Xəbər lenti

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan xaricə 68,8 milyon dollar dəyərində pambıq ixrac edib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə aşağıdır. Komitənin məlumatından o da məlum olur ki, azalma nəticəsində pambığın ölkədən ümumi ixracda payı da kəskin aşağı düşüb – ötən il pambıq ölkədən ixracın 1%-ni təşkil edirdisə, bu il həmin göstərici 0,43%-ə düşüb. Amma azalan təkcə pambığın həcmi deyil. Komitənin rəqəmlərinə əsasən, Azərbaycandan xaricə ixrac olunan pambığın qiyməti də ötən illə müqayisədə 30-40% aşağıdır.

Bəs strateji məhsul hesab edilən, Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm yer tutan pambığın ucuzlaşması və ixracın azalması ölkə iqtisadiyyatına necə təsir edəcək?

Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı-ekspert Cəfər İbrahimli xatırladıb ki, 2023-cü ildə satılan pambıq, 2022-ci ildə istehsal edilmiş pambıqdır:

“Yəni, rəqəmləri daha detallı tədqiq edəndə aydın olur ki, 2021-ci illə müqayisədə 2022-ci ildə 35 min ton çox pambıq istehsal olunub. Rəsmi rəqəmlərə görə, Azərbaycanda 2022-ci ildə pambıq istehsalı artıbsa, həm pambıq lifi, həm də xam pambıq şəklində ixrac çoxalmalı idi. Sadəcə dünyada pandemiyadan sonra gözlənilən qlobal problemlər qiymətlərin və tələbin azalmasına gətirib çıxarıb. Bu mənada ilk beş ay ərzində rəqəmlərin az olduğunu görürük. Qiymətin aşağı düşməsi də bununla bağlıdır. Ona görə, pambıq ixracından gələn gəlirlər azalmış kimi təsir bağışlaya bilər.

Ümumiyyətlə, proqnoza əsasən, 2023-cü ilin sonuna qədər 2022-ci illə müqayisədə pambıq ixracından ölkəyə daha çox vəsait daxil olacaq. Qiymət aşağı olduğundan gəlirdə fərq az hiss edilə bilər, amma həcm baxımından daha çox xam pambıq və iplik ixrac olunacaq”.

İqtisadçının fikrincə, pambıq Azərbaycan üçün yaxın illərdə də strateji məhsul olaraq qalacaq və bu, daha çox istehsal edilməlidir:

“Qonşu ölkələrdən olan Rusiya və Türkiyə ciddi pambıq idxal edən ölkələrdir. Ümumiyyətlə, bütün dünyada pambığımıza tələb davam edir. Xüsusilə, quraqlıq səbəbindən pambığın istehsalının azalma ehtimalları da artır. Ona görə, pambığı istehsal edib, sata bilməmək kimi bir problemimiz olmayacaq. İplik və xam pambıq şəklində digər ölkələrə idxal etmək imkanımız böyükdür və vəziyyət yaxın illərdə də belə davam edəcək.

Daha yaxşı imkanlar da düşünə bilərik. Məsələn, Özbəkistan variantına baxaraq, xam pambıq şəklində deyil, iplik və yüngül sənaye məhsulu kimi ölkə daxilində istehsal edib, hazır məhsul kimi satmaq mümkündür. Pambıq həmişə strateji məhsuldur, bütün istiqamətlərdə inkişaf etdirilə bilər. Bunu mümkün olduğu qədər çox becərməyə ehtiyac var”.  

Aysel Aslan




Ana səhifəyə qayıt        Baxış: 3 329          Tarix: 5-07-2023, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma