Xəbər lenti

 

"Azərbaycanda təbii qazın bir kubmetrinin hasilatının maya dəyəri 57,6 qəpikdir. Halbuki "mavi yanacağ"ın hər kubmetri əhaliyə 10 qəpiyə satılır".

Bunu “Report”a açıqlamasında Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov deyib.

"Qaz dənizdən 100 kilometr uzaqlıqda hasil edilir. Onun sahilə çatdırılması üçün boru kəməri çəkilib. Nəqletmə xərclərindən başqa, qazın tərkibində müxtəlif komponentlər var. Qaradağ rayonundakı Qaz Emalı Zavodunda təmizlənməsi və qurudulması xərcləri, əhaliyə çatdırılmadan öncə qazın tərkibinə vurulan adarant maddəsinin dəyəri, həmçinin boruların korroziyadan mühafizə olunması, işçilərin xidmət pulu da daxil olduqda istehlakçıya çatan qazın maya dəyəri qat-qat yüksək olur”, - o qeyd edib.

N.Qasımov həmçinin bildirib ki, qaz mədəndən çıxarılanda standartlara uyğun olmur: “Onun standartlara uyğunlaşdırılması üçün müəyyən işçi qüvvəsi lazımdır. Onların əməkhaqqı da bu qazın qiymətinə əlavə edilir. Bura cihazların quraşdırılması və bu cihazların baxılması xərcləri də əlavə edilərək nəzərə alınır. Bundan başqa, qaz bir təzyiqdən başqa təzyiqə keçdikdə borularda buzlanma əmələ gəlir ki, onun da tərkibinə metanol maddəsi vurulur. Bu qiymət də xərclərə daxildir”.

Onun sözlərinə görə, yüksək təzyiqlə çıxarılan qazın əhaliyə verilməsi mümkün deyil: “Bunun üçün qaztənzimləyici stansiyalar quraşdırılır. Orada da o qaz təzyiqini tənzimləyən operatorlar çalışırlar. Qış aylarında hər min kubmetr üçün 16 qram, yay aylarında hər bir min kubmetr üçün 8 qram etil merkaptan maddələri vurulur. Təbii ki, bu da pulla alınır. El dili ilə desək, bu lax yumurta iyi verən maddədir və onun daşınması və saxlanılması yüksək dəqiqlik tələb edir. Çünki bu maddə bir balaca dağılsa, şəhəri iy bürüyər və camaat təşvişə düşər. Stansiyalarda bu maddəyə adarant vurulur və ondan sonra qaz qaztənzimləyici məntəqələrə və qaztənzimləyici şkaflara çatdırılır. Orada qazın təzyiqi endirilərək evlərə verilir”.


Nüsrət Qasımov:

"Kimlərsə eşidib ki, səmt qazı deyilən bir qaz var, amma onlar fikirləşmirlər ki, bu qaz özbaşına göylə uça-uça gəlib əhaliyə və evlərə çıxmır".


Ekspert deyir ki, bundan başqa, evlərə qazın paylanılması üçün sayğac quraşdırılır: “Bu gün Azərbaycanda 20-30 min kilometrdən çox qaz kəmərləri mövcuddur. Hətta elə kəmər var ki, onu gündə iki dəfə yoxlayırlar. Elə kəmər də var ki, onu həftədə bir dəfə yoxlayırlar. Bu sayğacların və boru kəmərlərinin ölkəyə gətirilməsi də xərc tələb edir. Əslində, bu gün bütün bu xərcləri nəzərə alsaq, Azərbaycanda qaz aşağı qiymətə satılır”.

N.Qasımovun sözlərinə görə, bu gün qazın satış qiyməti onun evlərə çatdırılmasının dəyərindən aşağıdır: “Bəziləri deyir ki, Azərbaycanda əhaliyə səmt qazı verilir. Əgər səmt qazının tərkibində hidrogen-sulfid yoxdursa və yaxud qazın tərkibində havanın miqdarı 60%-dən çox deyilsə, yəni səmt qazının bir kubmetrində 50 qram ağır komponentlər – propan, butan, metan varsa, bunların birbaşa əhaliyə verilməsinə icazə var. Bu gün “Azəriqaz” İstehsalat Birliyinin təmin etdiyi istehlakçıların təbii qaza olan gündəlik tələbatı payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr civarındadır. Təbii ki, bunun hamısı da səmt qazı deyil, axı. Kimlərsə eşidib ki, səmt qazı deyilən bir qaz var, amma onlar fikirləşmirlər ki, bu qaz özbaşına göylə uça-uça gəlib əhaliyə və evlərə çıxmır”.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycanda qazın əhaliyə verilməsi sosial yönümlü addımdır, dövlət qazı heç bir mənfəət güdmədən verir, həm də minlərlə iş yeri yaradır:

“Qeyd etməliyik ki, geniş infrastrukturun xidməti ilə yanaşı, qazın paylanmasını həyata keçirən işçilərin əməkhaqqı da nəzərə alınmalıdır. Bu gün dövlət heç bir mənfəət güdmədən qaz çəkilişini həyata keçirir, qaz əhaliyə verilir, həm də “Azəriqaz” çoxsaylı insanları işlə təmin edir. Həm əhaliyə qazın çatdırılmasında mənfəət güdməmək, həm də vətəndaşlara daha çox iş yerləri yaratmaq sosial yönümlü, sosial niyyətli addımdır. “Azəriqaz” minlərlə insanı işlə təmin edən qurumdur. Bu gün “Azəriqaz”da 10 minə yaxın müqavilə ilə işləyən sosial işçi, 8 mindən bir qədər artıq isə ştatda olan işçi var. Bu, böyük rəqəmdir. Amma gələcəkdə ölkə başçısının həyata keçirdiyi islahatlar tam vüsət aldıqdan sonra ölkədə dayanıqlı iş yerlərinin daha da artması, həmçinin texnologiyaların inkişafı ilə bu sahədə çalışan insanların sayının azalması, onların digər sahələrə keçməsi istisna deyil. Yəni iqtisadiyyat daha da inkişaf etdikcə, yeni iş yerləri yaradıldıqca, insanlar digər sahələrdə çalışacaq. Belə halda qazın çatdırılmasının da maya dəyərinin düşməsi mümkün ola bilər. Bu halda qazın qiymətinin düşməsi istisna olunmur. Təbii ki, burada inflyasiya faktoru istisnadır. Yəni gələcəkdə qazın çatdırılmasının dəyəri bunun sayəsində düşə bilər. Hər şey iqtisadiyyatın inkişafı ilə bağlıdır. Təbii ki, hazırkı proseslər bunların mümkün olacağını göstərir”.




Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 22-12-2019, 09:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma