Sığortasızlıq dövlətin yükünü ağırlaşdırır
Qardaş Türkiyədə baş verən ağır zəlzələnin vurduğu zərər hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Hələlik diqqətlər zəlzələnin zərəri kimi dağılmış evlərin dəyərinə yönəlib. Səbəb həmin evlərin sığorta xərclərinə dair müzakirələrin daha çox aparılmasıdır.
Fevralın 9-da bu məsələ ilə bağlı “Fitch Ratings” reytinq agentliyinin analitiklərinin araşdırma nəticələri açıqlanıb. Araşdırma göstərib ki, zəlzələnin dağıtdığı tikililərin sığorta ödənişləri 1 milyard dollar civarında olacaq ki, bu məbləğin də böyük hissəsi təkrarsığorta şirkətləri tərəfindən ödəniləcək. Bunun səbəbi isə zəlzələnin baş verdiyi bölgələrdə sığorta sisteminin geniş inkişaf etməməsidir.
Agentlik analitikləri ümumilikdə zəlzələyə görə Türkiyə dövlətinin bir neçə milyard dollar zərərə düşdüyü qənaətindədirlər: “Dağıdıcı zəlzələ nəticəsində Türkiyənin iqtisadi ziyanı 2 milyard dolları keçəcək və 4 milyard dollara çata bilər”.
Azərbaycanın iqtisadçı-eksperti Natiq Cəfərlinin fikrincə, zəlzələnin dövlətə, biznesə, vətəndaşlara vurduğu zərərin həcmini indiki halda müəyyənləşdirmək mümkün deyil. Bunun üçün bölgələrdə ciddi araşdırma prosesi həyata keçirilməli, evbəev dəyən zərərin miqdarı hesablanmalıdır: bura insan həyatı, daşınmaz əmlak, daşınar əmlak, mal-heyvan və sair aiddir.
Məlumat üçün bildirək ki, fevralın 10-da Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuata açıqlamasında zəlzələnin 12 min 141 binanın dağılmasına səbəb olduğunu açıqlayıb. “Həmin bölgələrdə ölkə tarixində ən böyük quruculuq, bərpa işlərinə başlanılacaq”, - deyə nazir vurğulayıb.
Rəsmi məlumatlara əsasən zəlzələnin baş verdiyi 10 əyalətdə 1,4 milyonu uşaq olmaqla, toplam 23 milyon nəfər yaşayır. Evləri dağılanlardan 380 min nəfəri müxtəlif salamat qalmış binalara yerləşdirmək mümkün olub.
Onu da qeyd edək ki, 1999-cu il zəlzələsindən sonra Türkiyədə binaların, evlərin zəlzələdən sığortalanması məcburi edilib. Bu sığortalanma prosesinə nəzarət edən xüsusi qurum - Doğal Afət Sığortalanması Kurumu - DASK yaradılıb. Qurum zəlzələ, ondan qaynaqlanan yanğın, uçqun, torpaq sürüşməsi, sunami və sair risklərə görə sığortalanan mənzillərin sahiblərinə ödənişləri təmin edir. Bu günlərdə açıqlanan rəsmi məlumata görə, Türkiyədə olan 20 milyon 32 min mənzildən 54,7 faizi - 10 milyon 949 min 642 mənzil belə sığortaya malikdir. Zəlzələnin baş verdiyi 10 əyalətdə mövcud olan mənzillər bu göstərici 49 faiz təşkil edir.
Məsələn, Kahramanmaraşda 210 min mənzilin 113 mini, Hatayda 315 min mənzilin 40,1 faizi, Osmaniyədə 101 min mənzilin 42,4 faizi, Qaziantepdəki 339 min mənzilin 64,5 faizi, Adıyamanda 88 min mənzilin 44,9 faizi, Diyarbəkirdə 231 min mənzilin 33 faizi və sair belə sığorta polisinə malikdir.
DASK-ın hazırkı ödəmə gücü 100 milyard lirə hesablanır. Qurum hər il tikinti xərclərinin artması ilə müəyyən edilən maksimum sığorta məbləğini təmin edir. DASK tərəfindən verilən maksimum zəmanət məbləği 25 Noyabr 2022-ci il tarixinə bütün bina növləri üçün 640 min lirə olaraq müəyyən edilib.
Verilən məlumata görə, maksimum zəmanət məbləği müəyyən edilərkən sökülən yaşayış binasının yenidən tikintisinin dəyəri (torpaq dəyəri istisna olmaqla) nəzərə alınır. Sığorta olunanların sığorta məbləği (sığorta dəyəri) maksimum sığorta məbləğindən artıq olmamaq şərti ilə onların yaşayış yerlərinin ölçüsünə və tikinti üslubuna uyğun olaraq müəyyən edilir.
Yaşayış sahəsinin dəyəri DASK-nın verdiyi maksimum zəmanət həddini keçərsə, sığortalı istəyə görə sığorta şirkətlərindən əlavə sığorta ala bilər. Lakin bunun üçün sığortalının özəl sığorta şirkətlərindən ev sığortası olmalıdır.
DASK yalnız zəlzələdən dağılan tikintiləri sığortalayır. Mənzillərin içindəki əşyalar, insan həyatı, avtomobillərin sığortasını hər kəs özü ayrılıqda aparmalıdır. Yayılan görüntülərdən aydın olur ki, zəlzələ nəticəsində on minlərlə avtomobil dağıntılar altında qalıb. Türkiyə sığorta qanunvericiliyinə əsasən avtomobillərin məcburi sığortası zəlzələnin təsiri ilə yaranan zədələri sığortalamır. Bunun üçün avtomobil sahibləri xüsusi kasko sığortası polisinə sahib olmalıdılar.
Türkiyə mətbuatının yazdığına görə, zəlzələ bölgəsində insanların həyat sığortası ilə əhatəliliyi çox kiçik bir faizi əhatə edir. Ev əşyalarının sığortalanması isə ondan da aşağı səviyyədədir. Avtomobillərin zəlzələ şərtli kasko sığortası ümumi parkın 10 faizinə belə çatmır. Bu isə o deməkdir ki, zəlzələnin dağıtdığı evlərdəki əşyalara, avtomobillərə görə vətəndaşların zərəri sığorta şirkətləri tərəfindən qarşılanmayacaq. Bu halda bütün ağırlığın dövlətin üzərində olacağı şübhəsizdir.
Londonun Universitet kollecində qəza planlanması və idarə olunması idarəsinin professoru Devid Aleksandr bildirir ki, yeraltı təkanların gücü maksimal həddə çox yaxın olub: “Lakin bu təkanların düzgün tikilmiş binaların dağılması üçün yetərli olub-olmadığını birmənalı şəkildə söyləmək mümkün deyil. Ərazilərin böyük hissəsində təkanlar maksimal səviyyədən ciddi aşağı olub. Buna görə də söyləmək olar ki, həmin ərazilərdə dağılan binaların çoxu zəlzələyə qarşı texniki tələblərə əməl olunmadan inşa edilib”.
Maraqlıdır ki, 1999-cu ildən bəri Türkiyədə binaların inşasına dair zəlzələyə qarşı davamlılığı təmin edəcək tələblər dəfələrlə sərtləşdirilib. Axırıncı dəfə 2018-ci ildə qanunvericiliyə daha sərt müddəalar daxil edilib. Həmin dəyişikliyə əsasən zəlzələ aktivliyi olan bölgələrdə binaların tikintisində yalnız yüksək keyfiyyət normalarına cavab verən beton, armatur və sairdən istifadə edilməli, bünövrələrdə ağırlığın zəlzələ təkanlarının udulmasına imkan verən formada paylanması təmin edilməlidir. Lakin hazırda Türkiyə mətbuatında aparılan müzakirələrdən aydın olur ki, bu tələblərə doğru-düzgün əməl olunmayıb: nə əvvəl tikilən binalarda onlara uyğun möhkəmləndirmə işləri aparılıb, nə də yeni tikintilərdə onlara əməl edilib. Mütəxəssislər bunun bir səbəbi kimi Türkiyədə son illər tez-tez verilən “tikinti amnistiya”larını göstərirlər. Bildirilir ki, belə amnistiyalar tikinti şirkətlərini normalara uyğun tikilməyən binalara görə cərimələrdən azad etməklə onlarda məsuliyyətsizliyin artmasına səbəb olub. 1960-cı illərdən tətbiq olunmasına başlanan axırıncı belə amnistiya 2018-ci ildə elan edilib.
Türkiyə Mühəndislər Odaları Birliyinin və Memarlar və Şəhərsalmaçılar Palatasının İstanbul şöbəsinin rəhbəri Pelin Pınar Giritlioğlunun verdiyi məlumata görə, zəlzələdən zərər çəkmiş ərazilərdə 75 min binanın inşaatçıları belə amnistiyaya məruz qalıblar. Müqayisə üçün qeyd edək ki, dağıdıcı zəlzələnin baş verdiyi 1999-cu ilədək İzmitdə 672 min bina tikinti amnistiyası alıbmış.
Fəlakətdən zərərçəkənlərə yardımla bərabər, artıq Türkiyədə dağıntıların çox olmasına, dağıntı ərazilərinə vaxtında çatmağa imkan verməyən tikintiləri aparanlara qarşı cinayət işlərinin qaldırılması prosesi başladılıb. Belə ki, Türkiyə Vəkillər Kollegiyası (TBB) zəlzələ nəticəsində dağılan binaların tikintisinə məsul olan podratçılar və digər vəzifəli şəxslər barəsində cinayət işi qaldırıb.
“Anadolu ajansı”nın yaydığı məlumata görə, TBB mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 10 əyalətə təsir edən zəlzələlərdə dağılan binaların inşasına səlahiyyətli və məsul olan podratçılar və digər səlahiyyətlilər, binaların layihələrini təsdiq edən, nəzarəti lazımi şəkildə həyata keçirməyən məsul şəxslər başda olmaqla, bütün şübhəli şəxslərin müəyyən olunması və barələrində cinayət işinin başlanması üçün cinayət işi açıldığını elan edib.
Hər bir vilayətin Baş Prokurorluğuna təqdim edilən müraciətdə yazılıb ki, zəlzələdən sonra axtarış-xilasetmə işlərinə gec, natamam və yanlış başlaması nəticəsində itkilərin artmasına səbəb olan şəxslər barəsində də cinayət işi açılıb. Şübhəli şəxslər Türkiyə Cinayət Məcəlləsinin 81-ci “Qəsdən adam öldürmə” və 83-cü “Qəsdən adam öldürmə” maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar.
Sübutların yox olmaması üçün nümunələrin götürülməsi və analiz edilməsi daxil bütün mərhələlərdə könüllü və öz sahəsində mütəxəssislərdən ibarət komissiya üzvləri ilə sağlam istintaq aparılması, bütün şübhəlilərin müəyyən edilməsi üçün işlərə başlanıb. Bu araşdırmalar nəticəsində müəyyənləşdirilən tikinti şirkətlərinin dəyən zərərin ödənməsinə cəlb olunması da nəzərdə tutulur.
Son olaraq bildirək ki, Prezident Rəcəb Tayib Ərdoğan fevralın 9-10-da zəlzələ bölgəsində olarkən zərərçəkən hər ailəyə dövlət tərəfindən 10 min TL ödəniləcəyini bildirib. O, həmçinin dağılan hər bir evin yerində tezliklə yenisinin inşa olunacağını, dövlətin vətəndaşlarını ağır durumdan ən qısa müddətə çıxartmaq üçün lazım olan bütün addımları atacağını bəyan edib.
Dünya SAKİT,
“Yeni Müsavat”
Paylaş: