Xəbər lenti

İranda 22 yaşlı Məhsə Əmininin ölümündən sonra başlayan ölkəmiqyaslı etiraz aksiyaları artıq dördüncü gündür davam edir. Toqquşmalarla müşayiət edilən aksiyaların Tehran, Təbriz, İsfahan da daxil olmaqla 13 şəhərə yayıldığı bildirilir. Məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində 3 nəfər həyatını itirib, təxminən 250 nəfər isə saxlanılıb.

İranda demək olar hər il baş verən bu qanlı etirazlar, xalq kütlələrinin küçələrə çıxaraq ədalət tələb etməsi əslində sosial vəziyyəti acınacaqlı duruma düşmüş, ekoloji problemlərdən təngə gəlmiş və din pərdəsi altında ən elementar hüquq və azadlıqları əlindən alınmış toplumun qəzəbini bir şəkildə kimdənsə çıxmasına bənzəyir.

Budəfəki etirazlar bir qədər fərqlidir. Ötən il su qıtlığı səbəbi ilə başlayan aksiyalar bu il sistemin özünün tətbiqlərinə qarşı yönəlib.

Güc monopoliyasını əlində tutan təbəqənin həyatın istənilən sferası ilə bağlı diktəsi/fətvası dilindən, dinindən, məzhəbindən, dünya görüşündən asılı olmayaraq, hər kəs üçün məcburidir. Fərqli düşüncələrin təqib edildiyi, siyasi baxışına görə ictimai fəalların edam edildiyi, öz dünya görüşünə uyğun həyat tərzi sürməyin qadağan olunduğu İranda bu gün baş verənlər ölkədəki mənəvi xaosun əlamətidir.

İran hökuməti isə baş verən gərginliyə görə yenə xarici agentura şəbəkəsini və terrorçuları günahlandırır. Artıq “üç ayrı ölkədən” olan xarici casusların “gecə əməliyyatı” ilə saxlanılması barəsində məlumatlar da yayılıb.

Bir sözlə, nə baş verir-versin, İran dəyişmir və böyük ehtimal ki, eyni qalacaq. Əhəmənilər sülaləsindən bəri bu ölkənin dini, padşah nəsli çox dəyişib, lakin hakim zümrənin cəmiyyətin aşağı və ya fərqli təbəqələrinə münasibəti 2500 il əvvəl necə idisə, bu gün də eynidir.

İranda baş verənlər bütün dünyanın diqqət mərkəzindədir. Demokratik və ya ən azından belə olduğunu iddia edən bir sıra ölkələrin mediaları baş verən hadisələri narahatlıqla işıqlandırır, sıravi iranlıların əslində hər gün rastlaşdığı alçaldılmalar, hüquq və azadlıqlarının tapdanmasına dair xəbərlər paylaşır.

Artıq dörd gündür dünya mediası internetə güclü senzuranın tətbiq edildiyi İrandan bir şəkildə fotolar, videolar əldə edərək baş verənləri öz auditoriyasına ötürməyə çalışır.

Nensi Pelosinin “avtoritar rejimlər”in qarşısındakı “Çin səddi” kimi təqdim etdiyi Ermənistanda isə baş verənlərlə bağlı nə ictimai, nə də siyasi müstəvidə reaksiya yoxdur.

Demokratiyadan, insan haqlarından dəm vuran Ermənistan ictimai fikri və siyasətçiləri ən yaxın qonşusu hesab etdiyi İranda baş verənlərlə bağlı “üç meymun”u oynayır. Zülmə susmaq özü də zalımlıqdır. Bəs onda Ermənistan nə üçün müdafiəçisi olduğunu iddia etdiyi dəyərlərin, elementar hüquq və azadlıqların pozulduğu İrandakı vəziyyətə bircə kəlmə ilə də olsa münasibət bildirməyib? Əslində bu, bədii sualdır. Aralarında yaxın dostluq və qardaşlıq münasibətləri olan İran və Ermənistan özünü dünyaya fərqli maskalarla tanıdan, lakin bir-birlərinin ayıbını, günahını ört-basdır etməyə çalışan iki dost və müttəfiq ölkədir.

İran Ermənistanın başqa xalqa, azərbaycanlılara zülmünə göz yumduğu kimi, Ermənistan da İranın öz xalqına zülmünə göz yumur.

Xatırlatmaq yerinə düşər ki, ABŞ İranı terrorçuluğu dəstəkləyən ölkələr siyahısına əlavə edib. Ermənistan isə İranın bəlkə də ən yaxın dostudur. Bu yerdə Nensi Pelosiyə məşhur deyimi xatırlatmaq yerinə düşər: dostunu göstər, sənin kim olduğunu deyim. İki yüz illik terror keçmişi olan Ermənistanla bağlı yüksək ümidlər ABŞ-ın özü üçün ölümcül ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 202          Tarix: 21-09-2022, 15:33      


Paylaş:   

Prizma