Xəbər lenti

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 40 il əvvəl ölkənin İslam quruluşunu qorumaq və nizamlı silahlı qüvvələrini balanslaşdırmaq məqsədiylə yaradılıb.

O vaxtdan bəri bu qurum İranda aparıcı hərbi, siyasi və iqtisadi qüvvəyə çevrilib, Ali rəhbər Ayətullah Əli Xameneyi və bir çox digər yüksək vəzifəli şəxslərlə bu qurumun sıx əlaqələri var.

İİKK-nin 150 minlik şəxsi heyəti, quru, dəniz və hava qüvvələri var, bu struktur eləcə də İranın strateji silahlarına nəzarət edir.

İİKK-nin nəzarət etdiyi daha bir qurum hərbiləşdirilmiş Bəsic Müqavimət Qüvvələridir. Bu qurum ölkə daxilində dissindentləri cilovlamaqda iştirak edir.

İİKK həmçinin iqtisadiyyatın idarəçiliyində mühüm rola malik olan bonyadları – xeyriyyə fondlarını – öz nəzarəti altında saxlayır.

Xarici əməliyyatlara cavabdeh olan Qüds Qüvvələri adlı İİKK-nin bölümü müttəfiq hökumət və silahlı qruplara maliyyə, texnologiya, təlim və məsləhət verməklə Yaxın Şərqdəki duruma təsir göstərir.

Bu cür fəaliyyətinə görə xarici hökumət qurumu olan İİKK ABŞ-da “xarici terrorçu təşkilat” tanınıb.

İran, terrorçuları dəstəklədiyi barədə ittihamları rədd edir və bildirir ki, Yaxın Şərqdə sabitliyi pozan ABŞ-dır.

 

İnqilab keşikçiləri

 

1979-cu ilin inqilabına qədər Şah Məhəmməd Rza Pəhləvi ölkənin və hakimiyyətinin təhlükəsizliyinin qorunmasını orduya həvalə edirdi.

İnqilabdan sonra Ayətullah Ruhulla Xomeyni hökuməti başa düşdü ki, onlara da hakimiyyəti və inqilab ideallarını müdafiə edəcək bir qüvvə lazımdır.

Odur ki, ruhanilər İranın sərhədini və daxili intizamı qorumaq üçün həm nizamlı Ordu (Arteş), həm də İslam quruluşunu qorumaq üçün ayrıca Keşikçilər Korpusunu (Sepah-e Pasdaran) nəzərdə tutan yeni konstitusiya yaratdılar.

Praktikada bu qurumların fəaliyyət dairəsi bir çox hallarda üst-üstə düşüb.

Nizamlı ordudan sayca 300 min az olan İİKK İranın aparıcı hərbi qüvvəsi sayılır və ölkənin əsas hərbi əməliyyatlarını yerinə yetirib.

İİKK strateji əhəmiyyətə malik Hörmüz boğazında keşik çəkir.

Bu qüvvələrə məxsus kiçik qayıqlar, deyildiyi kimi, İranın ərazi sularına yaxınlaşan ABŞ hərbi gəmilərinin qabağını kəsiblər, xarici gəmiləri saxlayıblar və ya onları hərəkət istiqamətlərini dəyişməyə məcbur ediblər.

İİKK-nin hava qüvvələrində hərbi təyyarələr olmasa da, bu qurum İranın raket sistemlərinə nəzarət edir.

ABŞ bildirib ki, İran Yaxın Şərqdə ən iri ballistik raket qüvvələrinə malikdir, o cümlədən, İran 10-dan çox ballistik raket sisteminə artıq malikdir və ya onlar istehsal olunmaqdadır.

İranın ehtiyatında yüzlərlə raket var.

2018-ci ildə İran ballistik raketlər vasitəsiylə İraqın şimalında bazalar qurmuş İran kürd qiyamçı qruplarına və Suriyada özünü İslam Dövləti (İD) adlandıran qrupun mövqelərinə zərbələr endirib.

Lakin ola bilsin ki, İİKK-nin son illərdə ən mühüm bölümü Qüds Qüvvələri olub. İran hökuməti bu qüvvələrdən xarici siyasət hədəflərinə nail olmaq üçün istifadə edir.

İran Suriyadakı münaqişədə Qüds Qüvvələri nin rolunu etiraf edib. Bu qurum prezident Bəşər əl-Əsədə sadiq qüvvələrə məşvərətçilik yardımı göstərib və minlərlə şiə döyüşçüsünü silahla təmin edib.

Qüds Qüvvələri eləcə də İraqda şiələrin çoxluq təşkil etdiyi hərbiləşmiş qrupları dəstəkləyib, həmin qüvvələr isə İŞİD-i məğlub etməyə kömək edib.

Bu münaqişələr nəticəsində bir vaxtlar az tanınan komandir, general-mayor Qasım Süleymani İranda məşhur simaya çevrilib.

Trump administrasiyası iddia edir ki, Qüds Qüvvələri Livanın Hizbullah hərəkatı və Fələstinin İslam Cihadı kimi “terrorçu qrupların” dəstəklənməsində “başlıca mexanizmdir” və həmin qrupları maliyyə, təlim, silah və avadanlıqla təmin edir.

ABŞ eləcə də Qüds Qüvvələri yeddi qitədən beşində ortaq qurumlar vasitəsiylə terror hücumları həyata keçirməkdə və ya hazırlamaqda ittiham edib.

2011-də, iddialara görə, Qüds Qüvvələri Səudiyyənin ABŞ-dakı səfirini Georgetown şəhərindəki restorana bomba atmaqla qətlə yetirmək planında iştirak edib.

Ötən ildə isə Almaniya məhkəməsi Qüds Qüvvələri əməliyyatçısını Almaniya-İsrail qrupunun keçmiş başçısı və onun çevrəsini izləməkdə ittiham edib.

Xəbərlərə görə, İranda 2015-ci ildən bəri 30-dan çox ikili vətəndaşlığı olan şəxslərin həbsində İİKK-nin iştirakı olub. Həbs olunanlar arasında britaniyalı-iranlı qadın Nazanin Zaghari-Ratcliffe – də var.

 

İqtisadi güc

 

İİKK İranın dünyəvi təsisatlarında da geniş təmsil olunub.

Hərbiləşdirilmiş təşkilat olan Bəsic Müqavimət Qüvvələrində 100 000-dək könüllü kişi və qadın qulluq edir.

Bəsic qüvvələri inqilaba sadiqdir və tez-tez dissident çıxışları yatırtmaq üçün səfərbər olunur.

İİKK və Bəsic 2009-cu ildə prezident Mahmud Əhmədinejadın mübahisəli təkrar seçilməsindən sonra müxalifətin təşkil etdiyi kütləvi etirazları yatırtmaqda əsas rol oynayıb.

O vaxtlar onlarla müxalifət tərəfdarı öldürüldü, minlərlə adam tutuldu.

İİKK-nın xalqdan və Ayətullah Xomeynidən aldığı geniş dəstək bu strukturu İran siyasətinin güclü oyunçusuna çevirib.

Keçmiş İİKK zabitləri hökumətdə, parlamentdə və digər qurumlarda mühüm vəzifələr tutublar. Onların arasında Mahmud Əhmədinejad, parlamentin spikeri Əli Laricani və Məşvərət Şurasının katibi Möhsün Rezai də var.

İİKK zabitləri tez-tez hökumətin yürütdüyü siyasəti tənqid edirlər.

Baş komandir, general-mayor Məhəmməd Əli Cəfəri 2015-ci ildə dünyanın aparıcı qüvvələriylə nüvə sövdələşməsi bağlanarkən prezident Həsən Ruhani tərəfindən edilmiş güzəştləri nümayişkaranə tənqid etdi.

Güman edilir ki, İİKK ortaq şirkət və fondlar vasitəsiylə İran iqtisadiyyatının üçdə birinə nəzarət edir.

Hərbi sənaye ilə yanaşı İİKK mənzil tikintisində, bəndlərin və yolların inşasında, neft-qaz layihələrində, ərzaq, nəqliyyat və hətta təhsil və mədəniyyət sahəsində də fəal iştirak edir.

İİKK-nin mühəndis-texniki qanadı – Xətəm əl-Ənbiyənin (qısa olaraq Ğorb) on minlərlə işçisi olduğu güman edilir. Təxminlərə görə, bu qurum inşa və texnoloji layihələr vasitəsiylə milyardlarla dollar qazanır.

Prezident Ruhani İran iqtisadiyyatının vəziyyətinə görə qınaqla üzləşəndə tez-tez İİKK-nin genişlənən biznes imperiyasını tənqid edir.

Çıxışlarından birində prezident Ruhani bu qurumu ictimai sektoru “vahiməyə salan” və “əlində silahı olan hökumət” adlandırmışdı.

BBC




Ana səhifəyə qayıt        Baxış: 1 394          Tarix: 4-01-2020, 19:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma