Xəbər lenti

 

“Neftin qiyməti iqtisadi problemlərlə əlaqəli deyil, bu, iqtisadi kateqoriyalarla ölçülmür. Bu dövlətlər arasındakı siyasi gərginliklərin, savaşların, hibrid müharibələrin təsirləridir. Bura Liviyada gedən vətəndaş müharibəsi, İran ətrafındakı gərgin proseslər, Venesueladakı vətəndaş qarşıdurması daxildir. Bütün bunlar neftin bahalaşmasında əsas rol oynayır”.

ReAl Partiyası sədrinin müavini, iqtisadçı Natiq Cəfərli belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ankara-Vaşinqton xəttində təzyiqlər yüksəlir. Artıq tərəflər açıq təhdidə keçib, söhbət atılan addımlara qarşılıqlı cavab tədbirlərindən gedir. Sizcə, bu çərçivədə ABŞ-dan ehtimal olunan sanksiyalar Türkiyə iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

- Birləşmiş Ştatların sanksiyaları və bu ölkə ilə münasibətlərin kəskinləşməsi, həmişə Türkiyə iqtisadiyyatına mənfi təsir göstərib. Bu təsirlər bu gün də özünü göstərməkdədir. Son günlərdə qiymətli kağızlar bazarında səhmlərin aşağı düşməsini, türk lirəsinin sürətli ucuzlaşma trendinə qədəm qoyduğunu, o cümlədən münasibətlərin gərginləşmə trendini nəzərə alsaq, bu sanksiyaların Türkiyə iqtisadiyyatına ciddi təsirlərini görə bilərik. Son bir həftədə lirə dollar qarşısında 10 quruş dəyər itirib. Artıq 1 ABŞ dollarının qiyməti 10 türk lirəsinə yaxınlaşmaq üzrədir. Yəni lirə dollar qarşısında kəskin dəyər itirə bilər. Bunların hamısı, hələlik Türkiyənin ABŞ-la münasibətlərinin pisləşməsinin nəticəsidir. Ehtimal olunan sanksiyalar tətbiq olunsa, zərərlərin həcmi daha böyük ola bilər.

- Regionun digər ölkəsi İran ətrafında da gərgin proseslər gedir. Bəs bunun dünyanın neft bazarlarına təsir edəcəyi mümkündürmü? Xüsusən qiymətlərə...

- İran ətrafında gedən proseslər həmişə dünyanın neft bazarına öz təsirini göstərib, bu təsirlər bu gün də hiss olunur. Artıq bu təsirlər qiymətlərdə öz əksini tapıb. Yəni, bu gün İran ətrafında gedən proseslər dünyanın neft bazarına o qədər də ciddi təsir etmir. Əks təsir gözlənilə bilər. Məsələlər həll olunsa, İranla bağlı sanksiyalarda irəliləyiş əldə edilsə, bu sanksiyaların azaldılması prosesinə start verilsə, bu zaman neftin qiymətlərində ciddi ucuzlaşma baş verə bilər.

Sanksiyalara görə gündəlik iki milyon barelə yaxın İran nefti dünya bazarlarından çəkilib. Sanksiyalar ləğv edilsə və İran gündə bazarlara iki milyon barelə yaxın neft çıxara bilsə, bu neftin qiymətlərinin aşağı çəkilməsində mühüm rol oynaya bilər. Əslində bu gün neftin qiyməti iqtisadi problemlərlə əlaqəli deyil, bu, iqtisadi kateqoriyalarla ölçülmür. Bu dövlətlər arasındakı siyasi gərginliklərin, savaşların, hibrid müharibələrin təsirləridir. Bura da Liviyada gedən vətəndaş müharibəsi, İran ətrafındakı gərgin proseslər, Venesueladakı vətəndaş qarşıdurması daxildir. Bütün bunlar neftin bahalaşmasında əsas rol oynayır.

Bir də əsas faktordan biri Səudiyyə Ərəbistanı ilə bağlıdır. Səudiyyə Ərəbistanı dünyanın və özünün ən böyük neft şirkəti olan “Aramko”nun səhmlərini satışa çıxarıb, bu səhmlərdən iki trilyon dollar qazanmaq istəyir. Səudiyyə də bu dövrdə qiymətlərin yüksələn xətt üzrə artması üçün əlindən gələni edir ki, səhmlərin qiymətləri də yüksəlsin. İlkin olaraq buna nail olub, səhmlərin qiymətləri ilkin qiymətləndirmədən on faiz baha qiymətə satılır. “Aramko”nun da satışının başa çatmasından və dünyadakı siyasi gərginlik azaldıqdan sonra neftin sürətlə ucuzlaşması prosesinə start verilə bilər.

- Çin və ABŞ arasında ticarət savaşı da şiddətlənib. Bu savaş qlobal olaraq hansı proseslərə yol aça bilər?

- ABŞ və Çin arasındakı ticarət müharibəsi iki ilə yaxındır intensivləşib. Amma obrazlı ifadə etsək, artıq tunelin sonunda işıq ucu görünür. Hələlik imzalar atılmasa da, ilkin razılaşmalar var. Çünki həm Çin, həm də ABŞ başa düşür ki, uzun müddət davam edən ticarət savaşı həm iki ölkənin, həm də dünya iqtisadiyyatına ciddi ziyan vurur. Hesab edirəm ki, tərəflər arasında anlaşma olacaq, yaxın zamanlarda Çin və ABŞ arasında ticarət sazişinin imzalanmasının şahidi olacağıq.

Amma bu anlaşma da problemləri həll etmir. Çünki dünya gücləri arasında valyuta müharibəsi də gedir. Yəni Çinin öz valyutasını (yuan) bilərəkdən dəyərdən salması, ixracatın artırılmasında bu alətdən istifadə edilməsi Amerika tərəfindən qəbul olunmur. Bununla bağlı da ABŞ-Çin gərginliyi davam edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 350          Tarix: 20-12-2019, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma