Xəbər lenti

Forbes, ABŞ
01.02.2022

Müəllif: Pol İddon

Cənubi Qafqaz ölkəsi olan Azərbaycan yaxın gələcəkdə Hərbi Hava Qüvvələrini böyütməklə bağlı qərar verə bilər. Onun bu məqsədlə qonşularından – Türkiyə və Gürcüstandan münasib qiymətə hücum təyyarələri alması mümkündür.

Son illərdə Ankara ilə Bakı arasında hərbi əlaqələr genişlənib. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən bir neçə ay qabaq Türkiyədən Azərbaycana silah ixracı düz 6 dəfə artıb. Xatırladaq ki, həmin müharibə zamanı Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradıb. Bakının İkinci Qarabağ savaşında Türkiyə istehsalı olan “Bayraktar TB2” dronlarından effektli istifadəsi bir çox ölkələrdə bu pilotsuz uçuş aparatlarına marağı artırıb.

Ötən ilin iyununda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın müharibə zamanı azad etdiyi Şuşa şəhərində olublar. Onlar burada iki ölkə arasında müttəfiqlik münasibətləri ilə bağlı Şuşa Bəyannaməsini imzalayıblar. Bəyannaməyə əsasən, Bakı ilə Ankara onsuz da geniş olan hərbi əməkdaşlığı dərinləşdirmək öhdəliyini götürüb.

İndi Azərbaycanın Hərbi Hava Qüvvələri üçün daha çox təyyarə almaq fikrinə düşdüyünə dair xəbərlər var. Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında Rusiya istehsalı olan 12 ədəd “MİQ-29” döyüş təyyarəsi və daha 12 ədəd “Su-25” hücum və hava dəstək təyyarəsi var. Odur ki, Bakının yeni təyyarələr alacağı istisna deyil. Amma yeni alınacaq təyyarələr heç də ən yüksək xüsusiyyətlərə malik bahalı reaktiv təyyarələr olmaya bilər. Səbəb? Ermənistan öz Hərbi Hava Qüvvələrini modernləşdirmək məqsədilə böyük həcmdə vəsait xərcləyərək, Rusiyadan 4 ədəd yüksək manevrli, çoxməqsədli “Su-30SM” qırıcı təyyarələri almışdı. Bu, Ermənistan Hərbi Hava Qüvvələrinin arsenalındakı ən qabaqcıl və ən yüksək döyüş qabiliyyətinə malik döyüş təyyarələridir. Lakin Yerevan 2020-ci ilin payızında baş vermiş müharibədə “Su-30SM” qırıcılarından istifadə etmədi... Odur ki, Azərbaycan belə bahalı təyyarələrin əvəzinə yüngül hücum təyyarələri ala bilər.

Türkiyə bu yaxınlarda Afrika ölkəsi olan Nigerə iki yerlik “Hürkuş” təlim təyyarəsinin ixracı ilə bağlı müqavilə imzalayıb. Beləliklə, Niger Türkiyədən təyyarə tədarük edən ilk ölkədir. Bu təyyarələrin növbəti müştərisinin isə məhz Azərbaycan olacağı haqda fikirlər var.

“Biz mühüm hadisələrin şahidi olacağıq”, - deyə ötən il dekabrın 4-də Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Azərbaycana təyyarə ixracı ilə bağlı danışarkən bildirib. Həmin açıqlamanın növbəti günü Azərbaycanda “Hürkuş” təlim təyyarəsinin sınaq uçuşları həyata keçirildi...

Yeri gəlmişkən, “Hürkuş” təlim təyyarəsi olsa da, ümumi təyinatlı bombaları, Tükiyə istehsalı olan və “Bayraktar” dronlarında da istifadə edilən mikroağıllı döyüş sursatlarını daşıya bilir.

Türkiyə hökuməti bu ilin yanvarında “Hürjet” adlı növbəti yüngül təlim-döyüş təyarrəsinin silsilə istehsalına başladığını təsdiqləyib. O, “Hürkuş” təlim təyyarəsindən fərqli olaraq, Cənubi Koreya istehsalı olan “T-50 Golden Eagle” kimi təkmilləşdirilmiş reaktiv təlim təyyarəsidir. Cənubi Koreya istehsalı olan təyyarə İndoneziyadan tutmuş İraqa qədər müxtəlif ölkələrin diqqətini cəlb edir.

Beləliklə, Azərbaycan öz Hərbi Hava Qüvvələrini gücləndirmək, yeni pilotlara təlim keçmək və mövcud pilotlara əlavə uçuş saatı vermək məqsədilə “Hürjet” təyyarələri tədarük edə bilər. Hər halda, o, artıq yüngül təyyarələrə maraq göstərir. Məsələn, prezident İlham Əliyev 2020-ci ilin fevralında bəyan etmişdi ki, ölkəsi İtaliyadan “М-346” müasir, yüngül reaktiv təlim təyyarəsi alacaq. Qeyd edək ki, “М-346” da ağıllı, universal bombaları daşıya bilir.

Bundan başqa, Bakının Rusiyadan əlavə qırıcılar deyil, yaxın müttəfiqi olan Pakistandan “JF-17 Thunder” qırıcıları ala biləcəyinə dair də məlumatlar var. “JF-17 Thunder” daha ucuzdur. Onun yeni variantı olan “Block 3” isə AESA radarı ilə də təchiz olunub. “JF-17 Block 3”, hətta “JF-17 Block 4” gələcək onilliklərdə nəticə etibarı ilə “MiG-29” döyüş təyyarələrini əvəz edə bilər. Eyni zamanda, Azərbaycanın yeni nəsil döyüş təyyarələri əldə edənə qədər, “Hürjet” təlim təyyarələrinə üstünlük verməsi mümkündür.

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında “Su-25” hücum və hava dəstək təyyarəsi var. Türkiyə Bakıya bu hücum təyyarələrini modernləşdirməyə, atış məsafəsi 150 mil olan “SOM” qanadlı raketi daxil olmaqla, Türkiyə və Azərbaycan istehsal olan döyüş sursatlarına uyğunlaşdırmağa yardım göstərib. “SOM” qanadlı raketinin atış məsafəsi “SU-25” hücum təyyarəsinin hava hücumundan müdafiə sistemlərinə qarşı müqavimətini artırır. Üstəlik, bu hücum və hava dəstək təyyarəsi Belarus istehsalı olan “Talisman” gövdə müdafiə kompleksi ilə də təchiz olunub. Hesab edilir ki, İkinci Qarabağ müharibəsi zamanı “SU-25” hücum təyyarəsinin dayanıqlılığını məhz “Talisman” gövdə müdafiə kompleksi artırıb.

Ötən ilin sentyabr-oktyabr aylarında Türkiyənin sosial şəbəkə seqmentində Ankaranın Gürcüstandan 50 ədəd “Su-25” təyyarəsi ala biləcəyi ilə bağlı şayiələr dolaşırdı. Qeyd edək ki, “Tbilisi Aircraft Industries” şirkəti bu hücum təyyarələrini hələ Sovet dönəmində istehsal edirdi.

Lakin Türkiyənin “TR Haber” saytında dərc edilmiş məqalədə bu iddialar təkzib olunub. Bununla yanaşı, məqalədə aviasiya üzrə tədqiqatçı Tolqa Özbəkə istinadən bildirilir ki, Türkiyə Gürcüstanda istehsal edilən “Su-25” təyyarələrini Azərbaycana tədarük üçün öz istehsalı olan avionika və döyüş sursatları ilə təchiz edə bilər. Xatırladaq ki, Bakı hələ 2002-ci ildə Gürcüstandan çox sayda “Su-25” hücum təyyarəsi alıb.

Gürcüstana gəlincə, onun “Ge-31 Bora” adlı yeni növ “Su-25” təyyarələri yaratmaq kimi iddialı planları var. Bu zaman Rusiya istehsalı olan detallardan istifadə olunmaması nəzərdə tutulur. Yeni təyyarənin füzelyajı və qanadları Gürcüstanda istehsal ediləcək. Tbilisi onu ixrac etməyi düşünür. Ötən ilin mart-aprel aylarında modernləşdirilmiş “Su-25” təyyarəsinin sınaq uçuşu da keçirilib. O, həm döyüş, həm də təlim üçün nəzərdə tutulub.

Ekspertlərsə hesab edir ki, “Ge-31 Bora” təyyarələrinin istehsalı Tbilisinin maraqlı xarici tərəfdaşlar vasitəsilə bu layihəyə böyük miqdarda investisiya cəlb edəcəyi təqdirdə mümkün olacaq. Bu mənada ən uyğun namizədlər sırasında İsrail və Ukraynanın adı çəkilir. Azərbaycan da uyğun namizəd ola bilər. Bakının bu layihəni maliyyələşdirməsi də mümkündür. Hətta Azərbaycan “Tbilisi Aircraft Industries” şirkəti ilə “Ge-31 Bora” hücum təyyarələrinin onun istədiyi xüsusiyyətlərə uyğun, yəni Türkiyə istehsalı olan sursatlarla təchiz edilən variantının hazırlanması barədə belə, müqavilə bağlaya bilər. Belə razılaşma bütün tərəflər üçün faydalı olardı. Nəticədə Azərbaycanın Hərbi Hava Qüvvələri yeni hücum təyyarələri ilə təmin olunacaq, Gürcüstan isə “Ge-31 Bora” layihəsinin reallaşdırılmasına ehtiyac duyulan maliyyə vəsaiti əldə edəcək. Türkiyəyə gəlincə, onun müdafiə sənayesi də Cənubi Qafqazdakı yaxın müttəfiqinə silah tədarükündən əlavə qazanc əldə edəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Forbes



Ana səhifəyə qayıt        Baxış: 3 701          Tarix: 2-02-2022, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma