vermiş müharibədə on minlərlə insan ölüb və yaralanıb. Münaqişə təxminən 1 milyon insanın həyatını məhv edib.

Ermənistan Şuşanı 1992-ci ilin mayında işğal etmişdi. Bu zaman şəhərin azərbaycanlı əhalisinin bir hissəsi qətlə yetirilmiş, qalanı isə şəhəri tərk etmək məcburiyyətində qalmışdı. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın suveren ərazisinin 20%-ni işğal etməsi nəticəsində 800 mindən çox dinc azərbaycanlı məcburi köçkünə çevrilmişdi.
Azərbaycanlılar 1992-ci ildən bəri hər il növbəti ili Şuşada keçirmək arzusu ili yaşayıblar. Nəhayət, onların bu müqəddəs arzusu 2020-ci ildə həyata keçib. Ötən ilin sonlarında Azərbaycan Ermənistanın işğalı altında olan Şuşanı və digər rayonları azad edib. Qeyd edək ki, BMT Ermənistanın işğalçılıq siyasətini pisləyir, onu işğala son qoymağa çağırırdı.

Beləliklə, 34 ildən sonra Azərbaycanın islam, xristianlıq və iudaizmi təmsil edən dini liderləri ilə Şuşaya səfər etmişəm. Şəhəri gördükdə qəlbim ağrıdı. Yaxşı ki, o anda sükan arxasında deyildim. Təxminən 30 il davam etmiş işğal Azərbaycan mədəniyyətinin sevimli paytaxtında misli görünməmiş dağıntılara səbəb olub. Uzun illər yaxından tanıdığım şəhər tamamilə dəyişib. Bu görüntünü heç vaxt unutmayacağam: binalar yerlə-yeksan edilib, küçələr, evlər dağıdılıb. Amma Şuşanın yaşıllıqla, müxtəlif bitkilərlə dolu mənzərəsi insanı yenə də ilhamlandırır. Bu mənzərə sanki şəhərə ümid verir, ruh yüksəkliyi yaradır.
Şuşaya mənimlə səfər edən yəhudi liderlər ibadət evlərində, xristian liderlər iki kilsədə, həm şiə, həm də sünni məzhəbinə aid müsəlman liderlər isə iki məsciddə ibadət ediblər.

Dünyanın digər hissələrində şiələrlə sünnilərin birgə ibadət etməsi qalmaqala səbəb ola bilər. Amma Azərbaycanda belə bir zəngin ənənə var. Biz bütün dinlərdə sülhə aid məqamları qeyd edir, buna sadiq olduğumuzu göstəririk. Bu ənənələr bizim düşüncələrimizlə vəhdət təşkil edir. Biz bütün dinlər üçün müqəddəs, təhlükəsiz və tolerant məkanın yaradılmasına səy göstəririk.
Azərbaycanda 2000 ildir yaşayan yəhudilərin necə çiçəkləndiyini bu məqam izah edir. Bu gün mənim rəhbərlik etdiyim Bakı şəhəri Dağ Yəhudiləri dini icması misli görünməmiş imkanların olduğu dövrdə yaşayır. Çox güman ki, bizi buraya gətirən dəyərlər bu gün heç vaxt olmadığı qədər mühüm əhəmiyyət kəsb edir.

Şuşada ziyarət etdiyimiz məscid və kilsələrdə geniş bərpa işləri aparılır. Şəhərin zərər görmüş digər hissələri də bərpa ediləcək. Lakin məni düşündürən başqa məqamdır: müharibənin, qəddarlığın vurduğu mənəvi zərəri necə aradan qaldıra bilərik? Bu, mümkündürmü?
Şuşa səfəri zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqda da danışırdıq. Bakıdan olan dağ yəhudisi Albert Aqarunov 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusunda könüllü xidmətə başlamışdı. O, bunu sevdiyi Azərbaycanı ölkəyə soxulmuş işğalçılardan qorumaq üçün etmişdi. Albert Aqarunov sərrast atıcı, mükəmməl tankçı, cəsur əsgər, qayğıkeş dost idi. O, Şuşanı işğaldan öncə son tərk etmiş hərbçilərdən olub. Albert Aqarunov tankdan düşərək, sükan arxasındakı şəxsə həlak olmuş silahdaşlarının üzərindən keçməməsi üçün yol göstərən zaman qətlə yetirilib. Aqarunov ölümündən sonra ən yüksək mükafata – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. 2019-cu ildə Albert Aqarunovun adını daşıyan küçədə onun abidəsi ucaldılıb.
Artıq öz evimizdə, yəni Bakıdayıq. Amma Şuşaya qayıdacağım günü səbirsizliklə gözləyirəm. Hər gün bu səfər haqda düşünür, gözəl memarlıq nümunələrinin, əsrarəngiz mənzərənin, şəhəri bəzəyən gül-çiçəyin, qoxunun, möhtəşəm müxtəlifliyin, bir sözlə gözəlliyin bu mədəniyyət mərkəzinə yenidən qayıtması üçün dua edirəm.  

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: JEWISH JOURNAL


Ana səhifəyə qayıt        Baxış: 4 045          Tarix: 23-07-2021, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma