Xəbər lenti
Azərbaycanın "AB Farma" şirkətinin istehsal etdiyi Naftalan məlhəminin (mazının) Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a bildiriblər ki, Qazaxıstanda olan Azərbaycanın 19 yerli şirkətinin daxil olduğu ixrac missiyası bu gün Astanada aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib.
Otuzdan çox Qazaxıstan iş adamının, eləcə də distribüter şirkətlərlə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və Qazaxıstan iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qazaxıstana ixrac imkanlarına dair müzakirələr aparılıb. Danışıqlar zamanı Qazaxıstan şirkətləri Azərbaycan istehsalı olan şərab və spirtli içkilərə, meyvə-tərəvəz məhsullarına, tikinti materiallarına və Naftalan neftinə xüsusi maraq göstəriblər.



Ana səhifəyə qayıt        Baxış: 963          Tarix: 25-04-2017, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma