Xəbər lenti
 
 
 
“Ermənistanın mövqeyi destruktivdir”
 
Azərbaycan işğal olunmuş ərazilərini tələb edir. Səfir beynəlxalq ictimaiyyətə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hələ də əməl olunmadığını xatırladır.
 
Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi yeni qarşıdurma mərhələsinə qədəm qoyub. Bu il iyulun 12-də Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonu Ermənistanın Tavuş vilayəti istiqamətindən atəşə tutulub. Nəticədə tərəflər arasında ciddi silahlı toqquşmalar başlayıb. Tərəflər vəziyyətin gərginləşməsinə görə bir-birini günahlandırır.
 
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bizə müsahibəsində ölkəsinin hər zaman Qafqazda sülh tərəfdarı olduğunu bildirib. Bununla yanaşı, o, Azərbaycanın bundan sonra da erməni təxribatını sakit qarşılamayacağını, öz ərazisində başqa ölkəyə məxsus silahlı qüvvələrin qalmasına imkan verməyəcəyini deyib.
 
Ovqat.com səfir Məmməd Talıbovun Meksikanın “EL ECONOMISTA” nəşrinə müsahibəsini təqdim edir 
 
 
- Ermənistanla Azərbaycan arasında gərginlik niyə artıb?
 
- Səbəb Ermənistanın Azərbaycanla dövlət sərhədində təxribata əl atmasıdır. Erməni tərəfi Azərbaycanın Tovuz rayonu istiqamətində qəfil hücuma keçərək, kəndlərimizi bombalamağa başlayıb. Nəticədə Azərbaycan 11 hərbçisini və 1 mülki vətəndaşını itirib, xeyli insan yaralanıb.
 
Bundan başqa, Azərbaycandan dünya bazarına neft-qazın nəql olunduğu boru xətləri, Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xətti kimi önəmli layihələr məhz toqquşmaların baş verdiyi ərazinin yaxınlığından keçir.
Ermənistan bu təxribata əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğal etdiyi bölgəsindən, orada insanlığa qarşı törətdiyi cinayətlərdən yayındırmaq məqsədi də güdüb.
O, eyni zamanda, erməni xalqının diqqətini ölkə daxilində COVID-19 pandemiyası nəticəsində daha da dərinləşmiş sosial-iqtisadi problemlərdən, daxili siyasi gərginlikdən yayındırmağa çalışıb.
 
- Belə bir vəziyyətdə sülh prosesindən danışmaq mümkündürmü?
 
- Hazırda Ermənistanla heç bir yaxınlaşmadan söhbət gedə bilməz. Ermənistan tam destruktiv mövqe tutur, təxribatlardan əl çəkmir. Halbuki, onun işğalçılıq siyasəti Azərbaycanla yanaşı, erməni xalqının özü üçün də çox mənfi nəticələr verir.
 
- Bəs sülhün əldə olunması üçün hansı şərtlərə əməl olunması vacibdir?
 
- Azərbaycan üçün sülh onun beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin işğaldan azad olunmasından, təcavüzkar siyasətin qurbanı olmuş, hüquqları pozulmuş 800 min köçkünün öz torpaqlarına qayıtmasından keçir. Odur ki, Bakı ATƏT-in Minsk qrupu tərəfindən başladılmış danışıqlar prosesini davam etdirməyə hazırdır.
 
- Bölgədə sabitliyə nail olunması üçün beynəlxalq ictimaiyyət hansı addımları atmalıdır?
 
- Beynəlxalq ictimaiyyətin Ermənistandan Azərbaycan torpaqlarının boşaldılmasını tələb etməsinin vaxtı çatıb. Bu məsələ daim gündəmdə olmalıdır. Biz Meksikanın bu münaqişə ilə bağlı mövqeyini, yəni BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 4 qətnaməni dəstəkləməsini yüksək qiymətləndiririk. Hesab edirəm ki, bütünlükdə beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvləri bölgədə sülhə zəmanət verməli, münaqişə ilə bağlı qəbul edilmiş qərarların icrasına çalışmalıdır. Bu qərarlar hələ 1993-cü ildə qəbul edilsə də, bu günədək kağız üzərində qalır.
Beynəlxalq təzyiq olmalıdır. Açıq şəkildə deyilməlidir ki, sülhə nail olunması üçün təcavüzkar, Azərbaycanın suveren ərazilərindən çəkilməli, 800 mindən çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları bərpa edilməlidir.
 
- Gələn ildən Meksika BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq. Azərbaycanla Meksika arasında Dağlıq Qarabağ münaqişəsi, bu problemlə əlaqədar qəbul olunmuş qətnamələr haqda müzakirələr aparılıbmı?
 
- Azərbaycanın xüsusi olaraq Meksikadan BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasına təkrar çağırış etməsi və s. kimi istəyi olmayıb. Lakin biz belə çağırışla beynəlxalq birliyə dəfələrlə müraciət etmişik, Meksika da bu birliyin üzvüdür.
 
Perla Pineda
 


Ana səhifəyə qayıt        Baxış: 3 239          Tarix: 12-09-2020, 00:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma