Xəbər lenti


Putin yaz aylarında hərbi xidmətə çağırış haqqında fərman imzalayıb

 

Ovqat.com-un məlumatına görə, artıq rəsmi portallarda dərc olunan fərmanda aprelin 1-dən iyulun 15-dək hərbi xidmətdə ehtiyatda olmayan 18-30 yaş arası 150 min Rusiya vətəndaşının hərbi xidmətə çağırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı iki gün əvvəl belə bir fərmanının imzalanacağı ilə bağlı ilkin informasiya yaymışdı. Baş Qərargahın bildirdiyinə görə, hərbi xidmət müddəti bir il olacaq və yazda xidmətə çağırılan əsgərlər “xüsusi hərbi əməliyyatda” iştiraka cəlb olunmayacaqlar. 

 

Rusiya Silahlı Qüvvələrin Baş Qərargahının Baş Təşkilat-Səfərbərlik İdarəsinin rəisi Yevgeni Burdinski Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” qəzetinə müsahibəsində qeyd etmişdi ki, aprelin 15-nə qədər çağırışçıların bölgələrdəki toplama məntəqələrindən qoşunlara göndərilməsinə başlanılacaq.

 

Çağırış yaşının artırılması ilə bağlı qanun 2023-cü ilin avqustunda imzalanıb. Bu il yanvarın 1-dən qüvvəyə minib. Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27-dən 30-a keçsə də, aşağı həddi eyni səviyyədə (18 yaş) qalıb.

 

Bildirildiyinə görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu ötən il hərbi xidmətə çağırış yaşının 21-30 yaş müəyyən edilərək aşağı səviyyənin dəyişdirilməsini təklif etmiş, Putin də bu fikri dəstəkləmişdi. Hətta yaş həddinin bu şəkildə dəyişdirilməsini nəzərdə tutan  qanun layihəsi hazırlanıb Dövlət Dumasına göndərilmiş və birinci oxunuşda qəbul edilmişdi də. Lakin üzərindən bir müddət keçəndən sonra ötən il iyul ayında Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov çağırış yaşının yalnız yuxarı həddinin artırılmasına qərar verildiyini bildirmişdi. O, bunu "bir çox gənc oğlanların 18 yaşında gedib xidmət etmək istəməsi” ilə əsaslandırmışdı.




Ana səhifəyə qayıt        Baxış: 3 331          Tarix: 31-03-2024, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma