Bu gün avqustun 19-da Moskva birjasında keçirilən hərraclarda rublun məzənnəsi kəskin aşağı düşüb. Virtualaz.org xəbər verir ki, hərracın nəticələrinə görə 1 ABŞ dolları 67 rublu keçib, başqa sözlə Rusiya milli valyutası 1 faizdən çox dəyər itirib. Sonuncu dəfə rubl 2019-cu ilin fevralında bu qədər ucuzlaşmışdı və dollar 67 rubl həddini keçmişdi.
Rusiya valyutasının zəifləməsinin “günahkarı” isə yenə də ABŞ prezidenti Donald Trampın smartfonudur, yəni Ağ ev rəhbərinin Twitter-bloqunda yazdıqlarıdır. Adətən öz bəyanatlarını və qərarlarını, planlarını tvitlərlə çatdırmağa vərdiş etmiş Tramp yazıb ki, 2019-cu il sentyabrın 1-dən etibarən Çindən ABŞ-a idxal edilən bütün digər mallara da idxal rüsumu tətbiq ediləcək. Habelə Tramp Rusiyaya qarşı “Skripalların işi” üzrə bu günlərdə yeni sanksiya tətbiqi barədə fərman imzalayıb.
Trampın Çinlə ticarət müharibəsindən neftin qiyməti də bir qayda olaraq öz payını alır. Məhz bu ticarət müharibəsinin nəticəsi olaraq neft artıq üç həftəyə yaxındır 60 dollardan ucuz satılır. Hələlik isə neftin qiymətində sonrakı ucuzlaşma baş verməyib, “Brent” markalı neftin bir barelinin qiyməti 59 dollara yaxındır.
Paylaş: