Xəbər lenti

 

Səudiyyə Ərəbistanı kralı Səlman bin Əbdüləziz 11 vəliəhd və nazirin həbsə alınması barədə sərəncam imzalayıb.

Ovqat.com xəbər verir ki, məlumatı ölkənin rəsmi xəbər agentliyi SPA yayıb.

Sərəncama əsasən, Kraliyyət Mühafizəçiləri Qvardiyasının rəhbəri, İqtisadiyyat və Planlaşdırma naziri və Dəniz Qüvvələri komandiri dəyişdirilib.

Əl-Arabiyanın məlumatına görə isə, həbs qərarı yalnız 11 prens və 4 nazir haqqında verilməyib, onlarla sabiq nazir də Birinci vəliəhd Məhəmməd bin Salmanın başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Komissiyasının təlimatıyla saxlanılıb. Saxlanılanlar arasında bir qadın da var.

Həbs edilənlərin bundan əvvəlki I vəliəhd Məhəmməd bin Nayfa yaxın adamlar olduğu bildirilir.

Bir sözlə, Səudiyyə Ərəbistanının “I vitse-prezidenti” köhnə komanda ilə vidalaşır və öz hakimiyyətini qarantiya altına almaq üçün rəqiblərini həbsə atır. Onun əlində isə gözəl bir bəhanə var – rəqiblərinin korrupsiyaya bulaşmaq gerçəyi.

Xatırladaq ki, ötən yay Səudiyyə kralı Səlman bin Əbdüləzizin imzaladığı sərəncamla I vəliəhd Məhəmməd bin Nayfın bütün səlahiyyətləri əlindən alınaraq, yerinə şahzadə Məhəmməd bin Səlman gətirilmişdi. Kraliyyətin bu addımı Səudiyyə Ərəbistanında inqilabi dəyişiklik - əmioğlu mirasçılığına söykənən səltənətin ailə hakimiyyətilə əvəz olunması kimi qiymətləndirilmişdi. Hətta bu məqsədlə Kraliyyət Konstitusiyasının toxunulmaz müddəası sayılan 50-ci maddəsi belə dəyişdirilmişdi. Əvvəlki maddədə kralın yalnız qurucu lider Əbdüləziz bin Əbdülrəhman bin Səudun oğulları arasından seçildiyi bildirilirdi. Yeni dəyişiklikdə isə oğullarla bərabər nəvələrə də eyni haqq verilmiş və hakimiyyətin Məhəmməd bin Səlmana ötürülməsinin önü açılmışdı.

Hazırkı I vəliəhd Məhəmməd bin Səlman bundan əvvəl Müdafiə naziri idi. Ölkənin  ən böyük güc strukturunu əlində saxlayan şahzadə I vəliəhd təyin olunduqdan sonra səlahiyyətləri xeyli artırıldı. O, Müdafiə naziri vəzifəsini saxlamaqla bərabər, həm də ölkənin Baş naziri oldu. Bununla da kifayətlənmədi, rəhbərlik etdiyi dövlət neft şirkəti ARAMCO-nu da qismən özəlləşdirdi. Qeyd edək ki, Məhəmməd bin Səlman həm də ARAMCO-nun rəhbəri vəzifəsini davam etdirir. Başqa sözlə desək, Səudiyyə Ərəbistanının iqtisadi gücündən hərbi qüdrətinə qədər bütün cilovlarını əlində saxlayan Məhəmməd bin Səlman ölkəsini post-neft dövrünə hazırlayır və on illərlə neft gəlirlərinin gətirdiyi rahatlıq və tənbəlliyə öyrəşən ölkəsini sənayeləşdirməyə çalışır. Onun 500 milyard dollarlıq “Yeni Gələcək” layihəsi də məhz bu məqsədi qarşısına qoyub. Yeni I vəliəhdin ölkədə aparacağı islahatların korrupsioner məmurlar və onlara bağlı din adamları tərəfindən əks-reaksiya ilə qarşılaşacağı güman olunduğundan təhlükəni beşikdə boğmaq siyasətini Səudiyyə Ərəbistanının beynəlxalq himayədarları, o cümlədən ABŞ da dəstəkləyir. Məhəmməd bin Səlman da bu dəstəkdən maksimum faydalanaraq, əvvəl ölkədəki alternativ fikir sahibi bütün düşüncə adamlarını, indi isə hakimiyyətdəki “özgələri” zərərsizləşdirmək xəttini tutub.

Maraqlıdır ki, bütün səlahiyyətləri əlindən alınan sabiq I vəliəhd Məhəmməd bin Nayf öz adaşına rəsmən biət etsə də, xələfinin etimadını qazana bilməyib. Məhəmməd bin Səlman sələfinə bağlı bütün qüvvələri hakimiyyətdən uzaqlaşdırmaqla qalmır, korrupsiya bəhanəsiylə köhnə komandanın bütün mülkiyyətini müsadirə etdirir, özlərini isə həbsxanalara göndərir.

Məhəmməd bin Səlman İrana qarşı kəskin mövqeyi ilə də tanınır. Nəzərə alsaq ki, Tramp hakimiyyəti də İranın Yaxın Şərqdə yayılmasının qarşısını almaqda maraqlıdır, yeni liderin öz ölkəsində “bəndi-bərəni möhkəmləmdirməsini” körfəzin iki əzəli rəqibi arasında hər an çıxa biləcək savaş hazırlığı kimi də qiymətləndirmək olar.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 705          Tarix: 5-11-2017, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma