Xəbər lenti

  

 

Bəzən Azərbaycana yaxın dövlətlərdə belə, ermənilərin maraqlarını ifadə edən qərarların və ya bəyanatların verilməsi hallarına rast gəlir və buna çox üzülürük. Sözsüz ki, bu hallar erməni təbliğatının ciddi fəaliyyətindən, bizim diaspor təşkilatlarının yarıtmazlığından qaynaqlanır. Digər önəmli səbəblərdən biri isə dövlət qurumlarımızın öz fəaliyyətlərini yetərincə yerinə yetirməməsidir. Halbuki, mədəniyyət birliyi, tale ortaqlığı Azərbaycanın qardaş ölkələri öz tərəfinə çəkməsini xeyli asanlaşdıra bilər. Bunun üçün isə ciddi işə və təşkilatçılığa ehtiyac var.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiq və digər bənzər təşkilatlar üçün əsl nümunədir. Mədəniyyət Mərkəzinin son zamanlar Özbəkistanda keçirdiyi bir çox tədbirlər dediklərimizi təsdiqləyir. Mərkəzin xüsusilə Qarabağın mədəni nümunələrinin təbliğinə həsr etdiyi tədbirlər özbək qardaşlarımıza Azərbaycan xalqının mədəniyyətini təbliğ etmək və Qarabağ ağrısını xatırlatmaqla qalmır, bu ölkənin yaradıcı insanlarını də bu mövzuda əsərlər qələmə almağa çalışır. Bu isə çox mühüm məsələdir. Çünki bir xalqa onun öz yaradıcı insanlarının diliylə fikirlərini çatdırmaqla daha effektli nəticələr əldə etmək olar.

 

Bu yaxınlarda internet üzərindən tanış olduğum özbək müğənnilərinin ifasında səsləndirilən “Qarabağ” mahnısının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlandığını görəndə qətiyyən təəccüblənmədim. Zira son zamanlar Mədəniyyət Mərkəzinin Qarabağ həsr edilmiş xeyli tədbirlərindən xəbərdar idim və onlardan bir çoxunun xəbərini Ovqat.com vasitəsilə oxucularımıza çatdırmışdım. Mənə maraqlı gələn isə bu mahnının 2018-ci ildə hazırlanması idi. Bu fakt sübut edir ki, Mədəniyyət Mərkəzinin Qarabağın tanıdılması istiqamətində fəaliyyəti yeni başlamayıb və həmin təşəbbüsün ən azı 2 illik yaşı var

Kim bilir, bəlkə də bu özbək balasının öz şirin ləhcəsi və tar ifası ilə eyni mahnını oxuması da Mədəniyyət Mərkəzinin birbaşa xidməti və ya bu xidmətin dolaylı nəticəsidir.

 

Özbəksitandakı Azərbaycan Mədəniyyət Mərkəzi bu nəcib təşəbbüsünə indiyədək ara verməyib. Mərkəzdən saytımıza verilən məlumata görə,  “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihədə növbəti tədbir Əbdürəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunacaq.

Məlumatı olduğu təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında  31 yanvar 2020-ci il tarixli, 1784 nömrəli Sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırılır.

Azərbaycan Mədəniyyət Mərkəzi  “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcəkdir.

  

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd və regionlarda, habelə Özbəkistan universitetlərində yaradılmış Azərbaycan ocaqlarında il ərzində “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması “Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı  dəyirmi masa və seminarların keçirilməsini,  ədibin əsərlərinin özbək dilinə tərcümə edilməsini, Əbdürəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmənin yaradılmasını, habelə özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub”.

Biz də öz növbəmizdə Ovqat.com adından Mədəniyyət Mərkəzinin bu nəcib təşəbbüsünü alqışlayır və qurumun rəhbəri Samir Abbasova uğurlar arzulayırıq.




Ana səhifəyə qayıt        Baxış: 1 960          Tarix: 26-02-2020, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma