Xəbər lenti

  

 

Hakimiyyət gücünü qoruyub saxlaya bilir. Bu ömrün nə qədər sürəcəyi barədə dəqiq fikir söyləməyə tərəddüd etsəm də, əminliklə onu deyə bilərəm ki, yaxın zamanlarda bu dəyişikliyə şahidlik etmək şansını yaşamaq insanlarımıza nəsib olmayacaqdır. Mümkündür ki, vaxt hələ bir az da uzansın.

Söz güləşdirmək, çox danışıb, yalnız özünü göstərməklə ümumxalq məqsəd və vəzifələri reallaşdırmaq cəhdi birmənalı olaraq yalnış və səmərəsiz yoldur. Tapdanmış mübarizə metodlarından uzaqlaşıb müasir tələblərə uyğun cəsarətli siyasi addımlar atılmadıqca hakimiyyət özünü daha arxayın apararaq heç bir məsuliyyət duymadan istədiyini hərəkətə gətirməkdən çəkinməyəcəkdir.

Ölkədə siyasi gerçəklik təəssüf ki, bu gün bu vəziyyətdədir. Nə qədər danışmaq və ya nə qədər sabah gəlirik, birigün hakimiyyətdəyik, deyə mənasız, aldadıcı sözləri səsləndirmək olar?! Axı nə qədər!? Biri ordan aldadır, biri burdan?! Ancaq qəti fərqində deyillər ki, bununla həm iqtidar, həm də müxalifət insanların ümidlərini qırırlar. Yenə də qazanan hakimiyyət olur və yerini möhkəmləndirir. Bu baxımdan iddiamın üzərində israrla ona görə dayanıram ki, hələ ki onu yıxa biləcək hazır siyasi qüvvə görə bilmirəm.

Doğrudur, özünü bu pilləyə hazır bilənlərin sayı çoxdur. Mən bunu siyasi bədbəxtlik hesab edirəm. 27 illik köhnəlmiş hakimiyyətin 27 illik köhnəlmiş müxalifətin fərasət və cəsarətinin haraya qədər işləyə biləcəyini gözəl anladığından ondan qorxu-hürküsü deyilən bir şeyi yoxdur. Söz və bəyanatlar, ardı-arası kəsilməyən və özünü doğrultmayan açıqlamalarla hökuməti yıxmaq mümkün olsaydı, onda gərək bizim iqtidar barmaq silkələmək əvəzinə çoxdan siyasi meydanı tərk edib öz işinin dalınca gedəydi... Bu gedişlə köhnə müxalifət deyəsən, təkrar 27 il döyüşməli olacaqdır...

Eldar Sabiroğlu




Ana səhifəyə qayıt        Baxış: 2 301          Tarix: 21-03-2020, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma