Xəbər lenti

 

Dövlət Neft Fondu tərəfindən bu ilin sentyabr ayı ərzində valyuta hərraclarında 394,8 milyon dollar məbləğində vəsait satılıb.

Fondun bu gün yaydığı məlumatda belə deyilir.

Məlumata görə, bu da öncəki ayla müqayisədə 2 dəfə azalma deməkdir. (ARDNF avqust ayı ərzində valyuta bazarına 733,7 mln. ABŞ dolları satmışdı).

Bəs, görəsən, Azərbaycanın valyuta bazarında dolların həcminin azalmasını yeni devalivasiyanın xəbərçisi saymaq olarmı? Axı dünya bazarında neftin qiymətinin getdikcə artması fonunda bu versiya az inandırıcı görünür. O halda valyuta bazarına daha az xarici valyuta satılması nə ilə bağlıdır?

Eudit.az-ın suallarını cavablandıran Azərbaycan Auditorlar Palatasının Hüquq və Qanunvericilik şöbəsinin sədri, iqtisadçı ekspert Elçin Qurbanov bu ehtimalı istisna etdi. Onun fikrincə, valyuta bazarına daha az dollar satılması ölkədə aparılan iqtisadi və gömrük siyasətilə əlaqədardır:

 

“Əksəriyyətimiz gömrük orqanlarının fəaliyyətinin məqsəd və vəzifələrini büdcənin doldurulması kimi başa düşür. Əslində isə gömrük siyasətinin əsas məqsədi yerli istehlak həcminə uyğun idxal və ixrac potensialını müəyyən etmək, yerli istehsalı kənar və haqsız rəqabətdən qorumaq, ixracı stimullaşdırmaqdır. Gömrük komitəsi bu görəvi Sənaye və İqtisadiyyat Nazirliyi,Vergilər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bank ilə birlikdə komissiya şəklində müəyyən etməlidir. Gömrük komitəsi heç bir halda bu işi təkbaşına görə bilməz. Birgə fəaliyyət kənd təsərrüfatı məhsullarının, qida və qeyri-qida sənaye məhsullarının idxal həcmini , tələb və təklif meyarları (həmçinin qiymətlər) nəzərə alınmaqla tənzimləməlidir. Bu gün bu məsələlərin hansı şəkildə tənzimlənməsi o qədər də aydın deyil. Əsas odur ki, kor təbiilik olmasın.

O ki qaldı Dövlət Neft Fondundan valyuta bazarına satılan dolların həcmindəki azalmalar barədə sualınıza, bu o demək deyil ki, yeni devalvasiya dalğası gözləniləndir. Məlumdur ki, dünya bazarlarında azərbaycan brendi ilə satılan neftin qiyməti demək olar ki, 83 ABŞ dollarıdır. Dollarla bağlı bazarda hər hansı defisit gözlənilmir”.

Elçin Qurbanovun fikrincə, valyuta bazarına dollar satışının azaldılması gömrüklə bağlı məhdudiyyətlərdən qaynaqlanır: “Hər kəsə aydındır ki, son bir neçə ayda idxal məsrəflərində idxalçılar üçün ciddi maliyyə riskləri yaranıb. Əlavə xərclər, xüsusi antidempinq və kompensasiya rüsümlarının tətbiqi, gələcəkdə mövsümi rüsumların tətbiqi idxalı stimullaşdırmır. Bu isə yerli bazarı milli məhsulun istehsalı ilə tənzimləmək və yerli istehsalı inkişaf etdirməkdir. Belə konservativ gömrük siyasəti valyuta bazarına da əsaslı təsir göstərir. Ona görə də  valyuta hərracına çıxarılan dolların kəmiyyət ifadəsi azala bilər”.




Ana səhifəyə qayıt        Baxış: 1 151          Tarix: 2-10-2018, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma