"ABŞ iqtisadiyyatında bu il ən böyük sürpriz inflyasiya oldu". "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen Vaşinqtonda təşkil olunan "G30 Beynəlxalq Bankçılıq Seminarı"nda "ABŞ iqtisadiyyatı və monetar siyasət" adlı çıxışında deyib.
"ABŞ iqtisadiyyatı 2017-ci ildə yumşaq artıma davam edəcək. Texas, Florida və Puerto-Riko qasırğaları qısamüddətli perspektivdə iqtisadi artıma mənfi təsir edəcək və böyük ehtimalla III rübdə ÜDM artımı yavaşlayacaq. Lakin, bütün bunlara baxmayaraq, ikinci yarımillikdə ÜDM artımı potensialın üzərində olacaq və ilin yekununda 2,5% təşkil edəcək", - deyə baş bankir qeyd edib.
İşsizlik göstəricisinin sentyabr ayında illik müqayisədə 0,5 faiz bəndi azalaraq 4,2%-ə enməsi və maaşların aylıq müqayisədə 0,5% artması müsbət göstəricilər olsa da, inflyasiyanın 2% hədəfinə çatmasının 2019-cu ildə mümkün olacağı bildirilib.
C.Yellen bu ay FED-in balansını azaltmağa başlayacağını, bununla yanaşı uçot dərəcəsini də artıracaqlarını açıqlayıb. FED rəhbəri inflyasiyada 0,1-0,3 faiz bəndi dəyişikliklərin uçot dərəcəsini artırmaq qərarında önəmli olmadığını bildirib.
Açıqlamalardan sonra, dolların məzənnəsi möhkəmlənməyə başlayıb. Hazırda əsas valyuta cütlüyü olan avro/dolların məzənnəsi 0,25% azalma ilə 1,1790 USD/EUR səviyyəsinə geriləyib. Azalmanın davam edəcəyi gözlənilir.
Paylaş: