Məlum olduğu kimi sentyabrın 20-də Azərbaycan kommunistləri 26 Bakı komissarlarının məzarlarını ziyarət etmişdilər. Bu ziyarət ölkə mətbuatında da ciddi müzakirəyə çevrilmiş, bir çox siyasilər bu şəxsləri bərk tənqid atəşinə tutmuş, vətənə, millətə xəyanət etməkdə suçlamışdılar. Onları tənqid edənlər arasında AKP sədrliyinə iddiaçılarından biri Rauf Qurbanov da vardı. Rauf müəllim 26-pərəstlərə yoldaş deməyə dilinin gəlmədiyini bildirmişdi.
Bəs, görəsən, qarşı tərəf nə düşünür?
Sözügedən ziyarət qrupunun rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrliyinə iddiaçı Ədalət Abdinovun redaksiyamıza göndərdiyi məqaləsini təqdim edirik:
“26 - LAR”I ZİYARƏT: ÖLMƏZ ƏNƏNƏ VƏ NAXƏLƏF KOMMUNİSTLƏR
Kommunistlərin 26 Bakı komissarların məzarının ziyarəti ilə bağlı başda müsavatçılar olmaqla müxtəlif sosial qruplara, siyasi partiyalara və digər ictimai-siyasi qüvvələrə mənsub cahil nümayəndələrin haray – həşiri və kommunist adını mənimsəməklə sıralarımıza soxulmuş bəzi buqələmunların vətənşüvənlərlə həmrəy olması faktı ciddi araşdırma tələb edir. Əlbəttə, ictimai – siyasi həyatda iştirak üsullarını, norma və qaydalarını mənimsəmək qabiliyyətində olmayan, lakin “kommunistəm” deyən o kəslərin siyasi-hüquqi biliklərin dayazlığına, cərəyan edən siyasi proseslərdən qədərincə baş açmamaqlarına da dəlalət edə bilər. Ancaq çirkli rəqabət apardıqlarına görə onların sədaqətli marksist – leninçi baxımından yetkin siyasi şüurlu şəxsiyyət – kommunist olması məndə şübhə doğurur.
20 sentyabr hadisəsində (26 Bakı komissarların məzarının ziyarət edildiyi gün) aqressiv müsavatla həmrəy olan Telman Nurullayev kommunist vicdanından, hünərindən, mərdanəliyindən, fədakarlığından, əsilliyindən tam uzaq olduğunu sübut etmişdir. Verdiyi bəyanatla siyasi opponentlərimizə, bədxah rəqiblərimizə dəstək olmuş, ziyarətçilərə qarşı münasibətdə yalan, böhtan və saxtakarlıq nümayiş etdirməklə “çirlkli” olduğunu sübut etmişdir. O öz çirkli əlləri ilə siyasətimizi də çirkləndirir.
Ətrafına topladığı, cari siyasi məsələrdə sosioloji cəhətdən savadsız olan beş-altı nəfərdən öz şəxsi məqsədi üçün istifadə edən Telman Nurullayevin bəyənatı siyasi boşboğazlıq idi, onun siyasətdə piyada olmasını təsdiq etdi.
Digər antipod – Rauf Qurbanov isə mediadakı yeknəsək fikirləri ilə ziyarətin təşkilatçıları olan əqidəli, mübariz kommunistlərə hörmətsizlik etmiş, bununla da çılız hissləri ona üstün gəlmiş və eqoizmə, dözümsüzlüyə, emosional müvazinətsizliyə yol vermişdir.
Tez-tez mediada görünmək, kommunistlərin gözünə kül üfürmək, bununla da yerini bərkitmək və gözqamaşdırıcı yalan fəaliyyət - əqidəsi, nəzər nöqtəsi, xarakteri ilə ümumi marksist – leninçi düşüncə və qaydalarına zidd olan bu insanın şakəridir.
Başqa məsələlərdə olduğu kimi 20 sentyabr hadisəsində də Rauf Qurbanov özünəməxsus özünüreklam oyunu aparmaqla populist olduğunu bir daha təsdiq etmişdir.
26 Bakı komissarlarının anım gününün iştirakçılarına qeyri səmimi münasibətdə bir-birinə dayaq olan nə Telman Nurullayev, nə də Rauf Qurbanov kommunistlərin fəaliyyətini birləşdirmək və istiqamətləndirmək və həmrəylik yaratmaq iqtidarında deyil.
Onların heç birində müasir siyasi lideri səciyyələndirən xüsusiyyətlər – movcud prosesdə itiağıllılıq, enerjililik, möhkəm iradə, təşkilatçılıq qabiliyyəti, səriştəlilik, məsuliyyətə cavabdehlik və qabağıgörmə yoxdur.
Bunların hər ikisi siyasi mədəniyyəti olmayan siyasi demoqoqlardır. Kommunist hərəkatı bu cür eqoist, səriştəsiz, demoqoq kommunistlərdən mütləq təmizlənməlidir.
20 sentyabr hadisəsi Azərbaycan Kommunist Partiyasının parçalanmış qrupları arasındakı əlaqələrin qırıldığını bir daha təsdiq etdi. Bədnam müsavatçılar da üstümüzə ideoloji hücuma keçərkən Telman və Rauf kimilərin rüsvayçı əməllərindən yaranmiş bu əlaqələrin boşluğundan məharətlə istifadə edirlər.
Kapitalizmin sayəsində cəmiyyətdə münasibətlər kəskinləşməkdə davam edir. Xüsusi mülkiyyətin yaranması insanları bir-birindən ayırmışdır. Müxtəlif sosial qruplar yaranmışdır. İnsanlar arasındakı qarşılıqlı əlaqələrdə ziddiyyətlər artır. Ona görə də kapitalizm yarası dərinləşdikcə pozulmuş insanlararası münasibətləri tənzimləmək müşkül bir məsələyə çevrilir. Hər bir şəxsin maraqlarını təmin etmək, qruplararası fikir ayrılığını, ixtilafları tənzimləmək, cəmiyyətin bütövlüyünü qoruyub saxlamaq iqtidarında olan sosial gücə - kommunist ideologiyasına daha çox ehtiyac yaranıb.
20 sentyabr dərslərindən biri də odur ki, 26 Bakı komissarları ilə bağlı kommunistlər ideoloji yeniləşməyə diqqət verməlidirlər. Əqidələrində ortodoksal mövqe tutanlar yeni düşüncələrlə ümumi işimizə xeyir verə bilərlər. Nə qədər ki, rəqiblərin iddiaları konkret faktlarla tam alt-üst olunmur, bu halda əqidələrin möhkəm və dəyişməz olmasına təsir etmək imkanı mövcud olur. Başqa sözlə, müasir siyasi fəaliyyəti dövrün yaratdığı yeni şəraitə uyğunlaşdırmaq, zamanın çağırışlarına hazır olmaq baxımından 26-larla bağlı siyasi mövqeyimizin, baxışlarımızın modernləşdirilməsi ehtiyacını yaradır.
Paylaş: