Elçin Qurbanov
Mülki və ya xidmət müqavilələrinin ləğv edilməsi barədə hörmətli S. Müslümovun təklifi anlaşılmazdır. Birbaşa mülki qanunvericiliyin müvafiq tələbləri ilə zidiyyət təşkil edir. Digər tərəfdən isə bu məsələ sosial biznesin inkişafına qarşı yönəlir. Xırda əqdlərin, sövdələşmələrin, mülki hüquq fəaliyyət qabiliyyəti olmayan lakin sahibkarlıq fəaliyyəti kimi qeydiyyata cəlb etməklə mülki hüquq fəaliyyət qabiliyyətinin erkən yaradılması yolu ilə icbari sosial sığorta ödənişlərinə cəlb edilməsi halları da nəzərə çarpan hallardandır. Daha çox diqqət yönəldilməli məsələ muzdlu işə müvəqqəti cəlb edilən şəxslərin sosial sığorta haqlarının və rüblük hesabatlarda onların əməkhaqlarının əks edilməsində yaranan problemlərdir.
Çoxsaylı müraciətlər nəticəsində məlum olmuşdur ki, şadlıq evlərində masa xidmətçilərinin (ofisiant), hamam sağlamlıq mərkəzlərində kisəçi, masajçı və oxşar fəaliyyətlə məşğul olan vətəndaşların günəmuzd qaydada əmək münasibətlərini tənzimləyən əmək müqavilələrinin bağlanması iş günlərinin az olması üzündən bir çox hallarda problemlərlə qarşılaşmasına səbəb olur. Məsələn, şadlıq evində təqvim ayı ərzində beş və ya on sayda toy şənliyi olarsa, xidmətçinin aldığı hər iş günü üçün 10 və ya 12 manat xidmət haqqı təqvim ayı ərzində minimum əməkhaqqı məbləğindən aşağı olduğu üçün DSMF tərəfindən kameral hesablamalara səbəb olur. Bu da sahibkarların qanuni mənafeyinin pozulması ilə müşahidə olunur. Ona görə də bu problemin həlli üçün elektron hökumət portalında elektron müqavilənin şərtləri bütün meyarları əhatə etməli və hesabatların qəbulunda nəzərə alınmalıdır.
Yenidən qayıdıram mülki müqavilələrin mahiyyətinə, öncə qeyd etməliyəm ki, istənilən nazirin, komitə sədrinin, mərkəzi və yerli icra qurumlarının rəhbərlərinin və digər vəzifəli şəxslərin evlərində, villalarında onlarla, bəzilərində isə yüzlərlə qulluqçu əməyi istismar olunur. Bu münasibətlər şifahi əqdlərlə gerçəkləşdirilir. Hansı ki, xoşlarına gəlməyəndə haqqı ödənilmədən qovulanlar da olur. Bəs, nə üçün vətəndaş üçün xidmət müqaviləsinin rəsmiləşdirilməsi qadağan edilməlidir? Əgər vergi ödəyicisi olmayan vətəndaş əmək müqaviləsi bağlamaqdan imtina edirsə, bu, onun Konstitusiya ilə qorunan hüququdur. Heç kəs məcburi şəkildə əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əgər qarşı tərəf ona verdiyi əməkhaqqından ödəmə mənbəyində vergi tutub büdcəyə vergi şəklində ödəyirsə, bu da kifayətdir. Hansı ki, vəzifəli şəxslər ümumiyyətlə heç bir ödəniş həyata keçirmirlər. Vətəndaş, qoy, özü sosial müavinət üçün yığımlar barədə sərbəst qərar qəbul etsin. Belə şəxslər üçün daimi iş yeri yoxdursa, onlar nə üçün əmək müqaviləsi bağlamalı və əldə etdikləri cüzi gəlirdən 25 faiz DSMF-na vəsait ödəməlidirlər?
Hörmətli S. Müslümov, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə, mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Burada qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulur. Ona görə də mülki müqavilələrin ləğv edilməsi, hər hansı əmək münasibətlərinə tətbiq olunmasının məhdudlaşdırlması barədə iddia hüquqa ziddir. Hesab edirəm ki, mənim sadaladığım problemlər hələ ümumi problemlərin cüzi bir hissəsidir.
Paylaş: