Neft sektorundakı mövcud vəziyyət yeni çağırışlara cavab verirmi?
Ovqat.com İcimai Birliklərin MSŞA Koalisiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının təşkil etdiyi “İnsan hüquqları əsaslı yanaşma: Azərbaycan neft sektorunda mövcud vəziyyət və yeni çağırışlar” adlı Dəyirmi Masa bu suala cavab axtarıb.
Tədbiri giriş sözü ilə açan İcimai Birliklərin MSŞA Koalisiyasının Şura üzvü İlham Hüseynli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd ictimai diqqəti ölkənin karbihidrogen ehtiyatlarının istismarı, bu sektorun idarə olunması, gəlirlərdən bəhrələnmə, bu sektorda insan haqlarının qorunması vəziyyəti, milli neft şirkətinin sosial məsuliyyət məsələləri və s. bu kimi problemlərə yönəltməkdir.
Tədbirdə HHT IB-nin sədri, İcimai Birliklərin MSŞA Koalisiyasının koordinatoru Himayət Rizvanqızı “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yeni çağırışlar aspektindən qiymətləndirildikdə” mövzusunda çıxış edib. O, öncə ARDNŞ-in yanama səbəbələri, yaradılmasının və fəaliyyətinin hüquqi əsasları, neft və qaz kimi milli sərvətlərin kimə mənsubluğu məsələlərinə toxunub, ARDNŞ-i bir şirkət kimi xarakterizə edən bəzi rəqəmləri təqdim edib, şirkətin ölkənin həyatında rolunu dəyərləndirməyə çalışıb.
Çıxışdan məlum olub ki, konsolidə edilmiş vergilər ödəyən ARDNŞ-in 2020-ci il üzrə dövlət büdcəsinə 1 mlrd. 450 mln. manat məbləğində vergi ödəməsi nəzərdə tutulub. Bu da büdcə gəlirlərinin 6%-ni təşkil edəcək. Şirkətdə 2018-ci il üzrə 8505 qadın (16.61%-), 42620 kişi (83,39%) olmaqla 51 125 nəfər çalışır.
H.Rizvanqızı çıxışında ARDNŞ-in “Sosial fəaliyyət və yerli inkişafa dəstək” istiqamətində fəaliyyətinə toxunaraq qeyd edib ki, şirkət 2018-ci ildə “Həlak olmuş və zərər çəkmiş işçilərin ailələrinə dəstək üzrə 2 408 nəfərə, cəmi 9 173 970 manat maddi yardim göstərilib.
İşçilərin mənzil şəraitlərinin yaxşilaşdirilmasi üçün mənzil növbəsində olan Bakı üzrə 2627, regionlarda 442 nəfərdən 80 nəfəri mənzillə və 189 nəfəri isə torpaq sahəsi ilə təmin olunub.
Şirkətdənkənar xeyriyyəçilik və sponsorluq fəaliyyətinə isə cəmi 4 614 715 manat vəsait ayırıb.
Çıxışında NHMT-ının 2018-ci il üzrə hesabatına istinadən ARDNŞ-də insan hüquqlari pozuntularına xüsusi yer ayıran və onlarla belə faktları qeyd edən H. Rizvanqızı sonda içtimayyəti iki məsələ ilə bağlı suallar ətrafında düşünməyə və araşdırmalara dəvət edib:
1) ARDNŞ-in –ixtiyarına Neft sektorunun bütün resurslari, xalqın təbii sərvəti verilmiş bir qurumun Azərbaycan xalqının həyatına (vergilər, əhalinin məşğulluğunda iştirak, sosial layihələrə ayırmalar, xeyriyyəçilik və s. nəzərə alınmaqla) qatqısı Şirkətin yaranma məqsədinə və xalğın gözləntisinə ekvivalentdirmi?
2) İnsan hüquqları aspektindən yanaşsaq və bu günkü ARDNŞ-i göz önündə bulundursaq, neft kimi strateji milli sərvəti ARDNŞ-in ixtiyarına vermək Azərbaycan xalqının hüquqlarının pozulması deyilmi?
Sonra hüquqşünas Mənsum Bayramov «Həssas qrupların, xüsusən əlilliyi olan insanların hüquq və imtiyazları: neft sektorunda bu hüquqların təminatı vəziyyəti» mövzusunda çıxış edib. M. Bayramov öncə tipiklik baxımından ötən ilin sonlarında ARDNŞ və əllillər arasında yaşanan insidentə diqqət ayırıb, onun baş verməsinə şərait yaradan amilləri və hüquqi boşluqları vurğulayıb. Eyni zamanda hətta məhkəmə müstəvisinə çıxarılmış bəzi işləri misal göstərərək neft şirkətində baş verən qanun pozutularını xarakterizə etməyə çalışıb. O həmçinin çıxışında Azərbaycan Respublikasının “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli qanunuyla, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 31 may 2018-ci il qanununu əlillərə verilən hüquq, imtiyaz və güzəştlər baxımından dəyərləndirib və 2-ci qanunla ləğv edilən 1-ci qanunu daha məqbul saydığını bildirib.
Çıxışçı müxtəlif qurumlarla, o cümlədən Neft Şirkəti ilə arzuolunmaz insidentlərin gələcəkdə də baş verməməsi üçün əlillərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsini, ölkənin 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyanın tələblərini nəzərə almağı vacib saydığını bildirib.
Daha sonra isə çıxışlar ətrafında müzakirələr başlayıb. MSŞA Koalisiyasının Şura üzvü Məlahət Mürşüdlü, Ellada Məmmədli o dövr hadisələrinin iştirakşısı kimi ARDNŞ-in ilk illərdəki sosial yönümlü fəaliyyətindən faktları iştirakçılarla bölüşüb və bu günlə paralellər aparıb. Daha sonra çıxış edən MSŞA Koalisiyasının Şura üzvü Fuad Həsənov, İlham Hüseynli, Jalə Cəfərova, Cəmil Hacıyev və başqaları Koalisiyanın belə tədbirləri davam etdirməsi, ölkənin EİTİ təşəbbüsünə qaytarılması tələblərinin gücləndirilməsi və s. təkliflər irəli sürmüşlər.
Paylaş: