Söz ardı və ya etiraf etməyi bacarmalıyıq
“Aslan bəyi ona görə günahkar saymıram ki, çoxlu sayda ziyalılarımızın keçdiyi yolu o da keçməli olub. Bu hansı yol olub? Bunun izahı uzun bir yazı ola bilər, yaxud da qısaca, etiraf etməyi bacarmalıyıq.” (məqalələrin birinə yazdığım şərhin son cümlələri)
Rəhmətlik Elçibəyin tez-tez işlətdiyi bir ifadə var idi; “hər şeyin zamana ehtiyacı var” O, bu sözləri t özünün sığortalanması üçün yox, millətin, dövlətin maraqları xatirinə işlədirdi. Zaman keçir, vaxtilə Elçibəyi siyasi demaqoqluqda günahlandıran Qərb dairələrinin başbilənlərinin özləri indi siyasi demoqaqa çevriliblər. Medialarda daim kimin kimdənsə şikayət etməsi gündəmdədir, keçiblər “açıq karta”. Bunun öz səbəbləri olduğu halda, ölkə daxilində baş verən “açıq kart” abu-havasının başlıca səbəbi düşdüyümüz iqtisadi durumdur.
Təkcə xarici amillər yox, həm də daxili iqtisadi şərait bizimkiləri də hərəkətə gətirməyi bacarıb. Bir zamanlar üzdə olanlara belə “inkişafın” perspektivsizliyi haqqında xəbərdarlıq edəndə, aşkar söyləməsələr də arxada, “bacarana baş qurban” deyirdilər və bu “bacarığın” nədən ibarət olduğu mənə yaxşı aydın idi və bildirirdim ki, belə çox “yemək” bizi az yeməkdən də qoyacaq. İndi hakimiyyətdə olan “bacarıqlılar” bunun bədəlini ödəməli olurlar və onlar arasında da “razborka” başlayıb. Yəni bir çox məsələlərin çözülməsi zamanı yetişib. Hakimiyyət öz daxilində, müxalifətçilər də öz aralarında “razborkaya” girişiblər. Burada pis bir şey yoxdur, cəmiyyətimizin saflaşması baxımından gərəkli prosesdir. Pis odur ki, çoxları məsələnin həllini qisas müstəvisinə keçirməyə çalışır. Bilirəm, bu hisslərdən yaxa qurtarmaq çətin məsələdir, amma millətin önündə gedən nümayəndələri, vətənimizin gələcəyi xatirinə özlərini buna məcbur etməyə və bu işdə başqalarına da nümunə olmağa borcludurlar. Hakimiyyətdəkilərin əsas razborkası iqtisadi məsələlərdə olduğu halda, müxlifətçilərinki siyasi məsələdir. Çünki, müxalifətçilərin iqtisadi sahədə yox, siyasi sahədə maxnasiyaları çox olub. Bir-birilərinə çox atıblar. Maraqlıdır, hakimiyyətdən amnistiya tələb edən müxalifətçilər niyə öz münasibətlərinə amnistiya vermək istəmirlər?
Hələlik hədəfdə Aslan İsmayılovdur. Niyə məhz Aslan İsmayılov? Ona görə ki, Aslan bəy bildiklərini (yəqin həm də öz əqli süzgəcindən keçirib gəldiyi nəticələri) heç kəsdən gizlətmədən açıq ifadə edir. Əgər ikinci beləsi də tapılsa, yəqin ki, o da hədəfə çevrilələcək. Aslan bəyi hədəfə alan yazıların birində iddiaçı tərəfi haqlı saysam da, Aslan bəyi də günahkar saymadığımı söyləmişdim. “Aslan bəyi ona görə günahkar saymıram ki, çoxlu sayda ziyalılarımızın keçdiyi yolu o da keçməli olub. Bu hansı yol olub? Bunun izahı uzun bir yazı ola bilər, yaxud da qısaca, etiraf etməyi bacarmalıyıq.” (məqalələrin birinə yazdığım şərhin son cümlələri). Doğrudan da bu yol hansı yol olub? Yaxud da, nəyi etiraf etməliyik?
***
Azərbaycanda ictimai şüurun siyasi çalarlarının palitrasını yaratmaq istəsək, onun iki qütblər arasında yerləşdiyini müəyyən edərik. Bu qütblərdən birində sovet dövrünün ən mükəmməl sistemi olan KQB məktəbinin yetirməsi və demək olar ki, onun ən yaxşı məzunlarından biri və üstəlik Allah-Tala nemətli idarəetmə bacarığına malik Heydər Əliyev, digərində isə hələ cavankən sovet sisteminin əvvəl-axır dağılacağına tam əmin olan və SSRİ adlı imperiyanın başqa xalqlarla müqayisədə yeganə azərbaycanlı dissidenti (ola bilsin ki, bu məsələdə mənə opponetlik edənlər olsun, amma Azərbaycanda sonralar rejim əleyhinə çıxan ondan daha önəmli bir şəxsi görmürəm) olan Əbülfəz Əliyev durur.
Əslində bu şəxslər Azərbaycan adlı eyni bir medalın iki üzləridirlər; gerb və qiymət üzü. Qiymət gerbi dəyərə mindirdiyi kimi, qiymətin də dəyərinə qarantiya verən onun arxasında gerbin olmasıdır. Maraqlıdır ki, bu şkalada nə Heydər Əliyevə, nə də Əbülfəz Əliyevə yaxın düşməyi bacaran şəxsiyyətlər hələ ki, yetişməmişdir və belə görünür ki, heç olmayacaq da. Qalan ictimai şüur daşıyıcıları bu iki şəxslərlər arasında; bəziləri şkalanın Heydər Əliyevə aid, bəziləri isə Əbülfəz Elçibəyə aid hissəsində yer tutur. Bu yertutma da nisbidir, şkalanın bir tərəfində qərar tutmuş birisinin gözlənilmədən o biri tərəfdə zühr etməsi təccüblü görünməməlidir. Bunun da səbəbi ictimai mövqeyimizin əsasında əqidənin deyil, şəxsi mənafeyin durmasıdır. Nə qədər ki, ölkədə siyasi fəaliyyət üçün tam sərbəstlik mövcud deyil, kimin kim olduğunu da müəyyənləşdirmək asan olmayacaq. Müstəqilliyimizin ilk illərində bu şkalanın çox hissəsi Əbülfəz Elçibəyə aid olsa da, sonralar öz mövqelərini Heydər Əliyevə güzəştə getməli olmuş və 4 iyun 1993 qiyamından sonra az bir hissəsini özündə saxlaya bilmişdir.
Əbülfəz bəyin öz mövqelərindən belə tez bir zamanda geri çəkilməsinin obyektiv səbəbləri var idi və bunlardan birinci yerdə duranı həm aşağıların, həm də yuxarıların (Elçibəyin özü də daxil olmaqla) o tarixi dönəmdə Heydər Əliyevə böyük ümüdlər bəsləmələri idi. Çoxlu sayda parametrlərin kəsişmə xətlərində əldə edilmiş müstəqilliyi qoruyub sağlamaq və daha da inkişaf etdirmək üçün Heydər Əliyev kimi bacarıqlı bir siyasətçinin hakimiyyətdə təmsil olunmasının vacibliyi vətənimizin gələcəyi üçün düşünənlərin yekdil qənaəti idi. Yəni o dövrdə ondan da yaxşı durumda olmağın arzusunda idık. İlk əvvəl belə təssürat yaranırdı ki, Əliyev üçün yenidən hakimiyyətə qayıtmaq o qədər də önəmli deyil. Çünki, o parlament sədrinin müavini kimi hakimiyyətdə təmsil olunduğu halda, bir dəfə də olsun parlamentin iclaslarında iştirak etmək haqqında düşünmədi. Nəhayət, 1993-cü ilin fevral ayında Bakıya, qardaşı Həsən Əliyevin yas mərasiminə qatılmağa gəlmiş Heydər Əliyevlə Əbülfəz Elçibəyin görüşü baş tutdu. Sonralar sızan məlumatlardan aydın oldu ki, Əliyev daha yüksək səviyyədə təmsil olunmaqla hakimiyyətdə iştirak etməsi şərtini irəli sürüb. Nəticəsiz qalan bu səkkiz saatlıq görüşü Azərbaycan tarixində (bu, mənim şəxsi fikirimdir) itirilmiş şans da adlandırmaq olar.
H. Əliyev hakimiyyətə gəldi, amma tamamilə başqa formada. 1993-cü il 4 iyun qiyamı onu hakimiyyətə gətirdi və qiyam həm də Qarabağ cəbhəsindəki uğursuzluqla da sonuclandı. Cəbhədəki vəziyyət o qədər də qənaətbəxş olmasa da, uğursuzluqlardan çıxacağımıza ümüdlər böyük idi. Xalq içərisində az-çox tanınmışlar, xalqın nüfuzlu nümayəndələri Heydər Əliyevdən çox şey gözləyirdilər. Amma sonrakı gedişat gözlənənləri doğrultmadı. Bütün yaşlı adamlar üçün xarakterik olan mühafizəkarlıq Hedər Əliyevdən də yan keçməmişdi. Məsələ burasındadır ki, yaşlı adamlar əvvəllər onlarda formalaşmış münasibətlər sisteminin girovuna çevrilir, özlərini bu sistemdə daha rahat hiss edirlər və ona görə də ətraflarını gücləri çatan qədər vərdiş etdikləri formaya uyğun qurmağa cəhd göstərirlər. Azacıq kənara çıxmalar burada arzu edilən deyil. Sonrakı proseslərdə çoxlu sayda nümunələr göstərmək olar ki, ölkənin kommunist dövrünün idarəetmə metodlarına qayıdışı başlamışdı. Bu, yazının mövzuna aid olmadığından bir neçə halı qeyd etməklə kifayətlənək.
Siyasi sahədə; hakimiyyətinin ilk illərində hamı belə gözləyirdi ki, ölkədəki bütün partiyaların fəaliyyəti Qarabağ məsələsi həll olunana qədər dondurulacaq. Hətta partiyaların özləri də bu təkliflərlə çıxış edirdilər. Amma Heydər Əliyev buna getmədi. Sonralar aydın oldu ki, bu demokratik cəmiyyət adı altında birpartiyalı sistem yaradılmasına xidmət edib. İqtisadi sahədə liberal iqtisadiyyat əvəzinə idarə olunan iqtisadiyyata; nəzarətdə olan sahibkarlıq, iqtisadi münasibətlərin yuxarıların razılığı əsasında qurulması, bankların fəaliyyətində sərbəstliyin olmaması, statistik məlumatların senzuraya məruz qalması, manatın məzənnəsinin süni şəkildə möhkəmləndirilməsi, bəzi sahələrin məcburi inkişafına cəhd və s. üstünlük verildi. Bütün idarəetrmə strukturlarının hamısı bir nəfərin, prezidentin əlində cəmləndi. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev belə idarəetmənin ustası idi və bu iş ona çətinlik gətirmirdi, lazımı anda lazımı rıçaqdan məharətlə istifadə edirdi. Amma onu da nəzərə almalıydı ki, bu Allah vergisi yalnız ona məxsusdur və ondan başqa heç kim bu işin öhdəsindən onun kimi gələ bilməz və beləliklə gələcəkdə onu əvəzləyəcək adam tapmaq müşkül məsələyə çevriləcək. Bu gedişatlar müstəqilliyimizin ilk illərində bəlkə də zəruri idi, amma zaman keçdikcə onları demokratik təsisatlarla əvəzləməklə müasirliyə qovuşmaq olardı. Bu isə baş vermədi. Beləliklə, Heydər Əliyev işığına yığışmış ziyalılar tədricən kənara çəkilməyə başladılar. Yəqin yaşlı nəsilin yadında olar ki, hər dəfə Milli Məclisin iclasında Rəsul Quliyev bank sektorunun yenidən qurulmasının vacibliyini önə çəksə də, Əliyev ona hələ tələsməməyi məsləhət bilirdi. Zaman isə ötürdü və mütərəqqi cəhdlərinin heç bir nəticə verməyəcəyini anlayan Rəsul bəy “səhəti ilə əlaqədar” Amerikaya “müalicəyə” getməli oldu. Beləcə, hakimiyyətdən imtina edənlərin siyahısı əmələ gəldi; Lalə-Şövkət Hacıyeva, Rəsul Quliyev, Vəfa Quluzadə, Eldar Namazov, Tofiq Zülfüqarov, İsa Sadıqov, Qabil Hüseynli... siyahını davam etdirmək olar və vəkil Aslan İsmayılovun burada neçənci yerdə olduğunu bilməsəm də, onun da xalqının düşünən ziyalısı olduğuna, o biriləri kimi inanıram. Bizim hakimiyyətdə olmuş ziyalılarımız bu yolu keçmiş və Aslan bəy də onlardan biridir. Onların hamısı Azərbaycan üçün çalışan adamlar olub. İndi bu adamları nədəsə günahlandırmaq doğrudurmu? Sadəcə bu yolu keçdiklərini onlar özləri də etiraf etməlidirlər ki, söz-söhbətə də son qoyulsun.
Zabil Həsənov
Redaksiyadan zəruri qeyd: Yazı Ovqat.com-un görüşünü ifadə etmir.
Paylaş: