“Qida Təhlükəsizliyi İnstitutunun yaradılması günün ən vacib tələblərindəndir. Çünki istənilən ölkənin milli təhlükəsizlik strategiyasının bir neçə sahəsi var, bunlardan ən mühümü isə qida təhlükəsizliyidir”.
Ovqat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Qida Təhlükəsizliyi İnstitutunun yaradılması barədə imzaladığı sərəncamı şərh edən iş adamı Mürvət Həsənli bildirib.
Mürvət Həsənliyə görə, qida təhlükəsizliyi hətta ərazi bütövlüyünün qorunması, suverenlik haqlarından belə öndə gəlir: ““Dədə Qorqud” filmində bir epizod var. Filmin sonunda el ağsaqqalı Oğuz boylarının daxili müharibələrində şəhid olmuş qəhrəmanlardan birinin əkinçiliklə məşğul olan oğluna deyir: “Torpağı əkib becərməyəcəksənsə, onu qorumağa, qorumayacaqsansa əkib becərməyə dəyməz”. Bu hikmətamiz kəlamın altında böyük həqiqət və dövlətçilik fəlsəfəsini icmalı dayanır. Sirr deyil ki, bütün dövlətlər insan oğlunun öz maddi-mənəvi nemətlərlə qidalandığı əraziləri qorumaq ehtiyacından yaranıb. İbtidai dövrdən indiyə qədər bütün xalqlar öz qidalandıqları vətənlərini qorumaq duyğusuyla silaha sarılıb ərazilərinin keşiyində dayanıblar. Bu baxımdan sağlam və yetərli qida dövlətlərin müdafiəsinin və təhlükəsizliyinin başlıca stimulverici qüvvəsidir. Təsadüfi deyil ki, tarix boyu ən alınmaz qalalar da qidayla sınağa çəkilərək fəth olunub. Odur ki, qida təhlükəsizliyi dövlətin mühafizəsində prioritet təşkil edir”.
Mürvət Həsənlinin fikrincə, məlum fərmanda İnstitutun təsisçilik səlahiyyətlərinin həyata keçirilməsinin Azərbaycan Respublikasının Prezidentinə tapşırılması ölkə rəhbərinin qida təhlükəsizliyinə verdiyi dəyərin ifadəsidir: “Bu fakt sübut edir ki, Azərbaycan siyasi iradəsi qida təhlükəsizliyinə başqa birisinə həvalə etməyəcək qədər böyük əhəmiyyət verir. Cənab prezident fərmanın bu hissəsiylə qida təhlükəsizliyinə birbaşa özünün nəzarət edəcəyini vurğulayır ki, belə də olmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı ölkəmizin müdafiəsinin təməl prinsiplərindən olan qida təhlükəsizliyini də hər zaman göz önündə tutmalıdır. Əks halda, Dədə Qorquddan bizə miras qalan “əkdiyin üçün qoru, qoruduğun üçün ək” nəsihəti yerinə yetirilməmiş qalardı”.
Azərbaycanın yaxın zamanlara qədər yadelli düşmənlərin qida təxribatı ilə üz-üzə qaldığını xatırladan iş adamı buna misal olaraq erməni əsilli iş adamlarının ölkəmizi damazlıq yumurta ilə təchiz etməsini göstərir. Onun fikrincə, “Emre Piliç” şirkətinin təsisçilərinin kimliyinin zamanında təsbit olunması Azərbaycanın bu istiqamətdə təxirəsalınmaz addımlar atmasını şərtləndirdi: “Ölkə rəhbərliyinin təşviqiylə Azərbaycan öz quşçuluq təsərrüfatlarını 100% öz imkanları hesabına təchiz edəcək müəssisələr yaratdı. Artıq bu sahədə damazlıq yumurtadan tutmuş broyler təsərrüfatlarına qədər bütün müəssisələr öz iş adamlarımızın nəzarəti altındadır. Eyni sözləri ətçilik, südçülük, meyvə və tərəvəz müəssisələri üçün də demək olar. Sevinirəm ki, bir iş adamı kimi mən də dövlətimizin qida təhlükəsizliyi strategiyasına çoxşaxəli fəlaiyyətimlə öz töhfəmi verirəm. Hazırda rəhbərlik etdiyim müəssisədə damazlıq yumurta, müxtəlif tərəvəz məhsulları istehsal edirəm. İnşallah, gələn ildən meyvə istehsalına da başlayacağıq”.
Qida sektorunda imza atdığı bütün nailiyyətlərin əsasında dövlət qayğısının dayandığını etiraf edən iş adamı bütün bunlara görə, ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb və fərman gələn ilin ilk günündən qüvvəyə minəcək.
Paylaş: