Xəbər lenti

  

Şəkildə: Tuzxurmatu türkmənləri məhərrəmlik ayinində

Dünən Şimali İraq Kürd Muxtariyyatlığında müstəqillik referendumu keçirildi. Yaxın Şərqin yeni baş ağrısına çevrilməsi gözlənilən bu prosesin böyük sıxıntılara səbəb olacağından ehtiyat edilir.

Referendum günü bölgədən gələn xəbərlər artıq ilk qanın töküldüyünü göstərir. Ovqat.com-un İraq mətbuatına istinadən verdiyi məlumata görə, Tuzxurmatu qəsəbəsində referendumda iştirak etmək üçün məmləkətlərinə gedən peşmərgə güclərinə atəş açılıb və bir kürd yaraqlısı öldürülüb.

Peşmərgə komandirləri bu hücumun İrana bağlı Həşdi Şabi tərəfindən həyata keçirdiyini iddia edirlər. Həşdi Şabi isə iddianın əsassız olduğunu, hadisənin naməlum təxribatçı tərəfindən törədildiyini bildirir.

Təxribatın Tuzxurmatuda törədilməsi isə təsadüfi deyil. Tuzxurmatu əsasən türkmənlərin yaşadığı bölgədir. İnzibati ərazi olaraq Səddam Hüseynin məmləkəti Tikritə bağlı olan bu qəsəbə rayon mərkəzindən 100 km aralıda yerləşir. İraqda vəziyyət qarışdıqdan sonra ABŞ-ın dəstəyi ilə kürd axınına məruz qalan qəsəbənin demokrafik tərkibi dəyişdirilsə də, şiə türkmənlər hələ də öz dədə-baba yurdlarında ciddi nüfuza malikdirlər. Şimali İraq Kürd Muxtariyyatlığının rəsmi statistikasına görə, hazırda qəsəbə sakinlərinin 55%-ni kürdlər, 30%-ni türkmənlər, 15%-ni isə ərəblər təşkil edir.

İraqda yaşanan məzhəb savaşları Tuzxurmatu qəsəbəsinin də faktiki olaraq ikiyə bölünməsinə yol açıb. Bildirilir ki, qəsəbənin şimal və cənub hissəsi arasında peşmərgə və Həşdi Şabi qüvvələri arasında postlar qurulub, Tuzxurmatunun hər iki yaxasında yaşayan sakinlərin digər tərəfə keçməsinə icazə verilmir.

 

Referendumun şiələrin dini matəm kimi qeyd etdikləri Məhərrəm ayında keçirilməsi Tuzxurmatudakı onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirib. Aşura günü yaxınlaşdıqca gərginliyin artacağı istisna olunmur.

Vəziyyəti gərginləşdirən digər amil kürd yetkililərinin Tuzxurmatuya iddia etmələridir. Sentyabr ayının ilk günü bölgədəki peşmərgələri ziyarət edən Kürdüstan Yurdsevərlər Birliyi partiyasının Baş katibinin Birinci müavini Kösrət Rəsul açıq şəkildə referendumdan sonra Tuzxurmatunun ilhaq ediləcəyini bildirərək, demişdi: “Kürdüstanın bütün bölgələrində referendum keçirilməsi qərarlaşdırıldı. Peşmərgələrin bulunduğu və onun əliylə qurtarılan bütün bölgələr Kürdüstana bağlanacaq”.

Kürd siyasəçisinin Tuzxurmatunu “peşmərgə tərəfindən qutarılan bölgə” adlandırması isə təsadüfi deyil. Görünən budur ki, Kösrət Rəsul İŞİD-in zaman-zaman bu bölgəyə hücumlarını nəzərdə tutur. Əsasən, mövqe atışmaları şəklində  zühur edən həmin hücumlar müşahidəçilər tərəfindən “danışılmış müharibə” kimi xarakterizə edilir. Ekspertlərin fikrincə, bu yalançı müharibələrlə Tuzxurmatu sakinlərinə “peşmərgə olmasa, İŞİD-in əsiri olardınız” fikri təlqin edilir. Halbuki, qəsəbədə Həşdi Şabi qüvvələri də kifayət qədər güclüdürlər, amma nədənsə, İŞİD “hücumları” daha çox peşmərgə mövqelərinə təşkil olunur.

Şimali İraq rəsmilərinin qəsəbəni ilhaq etmək istəmələri Tuzxurmatu sakinlərini ciddi narahat edir və onların qarşısında öz torpaqları uğrunda mübarizəyə aparmaqdan başqa alternativ qoymur. Nəzərə alsaq ki, sözügedən referendumu rəsmi Tehran da dəstəkləmir və Tuzxurmatuda İran kifayət qədər güclüdür, ilk müqavimətin də bu bölgədən başlayacağı istina edilməməlidir.

Görünür, İraqda yeni gərginlik ocağı yaratmaq istəyən qüvvələr bu fürsəti fövtə vermək istəməyiblər və beləcə, ilk atəş açılıb. Tuzxurmatuda açılan bu atəşin İraqı hara aparacağı isə bəlli deyil.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 955          Tarix: 26-09-2017, 08:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma