Xəbər lenti

 

Xalq narazılığının qarşısını ala bilməyən Osmanlı vəzirlərindən biri istefaya getmək məcburiyyətində qalır və yerinə təyin olunan xələfinə içərisində üç zərf olan bir mücrü hədiyyə edir. Xələfinə onu da məsləhət görür ki, çarəsiz vəziyyətə düşəndə hər dəfə mücrüdəki zərflərdən birini açıb məktubu oxusun və orada yazılanları qeyd-şərtsiz yerinə yetirsin.

Yeni vəzir işə başlayandan bir müddət sonra ölkədə vəziyyət qarışır. Xalq baş alıb gedən problemlərə qarşı üsyana qalxır. Üsyanı yatıra bilməyəcəyini anlayan vəzir çarəsiz vəziyyətdə nə edəcəyini fikirləşir. Birdən yadına sələfinin ona əmanət kimi yazıb qoyduğu məktublar düşür. Axtarıb mücrünü tapır və üzərində “1-ci məktub” yazılan zərfi açır. Məktubda “Sələflərini günahlandır, bütün günahları onların boynuna yıx, vəziyyətdən çıx” yazıldığını görüb nə edəcəyinə qərar verir. Dərhal xalqın qarşısına çıxaraq ölkədə yaranmış bütün problemlərin günahını özündən əvvəlki vəzirin üstünə atır və onu edam etdirir. Sadəlövh kütlə “əsl günahkarın” tapıldığına sevinir və tezliklə vəziyyətlərinin yaxşılaşacağına inanaraq sakitləşir. Ümidlə yeni islahatları gözləyir.

Fəqət heç nəyin dəyişmədiyini görən xalq az müddətdən sonra yenə ayağa qalxır. Sələfi günahlandırmaq artıq işə yaramayanda vəzir mücrüdəki ikinci məktubu açır. Məktubda “Ətrafını günahlandır, bütün günahları onların boynuna yıx və vəziyyətdən çıx” yazılıbmış. Vəzir yenə xalqın qarşısına çıxıb əyan-şərəfinin – nazirlərin, komitə rəhbərlərinin, administrasiya rəhbərinin pis işlədiyini, ölkədəki vəziyyətin bu səbəbdən arzuolunmaz məcraya yönəldiyini etiraf edərək, bir neçə iri məmuru cəzalandırır. Asdığını asır, kəsdiyini kəsir. Xalq bu dəfə də vəzirin ədalətinə inanır, yenə islahatlara ümid bəsləyə-bəsləyə bir müddət daha gözləyir.

Amma gözləməyin əbəs olduğunu başa düşüncə, daha əzəmətli və qəzəbli şəkildə saraya hücuma keçir. Canını narazı kütlənin əlindən zorla qurtaran vəzir özünü hövlnak mücrünün üstünə atır. Üçüncü zərfi də açıb oxuyur: “Üç məktub da özün yaz və sonunu gözlə!”

Heydər




Ana səhifəyə qayıt        Baxış: 340          Tarix: 24-10-2019, 19:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma