Xəbər lenti
Dünən, 19:25

 

Bir müddət əvvəl Hollandiyanın Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsinin iclasında insident baş vermişdi. Keçmiş Yuqoslaviyanın parçalanmasından sonra müsəlman boşnaklara qarşı soyqırım siyasəti apararaq dövlət ərazilərini genişləndirmək istəyən xorvat generalların appelyasiya işinə baxan məhkəmənin şikayəti təmin etməməsinə etiraz əlaməti olaraq general Slobodan Praljak zəhər içmişdi. Onun zəhəri içdikdən sonra üzünü məhkəmə sədrinə tutaraq bu cür bağırdığı bildirilir: “Zəhər içdim, haqqımda irəli sürülən ittihamları qəbul etmirəm. Mən heç bir cinayət törətmədim”.

Praljak dərhal xəstəxanaya götürülsə də, onu xilas etmək mümkün olmamışdı.

Məhkəmədəki son sözündə cinayət işləmədiyini bildirərək intihar edən Slobodan Praljak 1991-95 illəri arasında Xorvatiyanın Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə təmsil olunub. Əvvəllər elektrik  mühəndisi, professor və rejissor kimi müxtəlif sahələrdə işləyən general Yuqoslaviyanın parçalanması ərəfəsində baş verən vətəndaş müharibəsində hərbi dəstə yaradaraq iştirak edib və xüsusilə müsəlmanlara qarşı işgəncələriylə ad çıxarıb. 1992-ci ildə Müdafiə nazirinin müavinliyinə qədər yüksələ bilib. 1995-ci ildə öz ərizəsilə istefaya göndərilib. Bu həmin dövr idi ki, ABŞ və Avropa ölkələri boşnakları serb və xorvat zülmündən xilas etmək üçün keçmiş Yuqoslaviyaya hərbi müdaxilə etmişdi.  

Xorvat general əsasən Neretva çayı üzərində 16 əsrdə salınmış Mostar körpüsünü 1993-cü ildə bombardıman edərək, dağıtmaqda ittiham olunurdu. Məhkəmə prosesi zamanı Mostar körpüsünün bombardıman əmri verdiyini qəbul edən Slobodan Praljak bunu cinayət saymırdı. Onun fikrincə, körpü köhnə idi və hərbi hədəf kimi strateji əhəmiyyət daşıyırdı.

Slobodan Praljakın Haaqa hərbi məhkəməsinin qərarına öz intiharıyla üsyan etməsinin haqlı tərəfləri də yox deyil. Nədən ki, SSRİ-nin zəifləməsindən istifadə edən Qərb ölkələri, xüsusilə Almaniya, Avstriya və Vatikan Şərqi Avropanı Moskvadan ayırıb öz orbitlərinə salmaq üçün işə ən zəif həlqə kimi baxdıqları Yuqoslaviyadan başlamışdılar. Müxtəlif etnik və dini subyektlərdən təşəkkül tapan bu ölkə xorvatların separatizmə təhrikiylə parçalanırdı. 1990-cı illərdə ortaya çıxan separatizm hərəkatında parlamağa başlayan Slobodan Praljak da milli-azadlıq hərəkatının öndə gedənlərindən biri idi. Vətəndaş müharibəsindən əvvəl 3 ali məktəb bitirən Slobodanın rəngarəng karyerasında hərbi təhsil olmamasına baxmayaraq, Qərbin təşviqiylə o, birdən-birə generallığa qədər yüksəlmişdi. Əvvəl serblərə qarşı döyüşlərlə başlayan hərbi karyerasında uğur qazandıqca Praljak daha sonra boşnaklara yönəldi. Çünki xorvatların milli-azadlıq uğurları və Yuqoslaviyanın yenidən bölüşdürülməsi istər-istəməz boşnakları da hərəkətə gətirmişdi. Yaşadıqları ərazilərin serb və xorvatlar arasında bölüşdürülməsinə, özlərinin isə dədə-baba yurdlarından sıxışdırılıb çıxarılmasına laqeyd qala bilməyən boşnaklar məcburən girdikləri bu müharibədə hər iki xristian qrupun təcavüzünə məruz qalırdılar. Məlumatlara görə, 1991-ci ildən 1995-ci ilə qədər davam edən vətəndaş müharibəsində Yuqoslaviyada 110 mindən artıq dinc sakin öldürülmüş, 2 milyondan artıq vətəndaş didərgin salınmışdı ki, zərərçəkənlərin böyük əksəriyyəti boşnaklar idi.

Qərb ölkələrinin təşviqiylə başlayan Yuqoslaviyanın bölüşdürülməsi və parçalanması prosesində əsas aktyor kimi iştirak edən Slobodan Praljak və digər saxta generallar daha sonra elə həmin qüvvələrin hədəfinə çevrildilər. NATO-nun Yuqoslaviyaya hərbi müdaxiləsi əsasən serblərə qarşı yönəlsə də, boşnak qənimi Praljak  da Xorvatiyanı ittiham altında qoymamaq üçün istefa verib yenidən kinematoqrafiya sahəsinə qayıtdı. Qərb ölkələri isə bununla kifayətlənmədilər. 2004-cü ildə öz təşviqləriylə hərəkət edən xorvat cəlladlar barəsində də Haaqa hərbi məhkəməsində cinayət işi açıldı.

Xorvatiya hökuməti çətin vəziyyətdə qalmışdı. Öz milli qəhrəmanı kimi gördüyü Slobodan Praljakı tribunala təslim etmək asan deyildi. Qərbin təzyiqilə qarşılaşmaq da böyük risk altına girmək tələb edirdi.

Ölkəsini bu əziyyətdən xilas etmək üçün generalın özü digər 5 dostu ilə birlikdə 2004-cü ilin 5 arpelində beynəlxalq tribunala təslim oldu.  2006-ci ildə başlayan məhkəmə prosesi 2011-ci ildə müttəhimlərin son sözünü deməsiylə tamamlandı. 2013-cü ildə isə məhkəmə öz hökmünü oxudu. 6 xorvat generalına bir yerdə 111 ildən artıq iş kəsildi. 72 yaşlı Slobodan Pralyaka 20 il azadlıqdan məhrumedilmə cəzası düşmüşdü.

Generallar Qərbin özü tərəfindən sürükləndikləri vətəndaş müharibəsində törətdikləri əməllərə görə bu qədər ağır cəza almaqlarıyla razılaşa bilmir, bəraət almaq üçün appelyasiya şikayəti vermişdilər. Appelyasiya məhkəməsi isə verilən cəzaların əməllərə adekvat olduğu barədə hökm çıxartdı.

Generalların appelyasiya şikayətlərinin təmin olunmaması Pralyakın son “hücumu” ilə nəticələndi. Bu “hücum” özünəqəsd idi.

Ölümündən sonra Pralyakın intihar “hücumunu” 2 il əvvəl planlaşdırdığı ortaya çıxdı. Onun 2 il əvvəl ailəsinə yazdığı və ölümündən açılmasını istədiyi məktub bu həqiqətin ortaya çıxmasına kömək etdi. Yoldaşının və övladlarının iştirakı ilə açılan vəsiyyət məktubunda general yazıbmış: “Məzar və məzar daşı istəmirəm, küllərimi Miroqoja səpin”. Generalın küllərini səpilməsini istədiyi Miroqoj Xorvatiyanın paytaxtı Zaqreb şəhərinin mərkəzində yerləşən qəbristanlığın adıdır.

Praljakın  son “hücumu”nda belə Xorvatiyanı düşündüyü məlum olur. Əgər o, həmin vəziyyətini yazmasaydı, Xorvatiya milli qəhrəman kimi gördüyü bu adamı təm-təraqla, dövlət mərasimiylə dəfn etməyə məhkum idi. İndisə Praljakı öz vəsiyyətinə uyğun olaraq yandırıb külünü məzarlığa səpəcəklər.

Nə qədər cəllad olsa belə, ölərkən dövlət maraqlarını düşünməsi generalın xatirəsini xorvat xalqının qəlbində əbədiləşdirəcəkmi? Bu suala zaman cavab verəcək.




Ana səhifəyə qayıt        Baxış: 980          Tarix: 2-12-2017, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma