Artıq iki gündür ki, Türk ordusu Suriya sərhədlərindəki qüvvələri möhkəmləndirir. Ordu birliklərinin hər an Suriyanın İdilib vilayətinə girməsi gözlənilir. Hətta Türk ordusunun pilotsuz təyyarələrinin bu şəhər üzərində kəşfiyyat uçuşlarına başladıqları qeyd olunur. Bu isə əslində əməliyyatın ilk mərhələsinin artıq başlandığından xəbər verir.
Türk ordusunun İdilib əməliyyatına başlaması təsadüfi deyil. Astanada aparılan Suriya müzakirələrində Türkiyənin cənub sərhədlərində yerləşən İdilib döyüşsüz bölgə elan edilmiş və 4 nəzarət zonasına bölünmüşdü. Hər nəzarət zonası isə Astana müzakirələrində iştirak edən ölkələrdən (Türkiyə, İran, Rusiya, Suriya) birinin ixtiyarına verilmişdi. Türkiyənin də öhdəsinə 4-cü döyüşsüz bölgəsi düşmüşdü. İdilibin şimal hissəsini əhatə edən 4-cü döyüşsüz bölgəyə TSQ-nın əslində bir neçə gün əvvəldən daxil olub özünü möhkəmlətdiyi, təhlükəsizlik tədbirlərini artırdığı xəbər verilirdi.
Rəsmi Ankara Astana görüşlərində öhdəsinə götürdüyü bu missiyanı yerinə yetirmək üçün bir müddət əvvəl Putini Türkiyəyə danışıqlara dəvət etmiş və R.T Ərdoğanla rus həmkarının danışıqlarında bu məsələ ciddi müzakirə olunmuşdu. Rus mətbuatının yazdığına görə, iki liderin görüşünün təməlində İdilibə hərbi müdaxilə üçün Dəməşqdən izn alınması niyyəti dururdu. Bu məlumat rəsmi Ankaranın İdilibə hərbi müdaxiləyə nə qədər ehtiyatla yanaşdığından və könülsüz girdiyindən xəbər verir.
İki gün öncə Türkiyə prezidentinin İran səfərinin də əsas səbəblərindən biri İdilib məsələsinin müzakirəsi ilə bağlı idi. İranın dini lideri ilə görüşdən sonra türk mətbuatına verdiyi açıqlamasında Ərdoğan bildirirdi: "Döyüşsüz bölgənin sərhədində - həm daxili, həm də xaricində vəzifə bölgüsü edildi. Türkiyə Silahlı Qüvvələri İdilib sərhədlərinin içərisində, Rusiya Silahlı Qüvvələri isə xaricində hərbi vəzifələrini icra edəcəklər”.
Ərdoğanın Suriya və İranın döyüşsüz bölgədəki hərbi missiyaları barədə heç bir fikir söyləməsinin isə iki əsas səbəbi var idi. Əvvəla, həmin dövlətlər Rusiyanın tam nəzarəti altında döyüşsüz bölgələrə yerləşdiriləcək. İkincisi, onların öz hərbi missiyalarını yerinə yetirəcəyi regionlar inzibati ərazi olaraq İdilibdən kənardadır. Zira adı nə qədər “İdilib döyüşsüz bölgələri” adlandırılsa da, bu əməliyyat planına Lazkiyyə, Xüms və Hələb əraziləri də daxil edilmişdi.
Görünən budur ki, İdilib vilayəti tamamilə Türkiyənin öhdəsinə verilmiş, digər dövlətlərin payına isə ətraf regionlar düşmüşdü. Bu ehtimalı Türkiyə prezidentinin İbrahim Kalının etirafları da gücləndirir. İ. Kalın bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında deyirdi: "İdlib birbaşa bizə həvalə edilib, sabah və ertəsi gün bu barədə ətraflı müzakirələr edəcəyik. Bizim gözləntimiz ondan ibarətdir ki, İdlib həqiqətən də döyüşsüz zonaya çevrilsin. Burada Türkiyənin öhdəsinə düşən nə varsa, həyata keçiriləcək”.
Rəsmdə: Bəşər Əsəd ordusunun bu ilin əvvəlində İdilibə atdığı kimyəvi bomba mülki vətəndaşları hədəf almışdı
İdilibin tamamilə Türkiyənin ixtiyarına verilməsi isə təsadüfi deyil. Bir zamanlar ABŞ-ın istəyiylə Səudiyyə Ərəbistanı, Qətər və digər körfəz ölkələri tərəfindən maliyyələşdirilən “mülayim müxalif” qüvvələrə lojistik dəstəyi Türkiyə verirdi. Faktiki olaraq qardaş ölkənin ərazisində formalaşdırılan Azad Suriya Ordusu Rusiyanın hərbi müdaxiləsindən sonra digər müttəfiqlər tərəfindən tərk edildi. Bir növ, atəş topu Türkiyənin qucağına atıldı. Xüsusilə Hələbdə tam dəstəksiz buraxılan “mülayim müxaliflər” Rusiya, Suriya, İran qüvvələri qarşısında duruş gətirə bilmədi. Hələbdə mühasirəyə düşən bu qüvvə Türkiyənin beynəlxalq girişimləriylə Hələbdən İdilibə köçürüldü. Faktiki olaraq Suriyanın bütün bölgələrindən süpürülə-süpürülə Türkiyənin qapısına yığılan “mülayim müxaliflərin” indi İdilibdən çıxarılması əməliyyatı başlayır. Suriyada terror rüzgarları əsdirən bu tör-töküntünün atılacağı yer isə Türkiyədir.
Belə çıxır ki, Rusiya-Suriya-İran ittifaqı ABŞ və körfəz ölkələrinin Suriyada buraxdığı tör-töküntüləri vaxtilə onlarla eyni süfrədə oturmuş Türkiyəyə təmizlətmək istəyirlər. Türk ordusunun indiki müttəfiqlərindən əvvəl İdilibə girməsinin əsas səbəbi də bununla bağlı ola bilər. Qardaş ölkə əvvəldən həmin əraziyə girib 3 tərəfdən süpürülən son tör-töküntüləri öz xəkəndazına toplamalı və daha sonrakı mərhələdə onları da yanına alıb öz evinə qayıtmalıdır.
Rəsmdə: Bəşər Əsəd ordusunun kimyəvi bombardımanından sonra İdilib
İdilib əməliyyatının fövqəldövlətlər tərəfindən qurulması nəzərdə tutulan “Kürdüstan” proyektinin qarşısının alınması üçün planlaşdırıldığı və bu əməliyyatla Suriyanın şimalından keçən kürd zolağında Ankaranın və digər müttəfiqlərin nəzarəti gücləndiriləcəyi fikri isə indiki mərhələdə o qədər də inandırıcı görünmür. Nədən ki, “Suriyanın dostları” ittifaqının ən böyük gücü hesab olunan Rusiyanın Şimali İraqda keçirilən müstəqillik referendumunda faktiki olaraq, Bərzaninin tərəfində dayanması Moskvanın elə bir dərdinin olmadığını göstərdi.
Məntiqlə, Suriyanın bütövlüyün ən çox istəməli olan Bəşər Əsəd belə, son çıxışlarının birində kürdlərə ən yüksək səviyyəli muxtariyyət verilə biləcəyini açıqlamaqla faktiki olaraq “Kürdüstan” layihəsinə yaşıl işıq yandırdı.
İrana gəlincə, bu ölkə “Kürdüstan” qurulacaqsa, bunun öz sərhədlərindən uzaqda reallaşmasını arzulamaqdadır. Tehranı daha çox İrandan Aralıq dənizinə qədər uzanan “şiə hilalı” düşündürür və Astana sammiti iştirakçılarının birgə həyata keçirəcəyi İdilib əməliyyatıyla Lazkiyə, Xüms və Hələbin bəzi ərazilərinin “mülayim müxaliflər”dən təmizlənəcəyindən bu hədəf də reallaşmış olacaq.
Üstəlik, Şimali Suriyada ABŞ-ın nəzarətində qurulacaq “Kürdüstan” dövləti Türkiyə ilə “şiə hilalı” arasında bufer zona yaradacağından, prinsipcə, İranın da maraqlarına uyğundur.
Heydər Oğuz
Ovqat.com
P.S. Bu yazı hazırlandığı sırada Azad Suriya Ordusunun artıq İdilibə girdiyi xəbərləri gəldi. ASO Türkiyənin öncü qüvvəsi kimi əməliyyatlarda iştirak edir.
Paylaş: