Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
“Transxəzər Qaz Kəməri Mərkəzi Asiyadan böyük təbii qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa enerji bazarlarına nəql etmək üçün nəzərdə tutulub. Bunun Mərkəzi Asiya və Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir”.
Ovqat.com xəbər verir ki, ispan dilli “La City” nəşrinin “Nəhayət, Transxəzər qaz kəməri üçün vaxt gəldi?” adlı məqaləsində belə deyilir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin analitiki Şahmar Hacıyevin Transxəzər qaz kəmərinin əhəmiyyətindən bəhs olunan məqaləsini təqdim edirik.
Birləşmiş Ştatlar bu layihəni ilk dəfə 1996-cı ildə təklif etmişdi. O vaxtdan bəri Transxəzər sualtı qaz kəmərinin (TQK) tikintisi gündəmdə qalsa da, başa çatdırılmadı. Transxəzər Qaz Kəməri Mərkəzi Asiyanın qaz ehtiyatlarını Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropa enerji bazarlarına nəql etmək məqsədi daşıyır. Bu, Mərkəzi Asiya ölkələrinin zəngin enerji ehtiyatlarının Avropa enerji bazarları ilə qovuşmasının iqtisadi cəhətdən ən səmərəli yoludur. Orta Asiyanın enerji xəritəsini dəyişməyi qarşısına məqsəd qoyan Transxəzər Qaz Kəmərinin əhəmiyyəti bundan ibarətdir: o, Rusiya və İrandan keçmədən təbii qaz ixrac edir. Əvvəllər Xəzər dənizində enerji hasilatı qarşısında iki əsas maneə var idi: a) beş sahilyanı dövlət arasında Xəzər sərhəd mübahisəsi; b) Xəzər dənizində hər hansı bir layihənin bu dənizin bütün sahilyanı dövlətləri arasında uzlaşdırılmasını tələb edən İranın və Rusiyanın mövqeyi.
Lakin son dörd il ərzində Xəzər və Cənubi Qafqazda ən nəzərəçarpan və dinamik dəyişikliklərin şahidi olduq. 21 avqust 2018-ci il tarixində iyirmi illik danışıqlardan sonra Xəzərin 5 sahilyanı dövləti (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı nəhayət imzaladılar. Daha sonra Azərbaycan və Türkmənistan ikitərəfli münasibətlərdə yeni səhifə açdılar ki, bunun kulminasiyası Azərbaycanın "Kəpəz", Türkmənistanın isə "Sərdar" adlandırdığı mübahisəli yatağın birgə kəşfiyyatı və işlənməsi haqqında 2021 - ci ilin yanvarında imzalanan Anlaşma Memorandumu oldu. Nəticədə, iki ölkə sualtı yatağın adının dəyişdirilməsinə razılıq verdi və ona həm Türkmənistan, həm də Azərbaycan dillərində eyni anlama gələn "Dostluq" adı qoyuldu. Bundan başqa, 2020-ci ilin sonunda Xəzər dənizindən təbii qazın birbaşa Avropaya çatdırılması məqsədi ilə inşa olunan Cənub Qaz Dəhlizi başa çatdırıldı.
Xəzər dənizində tikinti işlərinin aparılmasında əsas maneələr artıq aradan qaldırılıb. Xəzər Konvensiyası göstərir ki, layihədə iştirak edən ölkələr sualtı qaz kəmərlərini digər sahilyanı dövlətlərin razılığını almadan da inşa edə bilərlər. Bununla belə, Moskva və Tehran hələ də iddia edirlər ki, istənilən sualtı qaz kəməri bütün Xəzər sahilyanı dövlətlər arasında razılaşdırılmalıdır. Onlar bu iddialarında 2003-cü ilin noyabrında imzalanmış "Xəzər dənizi mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası" na (Tehran Konvensiyası) istinad edirlər.
Azərbaycan və Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi barədə Anlaşma Memorandumu Xəzər dənizində enerji əməkdaşlığı üçün yeni imkanlar açmışdır. Azərbaycan artıq 2021-ci ilin yanvar-aprel aylarında Avropa enerji bazarlarına 954 milyon kub metr (m3) Azərbaycan qazını nəql edib. İtaliya Azərbaycan qazının böyük hissəsini - təxminən 734 m3-ni alıb. İxrac olunan qazın 128 m3 və 92 m3 hissəsi isə müvafiq olaraq Yunanıstan və Bolqarıstana tədarük edilib. Transxəzər Qaz Kəməri Cənub Qaz Dəhlizinin Şərqə genişlənməsi ilə nəticələnəcək. Gələcəkdə isə Cənub Qaz Dəhlizinin qaz ötürmə qabiliyyəti artırılacaq.
Türkmənistan ilə Azərbaycan arasında enerji sazişi Türkmənistan enerji mənbələrinin Azərbaycanın mövcud enerji infrastrukturu vasitəsilə nəqlinə zəmin yaradacaq. Bu yataqdan Qərbə təbii qaz və xam neft ixracı iqtisadi cəhətdən səmərəlidir və buna görə də Xəzər dənizində hasilatın artırılması həm Avropa İttifaqı, həm də Türkmənistan üçün maraqlıdır. Sözügedən qaz kəməri həm Türkmənistan təbii qazının nəqlinə olan tələbatı diversifikasiya edir, həm də avropalı enerji istehlakçılarına Mərkəzi Asiyanın geniş enerji resurslarına çıxış imkanı verir.
Qaz ixracı Türkmənistanın sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Ölkənin neft-qaz sənayesinin inkişafı üzrə Milli Proqramı illik təbii qaz hasilatını 250 milyard kubmetrə qədər artırmağa yönəlib. Bunun da 70 faizdən çoxu ixrac yönümlüdür. Hazırda Türkmənistanın ixrac marşrutlarının şaxələndirilməsi üçün imkanları o qədər də çox deyil. Onun qazı əsasən Orta Asiya-Çin qaz kəməri ilə Çinə ixrac edilir. 2021-ci ilin yanvar ayında Türkmənistan Çinə 2,786 milyard kub metr təbii qaz ixrac edib ki, bu da qaz kəməri ilə tədarükün 60 faizə yaxınını təşkil edir. 2020-ci ildə Mərkəzi Asiya-Çin qaz kəməri Çinə 39 milyard kub metrdən artıq təbii qaz ixrac edib.
Rusiya-Türkmənistan arasında çəkilən qaz kəmərində 2009-cu ildə baş vermiş partlayışdan əvvəl (Türkmənistandan Rusiyaya qaz daşıyan kəmər 2009-cu ilin aprel ayında müəmmalı şəkildə partlamışdı. Rusiya bu kəmər vasitəsilə su qiymətinə aldığı qazı 3-4 dəfə baha qiymətinə Avropaya satırdı – Ovqat.com) Türkmənistan təbii qazının əsas alıcısı Moskva idi. Bundan sonra "Qazprom" kiçik satınalmaları bərpa etsə də, 2016-cı ildə onları tamamilə dayandırdı. Yalnız 2019-cu ildə “Qazprom” Türkmənistandan təbii qazın idxalına dair beşillik müqavilə imzaladı, lakin ildə yalnız 5,5 milyard kub metr həcmində. Qaz satışının azalması Türkmənistanın ixrac daxilolmalarına təsir göstərir. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin reallaşdırılmasında gecikmələr ölkə üçün daha bir problem yaradır.
Bütün dünyada təbii qazın qiymətinin son zamanlar artması bu problemin əhatə dairəsini daha da artırır. Azərbaycandan İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin başa çatması Türkmənistan və Avropanı Xəzər dənizinin təbii ehtiyatlarının hasilatını artırmağa təşviq edir. Çünki bu, Aşqabadın bir neçə ixrac marşrutundan asılılığını daha çox azalda bilər.
Azərbaycan və Türkmənistan arasında “Dostluq" enerji sazişi Xəzər dənizində enerji əməkdaşlığı üçün yeni bir dövr açıb. Belə bir əməkdaşlıq Xəzər dənizi regionunda əməkdaşlıq üçün zəmin yarada və bölgəsəl enerji təhlükəsizliyini möhkəmləndirə bilər. Avropanın təbii qaz sektorunda əldə olunan nailiyyətlər qaz mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsində həlledici amil kimi ortaya çıxır. Avropa İttifaqı və ABŞ Türkmənistanın Cənub Qaz Dəhlizində iştirakına dəstəyini artırmaq üçün bu imkandan istifadə etməlidirlər. Birləşmiş Ştatlarda artıq Dövlət Departamentinə layihənin həyata keçirilməsinə maddi yardım göstərməyə imkan verən yazılı qanunvericilik mövcuddur.
Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra regionun geosiyasətini dəyişdirdi. Hazırda sülh və inkişaf üçün nəqliyyat əlaqələrinin açılması və regional iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Xəzər layihəsi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, iqtisadi əməkdaşlığa və inkişafa kömək etmək sahəsində çox mühüm potensiala malikdir. Eyni zamanda, Avropa İttifaqının enerji tələbatını ən səmərəli yolla və Avropa Yaşıl Paktının prinsiplərini pozmadan ödəyə bilər. Bundan başqa, Transxəzər Ermənistana Türkmənistandan qaz almağa imkan verəcək; alternativ olaraq, Transxəzər sistemi Azərbaycan, Gürcüstan və Türkiyə arasında müəyyən edilmiş marşrut üzrə tikilərsə, Ermənistan Gürcüstan qaz kəməri sistemi ilə təchiz oluna bilər.
Tərcümə etdi: Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar