Olimpiya oyunları həm də böyük beynəlxalq biznesdir. Bu biznesin dövriyyəsi onlarla, yüzlərlə milyard dollardır.
Bunu Teleqraf.com-a fevralın 8-də Cənubi Koreyanın Pxençxan şəhərində start götürən XXIII Qış Olimpiya Oyunlarında Rusiya idmançıları ilə bağlı yaşanan vəziyyətə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının daimi favoritlərindən hesab olunan Rusiya Pxençxanda dopinq qalmaqalına görə öz bayrağı altında yarışa bilmir. Şimal qonşularımızın 168 idmançısı Cənubi Koreyada Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparır. Yarışlar zamanı Rusiya bayrağının qaldırılmasına, himninin səsləndirilməsinə, Rusiya gerbinin, ümumiyyətlə, Rusiyaya aid hər hansı rəmzin nümayiş etdirilməsinə qadağa qoyulub. Rusiya idmançıları olimpiadanın sənədlərində, təqdimatlarında «Rusiyadan olan idmançılar» kimi təqdim olunur.
Z.Əlizadə deyib ki, Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı alçaltsa, bəzən əsaslı, çox zaman isə əsassız olaraq rus idmançılarını cəzalandırsa da, Rusiya Prezidenti Vladimir Putin bu biznesə görə öz idmançılarını Pxençxana göndərdi:
«Çünki Putin Rusiyanın xeyli gəlir gətirən bu biznesdən kənarda qalmasını istəmir. Görürsünüz, Rusiya rəhbərliyi 2018-ci il iyunun 14-15-də futbol üzrə FİFA dünya çempionatının final oyunlarının keçirilməsini öz ölkəsində təmin etdikdən sonra 2-12 mart 2019-cu ildə Krasnoyarskda tələbə-gənclər arasında Ümumdünya Qış Universiadası keçirmək təşəbbüsü ilə çıxış etdi. Bunun üçün də çoxlu obyektlər tikirlər. Ona görə də Rusiya bütün bu təzyiqlərə, o cümlən Beynəlxalq Olimpiya Komitəsinin təzyiqlərinə dözür, onları udur və idmançılarını yarışlara göndərir. Beynəlxalq Arbitraj Məhkəməsi Rusiya idmançılarına bundan sonra da bu ölkənin bayrağı altında çıxış etməyə icazə verməsə də, onlar yarışlara gedəcəklər».
Z.Əlizadə qeyd edib ki, Rusiya idmançılarına qadağa qoyulması 2014-cü ilin martında Krımın ilhaqından sonra Rusiyaya tətbiq edilən sanksiyaların, bu ölkəni beynəlxalq aləmdən təcrid etmək siyasətinin tərkib hissəsidir:
«Yüksək peşəkar idmanın hamısında dopinq var. Dopinq almanlarda da, ingilislərdə, amerikalılarda, norveçlilərdə, isveçlilərdə, bir sözlə, hamısında var. Sadəcə, bəzilərini bununla tutur, ilişdirirlər, bəzilərini tutmurlar. Bu bilirsiniz nəyə bənzəyir? Məsələn, Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevi böyük həcmdə rüşvət ittihamı ilə tutub qazamata saldılar. Yaxşı, bəs nə qədəri içəri salınmayıb? Oğurlamayanı varmı? Amma bunu tutublar. İndi rus idmançıları da dopinq qəbul etdikləri üçün tutublar. Amma amerikalıları, fransızları, norveçliləri tutmurlar. Çünki özününkülərdir».
Paylaş: