Xəbər lenti
Dünən, 19:25

 

Dünən İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi D-8 ölkələrinin növbəti sammiti öz işinə başladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqində sammitin qarşısında duran vəzifələrə aydınlıq gətirdi. Onun sözlərinə görə, bu gün D-8 ölkələrinin əsas vəzifəsi bir-biri ilə aralarında milli valyuta ilə ticarət ənənəsini qurmaq olmalıdır:

"Ölkələrimiz arasındakı ticarətdə milli valyuta vahidlərimizdən istifadə etməyin yolunu aça biləcəyimiz təqdirdə, D-8 tarixində bir inqilaba imza atmış olacağıq. Məzənnə təzyiqi altında iqtisadiyyatımızı əritməyə ehtiyac yoxdur. Vahid valyuta mübadilə sistemi qurulması üçün mərkəzi banklar bir araya gəlməlidir. D-8 ölkələri sammitlərdə iştirak səviyyələrini artırmalı, təşəbbüsləri, xüsusi sektor təşkilatlarını da bu işlərə daxil etməlidir. Prezidentlər olaraq D-8 Liderlər Zirvəsinin əhəmiyyətini yaxşı dərk etməliyik. Hamımız D-8-in daha təsirli, daha məhsuldar, daha güclü olması üçün səy göstərməliyik".

 

Türkiyə Prezidenti çıxışında D-8 üzvlərinin sayının 8-dən 20-ə qədər artırıla biləcəyinin müjdəsini də verib. Nəzərə alsaq ki, Azərbaycan bu ittifaqın üzvü deyil, amma ölkə başçısı İlham Əliyev sammitdə iştirak edirdi, D-8-ə qoşulması gözlənilən 12 ölkədən birinin biz olacağımıza şübhə yoxdur.

Bəs, görəsən, D-8 nədir və öz üzvlərinə nə vəd edir?

Bu il 9-cu sammiti keçirilən D-8-in, nə az nə çox, düz 20 yaşı var. İdeyası 1996-cı ildə Türkiyənin o zamankı prezidenti Nəcməddin Ərbakan tərəfindən ortaya atılan əməkdaşlıq ittifaqı rəsmən 1 ildən sonra təsis olundu. Öz ətrafında 8 müsəlman ölkəsini birləşdirdiyindən adındakı “8” rəqəmi də buna işarə edir. Qurulduğu gündən bəri dəyişməyən həmin üzvlər bunlardır: Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya. Üzvlərinin hamısı müsəlman ölkəsi olduğundan bu təşkilatı “İslam İttifaqı” da adlandıranlar var. Təsadüfi deyil ki, ittifaq üzvləri həm də İslam Əməkdaşlıq Təşkilatında yer alırlar.

Adındakı “D” rəqəmi isə üzv ölkələrinin zəifliyinin inikasıdır. İngilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözündən götürülüb və onun qısaldılmış şəklidir. Başqa sözlə desək, D-8 bəzi ikinci dünya dövlətlərini bir araya gətirən təşkilatdır.

 

Dünyanın inkişaf etməkdə olan bəzi müsəlman ölkələrinin bir araya gəlməsindən yaranan D-8-in qarşıya qoyduğu başlıca hədəf Qərb imperializminin istismarına qarşı dirəniş, əl-ələ verib müasir dünyanın amansız rəqabətdən üzüağ çıxmaqdır. İmperializmə qarşı dirəniş D-8-in bayrağındakı ulduzlarla simvollaşdırılmış prinsiplərində də öz əksini tapıb: ittifaqın bayrağında 6 ulduz var. Hər ulduz bir prinsipi əks etdirir. D-8-in qarşıya qoyduğu prinsiplər isə bunlardır:

  • Müharibə yox, sülh,
  • Qarşıdurma yox, dialoq,
  • İkili standart yox, ədalət,
  • Üstünlük yox, bərabərlik,
  • İstismar yox, əməkdaşlıq,
  • Hegemonluq və təzyiq yox, insan hüquqları, azadlıq və demokratiya.

D-8-in ideya rəhbəri Nəcməddin Ərbakanın bu ittifaq barədə söylədiyi fikirlər, ona bağladığı ümidlər də qurumun anti-imperialist məqsəddən doğduğunu bir daha təsdiqləyir. Türkiyənin sabiq Baş naziri soyuq müharibədən sonra yeni bir dünya nizamının qurulmasının lazım olduğunu və müsəlman ölkələrin bu nizamda güclərini birləşdirərək daha təsirli bir rol oynaya biləcəyini müdafiə edirdi. O, bu istiqamətdə atılacaq ən uğurlu addımın D-8 olacağına inanırdı. Sabiq Baş nazir çıxışlarının birində öz ümidlərini dilə gətirərək, deyirdi:

"20-ci əsrin həqiqətləri və alınması lazım olan dərslər D-8-in doğuşunun səbəbi oldu. D-8 20-ci əsrin ən əhəmiyyətli hadisələrindən biri və 21-ci əsrə ən qiymətli hədiyyəsidir. D-8-ın qurulması başdan sona qədər hərblərlə və qarşıdurmalarla keçən 20-ci əsrin sonunda aydınlığa açılan bir qapı kimidir. Dünyada artıq əmin-amanlıq, sülh və səadətin qurulması üçün bir an əvvəl keçmiş səhvlərdən imtina edilməsi, doğrulara qayıdılması və yeni bir dünyanın nizamının yaradılması lazımdır. D-8 hərəkatı bu istiqamətdə atılmış mühüm addım sayılmalıdır".

 

Maraqlıdır ki, Nəcməddin Ərbakan da bugünkü Türkiyə Prezidenti kimi D-8-in ən mühüm məqsədinin dövlətlərarası ticari münasibətdə Qərb imperialistlərinin valyutalarından imtina etmək olduğunu düşünür, hətta müsəlman dünyasının ortaq pul vahidinə keçməsini arzulayırdı. Mütəxəssislərə görə, onun bu arzusu devrilməsinin də əsas səbəbi olmuşdu.

Bu mənada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son D-8 sammitində dilə gətirdiyi qarşılıqlı ticari əlaqələrdə yerli valyutalardan istifadə olunması təklifi yeni deyil, Ərbakanın maliyyə nəzəriyyəsinin təkmilləşdirilmiş, zamanın şərtlərinə uyğunlaşdırılmış formasıdır. Odur ki, son D-8 sammitindən sonra Türkiyəyə beynəlxalq təzyiqlərin artacağı gözləniləndir.

Onsuz da beynəlxalq münasibətlərdə dünyanın aparıcı dövlətləriylə başı dərddə olan Türkiyə Prezidentinin bu cür riskli mövzulara girməsi isə təsadüfi deyil. Xüsusilə son zamanlar Vaşinqtonun ciddi təzyiqiylə üzləşən Ərdoğan ABŞ-a onun müsəlman dünyasındakı mövqeyini zəiflədəcək addımlar ata biləcəyini göstərir.

 

Türkiyə liderinin bu fəaliyyəti yalnız D-8 çərçivəsində məhdudlaşmır. Rəsmi Ankara indiyədək bir neçə istiqamətdə atdığı addımlarıyla ABŞ-ın “yuvasına çöp üzadır”. Əvvəla, Yaxın Şərq məsələsində Rusiya və İranla birgə hərəkət edərək, ABŞ-ın regionda təklənməsinə şərait yaradır.

İkincisi, Qərb ölkələriylə tarixi iqtisadi münasibətlərini məhdudlaşdıraraq, regionun digər dövlətlərilə yeni ticari əməkdaşlıqlar qurur. Region dövlətləri də ABŞ-ın qəzəbinə məruz qaldığından və ağır sanksiyalarla üzləşdiyindən boş qalmış məkanı doldurmaq, yeni bazarlar tapmaq Ankara üçün çətinlik yaratmır və onu anti imperialist düşərgəylə əməkdaşılığa sövq edir.

Üçüncüsü, Türkiyə, əhalisinin əksəriyyətinin müsəlman və özünün son xilafət mərkəzi olması avantajından istifadə edərək,  İslam dünyasını ətrafına toplayaraq, əzilən dindaşlarını imperializmə qarşı birləşdirə bilmək mesajları verir. Rəsmi Ankaranın bu istiqamətdə çalışmaları indiki hakimiyyətin ideoloji əsaslarından qaynaqlandığı kimi, həm də taktiki xarakter daşıyır. D-8-in son sammitində Rəcəb Tayyib Ərdoğanın ticari əlaqələri yerli valyuta ilə yürütmək təklifi də “ABŞ dollarının fəaliyyət sahəsini daralda bilərik” mesajına bənzəyir.

D-8 üzvləri nə qədər inkişaf etməkdə olan ölkələr sayılsalar da, onların birgə çox ciddi iqtisadi və siyasi gücü mövcuddur. İttifaqda yer alan 8 müsəlman ölkəsinin 1 miyarda yaxın əhalisi var. Ərdoğanın ittifaq üzvlərinin sayını 20-ə çatdırmaq hədəfi baş tutarsa, bu rəqəmin xeyli artacağını və dünya əhalisinin önəmli bir qısmini ətrafında toplayacağını güman etmək olar. Bu isə perspektivdə iqtisadi əməkdaşlıqların arzulanan səviyyədə qurulması nəticəsində böyük iş gücü potensialı deməkdir. Müsəlman ölkələrinin demokratikləşməsi, insan hüquq və azadlıqlarının tam təmin olunması iqtisadi böyüməyə yol aça bilər ki, D-8-in başlıca prinsirləri arasında bu da var.

İnsan sayına görə, dünya əhalisinin önəmli qismini özündə cəmləşdirən D-8-in iqtisadi gücü isə hələ də istənilən səviyyədə deyil. Baxmayaraq ki, qurulduğu vaxtdan bu yana həmin ölkələr iqtisadi böyümədə müəyyən addımlar atıblar. 1997-ci ildə bu ölkələrin ÜDM-u 690 milyard dollar idisə, indi bu rəqəm 1.5 trilyon dollara yüksəlib. Eyni yüksəliş ixdalat və ixracat sahəsində də özünü büruzə verir. Quruluşunun ilk ilində D-8 ölkələrinin ixracatı 239 milyard, idxalatı isə 235 milyard dollar idi, indisə ixracatlarını 600 milyarda, idxalatlarını isə 500 milyarda çatdıra biliblər. Sözsüz ki, 100 milyardlıq müsbət saldo getdikcə inkişafın göstəricisidir (Nə qədər tisbağa yerişli olsa da).

 

D-8-in iqtisadi artımı beynəlxalq siyasətdə nüfuzunun artmasına səbəb olmuş, bir çox ciddi qurumlar tərəfindən hesablaşılan ittifaqa çevirmişdi. 2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ona "müşahidəçi statusu" verilməsi də bunun təzahürlərindən biridir.

Qərb dünyası tərəfindən sıxışdırılan Azərbaycanın bu ittifaqda yer alması onun həm iqtisadi yüksəlişində, həm də regional problemlərinin həllində bəzi avantajlar qazanmasında, xüsusilə manevr imkanlarının genişləndirilməsində müsbət rol oynaya bilər. Amma bunun üçün rəsmi Bakı ilk növbədə öz iqtisadi mühitini sağlamlaşdırma tədbirləri almalı, ciddi demokartik, siyasi və hüquqi islahatlar həyata keçirməlidir. Əks halda, Qərblə bütün münasibətləri kəsib geridəqalmışlığın arxasınca sürünmək ölkəmizi indikindən də betər vəziyyətə sala bilər.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 454          Tarix: 21-10-2017, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma