Xəbər lenti

 
Türkiyə Silahlı Qüvvələrinə məxsus “Bayraktar” İğdırdan havaya qalxıb, sərhədi keçərək Ermənistan ərazisinə daxil olub. Sərhəd pozuntusu iki ölkə arasında diplomatik böhrana yol açıb.
 
Ovqat.com-un məlumatına görə, Türkiyənin “Milli Gazete” nəşri bu xəbəri yayıb.
 
Xəbərdə bildirilir ki, Ermənistan Tiflisdəki Səfirliyi vasitəsilə Türkiyənin Xarici İşlər Nazirliyinə sərhədin pozulması ilə əlaqədar nota göndərib. Türkiyə isə məsələni araşdırıb və sərhəd pozuntusunda rolu olan 2 hərbi əməkdaşı işdən uzaqlaşdırıb.
 
Hadisənin iyulun 8-də baş verdiyi bildirilir. İddia edilir ki, S-26 nişanlı “Bayraktar” saat 06:42-də Ermənistan sərhədini pozub. Sərhəd pozuntusundan 2 dəqiqə sonra Ərzurumdakı “Dadaş” radar stansiyası faktı aşkarlayıb və İğdırdakı məsul şəxsləri xəbərdar edib. Məhz bu xəbərdarlıqdan sonra “Bayraktar” Türkiyə sərhədlərinə qaytarılıb.


 

Sərhəd pozuntusunda 2 kapitanın günahkar bilindiyi qeyd olunur. Onlardan birinin açıqlamasına görə, uçuş zamanı PUA-nın kamerası qırılıbmış və bu səbəbdən də sərhəd pozuntusuna yol verdiklərini anlaya bilməyiblər. Kapitanın fikrincə, bu işdə əsas günahkar Ərzurumdakı radar stansiyasıdır. Stansiya sərhəd pozuntusu baş vermədən əvvəl onları xəbərdar etməli imiş. Kapitanın iddiası Türkiyə Silahlı Qüvvələri tərəfindən haqlı görülməyib və uçuşa birbaşa rəhbərlik edənlər işdən çıxarılmaqla cəzalandırılıblar. Kapitanlardan biri bu qərarla bağlı məhkəməyə müraciət edib.


Ana səhifəyə qayıt        Baxış: 4 858          Tarix: 30-08-2021, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma