Dünyanın getdikcə diktatorlaşdığı indiki zamanədə demokartiya uğrunda mübarizənin getdiyi ölkələrdən biri də Türkiyədir. Azərbaycanın 10-15 il bundan əvvəl keçdiyi yollarda yürüyən qardaş ölkədə Atatürkün qurduğu Cümhuriyyətçilik dəyərləri hələ ki tam silinmədiyindən türk demokratlarının apardığı mübarizə bizdə də diqqətlə izlənilir.
Son vaxtlar MHP bünyəsindən ayrılıb tamamilə yeni cizgidə mübarizəsini davam etdirmək yolunu seçən Meral Akşenerin qurduğu İyi Parti bir çox cümhuriyyətsevənlərin ümid ünvanına çevrilib. Onlardan biri də Prof. Dr. Suat Çağlayandır. Sol təyamüllü cizgisiylə seçilməsinə və bir zamanlar Əcəvid hökumətinin Mədəniyyət naziri olmasına baxmayaraq, İyi Partiyasının təməllərinin atılmasında rol oynayan Suat Çağlayan qələmə aldığı son yazısında niyə bu addımı atdığına aydınlıq gətirib. Türk demokratiyasının tarixi baxımından mühüm əhəmiyyət kəsb edən həmin məqaləni Ovqat.com oxucularına təqdim edirik:
“Mən Meral Akşener tərəfindən qurulan İyi Partiyanın qurucu üzvlərindənəm.
Bunu açıq ifadə etməliyəm ki, əlimizin altından itib getməkdə olan respublika dəyərlərinə sahib çıxan bu təşkilatın içində olmağın könül rahatlığını yaşayıram.
Son ümid olaraq qiymətləndirilən təşkilat haqqında, demək olar ki, hər seqmentdən gələn müsbət reaksiyalar bundan sonra Respublika əleyhdarlarının işlərinin asan olmayacağını göstərir.
Əlbəttə, hər siyasi təşkilat kimi İyi Partiyanın da hədəfində millət vəkili və bələdiyyə başçısı seçilə bilmək üçün yurddaşlarımızın səsini almaq niyyəti vardır. Amma İyi Partiya bunun fövqündə dayanan başqa bir iddia ilə də ortaya çıxır: 2019 (bəlkə də 2018)-ci ildə Türkiyə Respublikasının Prezidentliyinə, cənab Ərdoğanın yerinə, Məral Akşeneri gətirmək!
İndi hər kəsin çox yaxşı bildiyi bir həqiqət var; Qanunvericilik və konstitusiya dəyişiklikləri səbəbiylə Türkiyə artıq tək insanın rəhbərliyi altındadır: Nə TBMM-nin, nə Nazirlər Kabinetinin, nə də Baş Nazirin heç bir mənası qalmayıb. Nazirlər və Baş nazir Saraydan televiziya ilə translansiya edilən açıqlamaları dinləyərək, daxili və xarici siyasət qərarlarını əhəmiyyətli dərəcədə öyrənirlər. Toplantılarını yalnız Tayyib bəyin verdiyi direktivlərin bürokratik tərəfini tamamlamaq üçün keçirirlər.
Yalnız daxili və xarici siyasət deyil, məhkəmələr də, hüquq sistemi də cənab Ərdoğanın ağızından çıxacaq göstərişlərə baxmaqdadır. Bunun ən bariz nümunəsini yoldaşı haqsız yerə həbsxanaya atılan və işgəncələrə məruz qalan bir qadının dərdini Ərdoğana izah etmək üçün ağaca çıxması hadisəsində görə bilərik. Binəva qadının ağaca çıxma səbəbini öyrənən Ərdoğan məhkəməyə lazımi göstərişlər verdi və hakimlər dərhal o insanın haqsız yerə çəkdiyi əziyyəti sona çatdırdı.
Halbuki, minlərlə, onminlərlə insan - ağaca çıxan qadının əri kimi – mühakimə edilmədən həbsxanalarda tutulmaqda, həyat yoldaşları, Ərdoğanın görə biləcəyi bir ağaca çıxa bilmədikləri üçün, zindanlarda illərlə əziyyət çəkməkdədirlər. Belə bir ölkədə hakimin müstəqilliyi barədə danışmaq mümkündürmü?
Türkiyənin mövcud vəziyyəti aşağıdakı kimi ümumiləşdirilə bilər: - Funksionerliyi qalmayan parlamentar rejim, tək adamın duyğuları ilə hərəkət edən məhkəmə, ləyaqəti ayaqlar altına salınmış komandirləri (hər anlamda) məhbus edilmiş TSQ!
Əgər önümüzdəki seçkilərdə Prezident kürsüsü xilas edilməsə, Türkiyə 2023-ci ildə Atatürk və Respublika əleyhdarının röyalarını reallaşdırma təhlükəsiylə qarşı-qarşıya qala bilər.
Bir sapıqdan duyarkən ürkdüyüm, Cümhuriyyət əleyhinə yönəlmiş bəzi sözləri sizə çatdırmaq istəyirəm: "2023-ci ildə, son əsri (1923-2023) 'Qaranlıq Yüzil' elan edəcəyik!"
Budur Cümhuriyyət işığından gözləri kor olanların gözləntisi!
2019-ci il SON ŞANS OLA BİLƏR
Əgər gələcək prezident seçkilərində cənab Ərdoğanın qarşısına Meral Akşener çıxar və müvəffəqiyyət qazanarsa, bunun Cümhuriyyətimizin qurtuluşu olacağına inananların sayı xeyli çoxdur ...
Çünki Meral Akşener Prezident kürsüsünə oturacağı təqdirdə bunları həyata keçirəcəyinə söz vermişdir:
1- Atatürk prinsip və inqilablarına sahib çıxacaq,
2-Tək adam xuntasına son qoyacaq,
3-Parlamentar rejimi yenidən işlək vəziyyətə gətirəcək,
4-Məhkəmələrin müstəqilliyi bərpa ediləcək,
5-Türk Silahlı Qüvvələrinin şərəf və ləyaqəti əvvəlki səviyyəyə çıxacaq,
6-Türkiyənin, nifrət edilən bir ölkə olmaqdan çıxarılaraq, Mustafa Kamal Atatürkün “Yurdda Sülh, Dünyada Sülh” prinsipi hegemonluq qazanacaq,
7-Tərəfkeşlik və qohumluq ittifaqları, quldurluq və soyğun rejimi sona çatacaq,
8-Universitetlərin həm funksional, həm də idarəçilik forması gücləndiriləcək və bu qurumlar etibar qazanaraq, dünyanın ən geri ölkələri sıralamasından çıxacaq.
Bütün bunlar əlbəttə ki, yaxşı fəaliyyət göstərən bir parlament rejimi tərəfindən həyata keçirilə bilər. Parlamentar rejimə geri dönməyin ön şərti isə prezident kürsüsündə respublikaçı birinin oturmasıdır.
ARTIQ MİLLƏTVƏKİLLİYİNİN DƏ MƏNASI YOXDUR
Hədəf Prezident kreslosuna respublikaçı bir adamın otura bilməsi olduğundan, Türkiyədəki bütün cümhuriyyətçi partiya liderlərinin əməkdaşlıq içində olmaları lazımdır. Əgər bu əməkdaşlıq liderlər arasında baş tutmayacaqsa, təhlükəni görən xalqımız bunu özləri tərəfindən həyata keçirmək haqqına malikdir.
Heç bir önyarğı və ön şərt irəli sürmədən belə bir əməkdaşlığın ilk tətbiqinə yerli seçkilərdə başlanıla bilər.
Belə bir əməkdaşlıq utopiya kimi qiymətləndirilməməlidir. Ölkəmizi aydınlığa apara biləcək bir əməkdaşlıq, Atatürk Cümhuriyyətini təhlükədə görənlərin təməl gözləntiləridir.
Artıq, cənab Ərdoğanı tək adam edən qanunlar səbəbiylə bu və ya digər dərəcədə millət vəkili seçilməyin heç bir mənasının olmadığı hər kəs tərəfindən anlaşılmalıdır.
Ümidlərimiz hələ tam solmadığı kimi, son prezident seçkilərində bizə yaşadılan “Əkmələddin faciəsi” də yaddaşlarımızdan silinməyib. Bu faciəni ürəklərinin dərinliklərində yaşadan Atatürk cümhuriyyətçilərinin sönmüş ümidləri yeni bir rüzgarla alovlanmaqdadır.
Respublikanın əsas dəyərləri məhv edilərkən, bölünmə anlamına gələn tendensiyalardan uzaq durmalı və prezidentlik postu üçün Atatürkü və onun ideayalarını əldə rəhbər tutanlar əməkdaşlıq içində olmalıdırlar”.
Paylaş: