“Amerika-İsrail qruplarının terror təşkilatı İŞİD-in Deyr əz-Zordaki son qalası sayılan Əbu Kamalı işğaldan qurtarma əməliyyatına mane olmalarına baxmayaraq, Suriya ordusu bu şəhərə girməyi bacardı”.
Ovqat.com xəbər verir ki, qələbə müjdəsinə bənzəyən bu sözləri Suriya ordusunun istefadakı generalı Məhəmməd Abbas Deyr əz-Zor əməliyyatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Deyr əz-Zor strateji əhəmiyyətli bölgədir və bu sahədə qazanılan qələbə terrorizmə qarşı mübarizədə müqavimət qüvvələrinə mənəvi güc verdi və Suriya ordusu daha sonra əl-Mayadin və Əbu Kamal şəhərlərini də aldı.
İstefada olan generalın bildirdiyinə görə, əl-Mayadində İsrail və ABŞ istehsalı olan xeyli silah və sursat ələ keçirildi ki, bu da İŞİD-in bu iki dövlət tərəfindən silahlandırıldığını bir daha təsdiqləyir. Pentaqon yetkililərindən birinin Əbu Kamalda həlledici döyüşlərin yaşandığı barədə bəyanatını da bu mənada təsadüfi saymayan Məhəmməd Abbasın fikrincə, Suriya ordusu və müttəfiqlərinin Deyr əz-Zor bölgəsində əldə etdikləri hərbi uğurlar ABŞ liderliyindəki koalisiyanın və İsrailin belini qırdı.
Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor bölgəsi bir çox cəhətlərdən strateji əhəmiyyət daşıyır. Əvvəla, Suriyanın əsas karbohidrogen ehtiyatı bu bölgədə toplanıb. Məhz bu xüsusiyyətilə də 2014-cü ilin yaz aylarında İŞİD-in əlinə keçən Deyr əz-Zor “xilafət”in əsas iqtisadi gücü sayılırdı. Bölgədəki yataqlardan əldə olunan neft və qaz terrorçulara milyonlarla dollar qazandırırdı. Ötən ayın sonları, bu ayın əvvəllərində vilayət mərkəzi tamamilə İŞİD-dən təmizlənsə də, bir çox neft və qaz yataqları hələ də “xilafətçi”lərin nəzarətindədir. Maraqlıdır ki, bölgəyə nəzarəti itirdikcə, İŞİD qüvvələri əllərindəki yataqları ABŞ-ın himayə etdiyi kürd separatçılarına buraxırlar. Dünən – 13 noyabrda Suriyanın ikinci ən böyük neft sahəsi olan əl-Tənəki PKK/PYD-yə ötürən İŞİD-in vilayətin şimalına çəkilməsi bunun ən bariz örnəklərindən biridir.
Tənək neft sahəsi İŞİD-in kürd separatçılarına yeganə hədiyyəsi də deyil. Ötən ay Suriyanın ən böyük neft yatağı sayılan əl-Ömər və Cəfrə də eyni qaydada PKK/PYD-yə təhvil verilmişdi. Sentyabr ayında isə ölkənin ən böyük qaz yatağı Konoko İŞİD-in kürd separatçılarına ilk “hədiyyəsi” olmuşdu.
Deyr əz-Zorun digər strateji əhəmiyyəti onun İraqla Suriyanı birləşdirən əsas keçid qapılarının qovşağında yerləşməsidir. Məlum olduğu kimi, İraqla Suriya arasında 3 keçid qapısı var. Bunlardan biri sərhəddin ən şimalında Rabia-Yarabia keçid qapısıdır ki, bu zamana qədər kürd separatçılarının əlində idi. Bərzaninin müstəqillik avantürasından sonra İraq yaxasındakı Rabia Bağdad mərkəzi hakimiyyəti ilə Həşdi Şabi qüvvələrinin nəzarətinə keçdi.
Digər sərhəd qapısı əl-Qaim-Əbu Kamal şəhərləri arasındadır və buranı şərti olaraq, orta keçid adlandıra bilərik. Son zamanlara qədər hər iki şəhər İŞİD qüvvələrinin nəzarətindəydi. Bir müddət əvvəl İraqdakı son İŞİD qalası hesab olunan əl-Qaim mərkəzi Bağdad hökumətinə bağlı qüvvələr tərəfindən təmizləndi. Dünən isə istefadakı generalın təbiriylə desək, ABŞ və İsrailin bütün maneələrinə baxmayaraq, Suriya yaxasındakı Əbu Kamal da İŞİD-çilərdən azad edildi.
Üçüncü – cənub sərhəd qapısı əl-Valid - əl-Tenf yaşayış məntəqələri idi ki, bu iki şəhər həmişə İraq və Suriya ordusunun nəzarətində olub.
İki dövlət arasındakı iki sərhəd qapısından (şimal və orta) Suriyaya daxil olan bütün nəqliyyat vasitələri paytaxta və digər bölgələrə getmək üçün Deyr əz-Zordan keçməlidir. Zənnimizcə, Deyr əz-Zorun başlıca strateji əhəmiyyəti də məhz bu bölgələrarası bağlantı qurmaq xüsusiyyətindən irəli gəlir. Özəlliklə, Tehranın “Şiə hilalı” strategiyasının şimal yarımqövsünün Livandan İrana qədər uzanan güvənli yol prinsipinə söykəndiyini nəzərə alsaq, Deyr əz-Zorun niyə bu qədər böyük əhəmiyyət daşıdığını anlaya bilərik.
Heydər Oğuz
Ovqat.com
Paylaş: