İraq ordusu Kürdüstan Muxtariyyətinə hücum etməyi planlaşdırır.
Ovqat.com xəbər verir ki, İraq Müdafiə Nazirliyinin dünən axşam yaydığı bəyanatdan belə çıxır.
Bəyanatda bildirilir ki, ordu birləşmələri İran və Türkiyə sərhədlərinə nəzarəti öz öhdəsinə götürəcək və bu məqsədlə hərbi əməliyyata başlayacaq. Sözsüz ki, ölkənin ən ucqar şimal və şərqi-şimal nöqtələri nəzarətə götürmək üçün rəsmi Bağdadın məcburən Kürdüstan Muxtariyyətindən keçməsi lazımdır. Bu da istər-istəməz Ərbillə Bağdad arasında qarşıdurmaların yaşanacağı anlamına gəlir.
İraq mərkəzi hakimiyyəti gözlənilən hərbi müdaxilədə Türkiyə və İrandan dəstək alacağına da inanır. Bu inam sözügedən bəyanatda da öz əksini tapıb: “Sərhəd qapılarının mərkəzi hakimiyyətin nəzarətinə keçməsi qonşu ölkələr (Türkiyə və İran) və maraqlı tərəflərlə koordinasiyalı şəkildə yürüdüləcək və əməliyyatın icrasında heç bir gecikmə olmayacaq”.
İraq Müdafiə Nazirliyi tərəfindən yayılan bəyanatın zamanlaması da diqqətə şayandır. Zira bir müddət əvvəl İraq ordusunun Baş qərargah rəisi Osman Qənimi Türkiyəyə və daha sonra İrana səfər etmişdi. Səfərlər çərçivəsində hər iki qonşu dövlət İraqın ərazi bütövlüyünü dəstəkləmiş və bölgəyə keçiş məntəqələrini bağlamaqdan tutmuş, muxtariyyətdən neft alışını dayandırmağa qədər müxtəlif sanksiyalara əl atmışdı. Hətta iki dövlətin yüksək səviyyəli təmsilçiləri və idarəçiləri Bərzani hakimiyyətini təhdid etməkdən belə çəkinməmişdilər. Ən ciddi xəbərdarlıq isə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dilindən səslənmişdi. O, Bərzaninin bu inadkarlığının Şimali İraq xalqını acından ölümə məhkum edə biləcəyini vurğulamışdı.
Türkiyə və İran rəsmilərinin bu təhdidlərindən dərhal sonra ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson dövriyyəyə girmiş, tərəflərə sərt ritorikalardan çəkilməyi məsləhət bilmişdi. Bununla belə, Tillerson ABŞ-ın “Kürdüstan”ı tanımayacağını, keçirilən referendumun legitim olmadığını da vurğulamışdı.
İraq Müdafiə Nazirliyinin məlum bəyanatının Tillersonun açıqlamasından sonra səslənməsi sərt ritorikadan çəkilmək çağırışına əhəmiyyət verilmədiyi göstərir.
Paylaş: