Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin Milli Məclisin (MM) gündəliyindən çıxarılmasının səbəbi məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik edilməməsinin səbəbi Azərbaycanda vəkillərin sayının az olması ilə bağlıdır.
Qərara gəlinib ki, əvvəlcə vəkillik institutu inkişaf etdirilməli, vəkillərin sayı artırılmalı, sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılmalıdır. Beləliklə, layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəsi gözlənilmir.
Belə ki, ölkədə ümumi vəkilləri sayı 1000-ə yaxındır. Yəni, Azərbaycanda 10 min nəfərə cəmi bir vəkil düşür. Azərbaycanın regionlarında isə 250 civarında vəkil fəaliyyət göstərir. Bütün bunlar bir sıra məhkəmə çəkişmələrində nümayəndənin vəkillə əvəz edilməsi problemlər yarada bilər.
Müqayisə üçün deyək ki, Azərbaycanda vəkillərin sayı bəzi post-sovet ölkələrindəki vəkillərin sayından azdır. Məsələn, qonşu Gürcüstanda vəkillərin sayı Azərbaycandakından 4 dəfə çoxdur.
Qeyd edək ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulurdu, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilirdi. Bundan başqa, layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Paylaş: