HƏMAS lideri İsmayıl Haniyənin necə öldürüldüyünün təfərrüatı məlum olub.
Musavat.com bu barədə "The Jewish Chronicle" nəşrinə istinadən xəbər verir.
Yəhudilərin Britaniyada çap olunan həftəlik "The Jewish Chronicle" (Yəhudi Xronikası) nəşri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinin təfərrüatları haqda məqalə dərc edib.
Yazıda deyilir: "(İsrail hökuməti tərəfindən təsdiqlənməsə də) İsrailin həqiqətən də keçən həftə Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyət daşıdığına inanılırdı. Amma "Yəhudi Xronikası" Haniyənin çarpayısının altına qoyulan partlayıcı qurğunun SEPAH-ın "Ənsar əl-Mehdi" elit qüvvələrindən Mossad-ın əməkdaşlığa cəlb etdiyi iki iranlı tərəfindən qoyulduğunu ortaya çıxardı. Onlar binanın və onun qonaqlarının təhlükəsizliyini təmin etməli olan şəxslərdir.
İranlılar özləri də sui-qəsddən sonra bunu anladılar. Qonaq evinin təhlükəsizlik kameralarını yoxlayaraq, iki mühafizəçinin dəhlizdə gizlicə Haniyənin qalmağı planlaşdırdığı otağa tərəf getdiyini və açarla qapını açaraq oraya daxil olduqlarını müşahidə ediblər.
Mossad onları gizli yolla İrandan çıxarıb
Üç dəqiqədən sonra iki mühafizəçinin (hər birinə altı rəqəmli məbləğdə pul, eləcə də sui-qəsddən sonra dərhal Şimali Avropa ölkələrindən birinə göndərilməsi təklif edilmişdi) kamera görüntülərində yavaş-yavaş pilləkənlərlə binanın əsas girişinə doğru aşağı düşdükləri və sonra qara rəngli avtomobilə mindikləri görünür. Daha sonra dayanacağın gözətçisinin onları tanıdığı və heç bir sual vermədən qapını açdığı görünür. Bir saat sonra isə Mossad onları gizli yolla İrandan çıxarıb.
Əvvəl yayılan xəbərlər doğru deyil
Cihazın partlayışdan həftələr və ya aylar əvvəl Haniyənin otağına yerləşdirildiyi barədə ilk günlərdə yayılan xəbərlər doğru deyil.
Təhlükəsizlik kameralarından məlum olur ki, qurğu partlayış baş verən gün, saat 16:23-də, yəni Haniyə öz otağına daxil olmazdan təxminən 9 saat əvvəl otağa yerləşdirilib.
Partlayış gecə yarısından sonra, yerli vaxtla saat 01:37-də uzaqdan idarə olunub və avtomatik işə salınıb.
Aşkarlanmasının qarşısını almaq üçün Mossad bombanı çarpayının altına quraşdırılmış, eni 3 düym və uzunluğu 6 düym olan yastı kərpic şəklində hazırlayıb. Günahsız mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün onlar öz dəqiqliyi ilə tanınan və yalnız Haniyənin otağını hədəf alan bombadan istifadə ediblər. Nəticədə binanın yalnız müəyyən bir sahəsi zədələnib.
Oktyabrın 7-dən sonra qərara alınan Haniyənin öldürülməsi Mossad-ın qarşısına qoyulmuş ən öncəlikli vəzifə olub. İsrail hökuməti Tehrandakı Mossad casuslar şəbəkəsindən, o cümlədən Qəzza müharibəsindən çox əvvəl İranda fəaliyyət göstərmiş yerli iranlı əməkdaşlarından kompleks tədbirlər tələb edib.
Son 20 il ərzində İsrail İranın nüvə silahı hazırlamaq səyləri ilə bağlı kəşfiyyat məlumatları toplayır. Bu məlumatlar SEPAH-ın 2 zabitinin ələ alınması ilə birlikdə Haniyənin öldürülməsini mümkün edib".
İsmayıl Haniyəni Qətərdə öldürmə planı uğursuz olub
Məqalədə o da qeyd edilib ki, Mossad bundan öncə HƏMAS liderini Qətərdə öldürməyi planlaşdırıb:
"İsrailin bir neçə dəfə Mossad vasitəsilə Haniyəni Qətərdə öldürmək üçün şansları olub. Lakin son anda bundan vaz keçilib. Buna səbəb isə Qətərin İsrail ilə HƏMAS arasında girov böhranında kritik müzakirəçi rolunu oynaması olub. Belə ki, Qətər torpağında sui-qəsd cəhdi bu ölkəni utandıra və Qəzza müharibəsindən əvvəl İsrail və Qətər arasında müzakirə olunan gələcək sülh razılaşmasını təhlükə altında qoya bilərdi.
Qeyd edək ki, məqalənin müəllifi israilli jurnalist İlon Perridir.
O, 28 il xidmət etdiyi İsrail Müdafiə Qüvvələrinin elit "Qolani" briqadasının keçmiş komando əsgəridir. Perri 25 il ərzində reportyor kimi müharibələr və terror hadisələrini işıqlandırıb. 2010-cu ildən İngiltərə və ABŞ-da İsrail-Fələstin münaqişəsinə xüsusi diqqət yetirməklə, Yaxın Şərqdə 100 illik terror mövzusunda tədris edir və hazırda Londonda yaşayır.
Toğrul İSMAYIL,
Musavat.com
Paylaş: