Xəbər lenti


Neftin qiyməti bahalaşmaqda davam edir. Cümə günü qeydə alınan 73 dollar həddi son olmayıb. Bazar ertəsi "Brent" markalı neftin ən bahalı partiyası 73,63 dollara satılıb.

Neft qiymətlərini artıma nə sövq edir? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, bir neçə faktorun “buket” halında bazara təqdim edilməsi iştirakçılar arasında pozitiv əhval-ruhiyyə üçün yaxşı şərait yaradıb. 

Ekspert bir neçə mühüm amilin qiymət artımına səbəb olduğunu qeyd edib: "OPEC-in qlobal bazarda gündəlik 2 mln barellik tələbi ilə bağlı proqnozu qiymətlərə müsbət təsir edib. Məhz bu hesabata görə, İran hətta bazara əlavə 1 mln. barel neft çıxartsa, OPEC+ çərçivəsində yumşaltmalar əldə edilsə, yenə də bazarda indiki qiymət stabilliyinin pozulması ehtimal edilmir, çünki yanacağa tələbat tədricən artır.
İkincisi, ABŞ-da avtomobil yanacağına olan tələbat pandemiyadan əvvəlki göstəricilərə çatıb. İnsanlar kütləvi peyvəndləmədən sonra daha inamla səyahət etməyə və kütləvi tədbirlərə qatılmağa başlayırlar.

Üçüncüsü, ABŞ-da yay mövsümü ilə əlaqədar təyyarə ilə gündəlik səyahət edənlərin sayı 2 mln. nəfəri keçib - aviakerosin sifarişi hər həftə artır".

İ. Şaban bildirir ki, dünya üzrə iqtisadi aktivliyin artması da neftin qiymətinin yüksəlməsini şərtləndirir. O, qeyd edir ki, ölkələr arasında 1 ildən çox sürən gediş-gəliş qadağaları ya yumşaldılır, ya da tamamilə ləvğ edilir və hər iki hal enerjiyə tələbatı artırır.

Nəhayət, ekspert sonuncu amil kimi Beynəlxalq Enerji Agentliyinin OPEC+ ölkələrinə çağırış etməsini əsas gətirir: "Həmin çağırışda deylirdi ki, “bəsdir, artıq bu qədər məhdudiyyətlər dövründə neft çıxartdınız, neftin vintilini açmağın vaxtıdır". EİA proqnozlarına görə, bu il qlobal bazarda neftə olan gündəlik tələbat 96,4 mln barel təşkil edəcək".

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 937          Tarix: 15-06-2021, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma