Dünən Dünya Bankının nümayəndə heyətinin ən yüksək səviyyədə qəbul edilməsi Azərbaycanın xarici maliyyə qurumlarından yenidən borc almaq niyyətindən xəbər verir. Bunu nümayəndə heyətinin rəhbəri xanım Keiko Hondanın APA-ya açıqlaması da təsdiqləyir. Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (MIGA) icraçı direktoru olan xanım Honda ölkəmizə səfərlərinin məqsədini şərh edərkən deyib:
“Azərbaycanın təkmilləşdirilmiş infrastruktur ehtiyacları böyükdür və bu ehtiyacların qarşılanması üçün sərhədlərarası investorların imkanlarından istifadə edilə bilər. Mən ölkənin inkişaf məqsədlərinə nail olması üçün özəl kapitalın cəlb edilməsində MIGA-nın necə yardım edə biləcəyini öyrənməyə ümid edirəm”.
Xanım Honda nə qədər özəl kapitalın Azərbaycana cəlb edilməsi perspektivindən danışsa da, əslində bunun beynəlxalq maliyyə qurumlarından kredit almaqdan başqa bir şey olmadığı ortadadır. MIGA-nın missiya və məqsədləri də bu fikri təsdiqləyir. Qurumun rəsmi etirafına görə, Dünya Bankının 5 üzvündən biri olan MIGA “investorlara və kreditorlara siyasi risk sığortası verən, inkişaf etməkdə olan iqtisadiyyatların özəl kapital cəlbetməsini tənzimləyən, xarici investorları buna təşviq edən agentlikdir. Bir növ, xarici investorları yerli siyasi rejimlərin şıltaqlıqlarından qoruyan bu agentlik, sözsüz ki, öz missiyasını sağlam yerinə yetirmək üçün araşdırmalar aparmalı, ölkələrin siyasi xarakterini qlobal iqtisadi şərtlərə uyğunlaşdırmalıdır. Əks halda, böhran içərisində çabalayan ölkələrə verilmiş kreditlər havaya sovrulmuş olar. Bu baxımdan Dünya Bankı yalnız kredit verən qurum deyil, həm də borclu ölkələrin siyasi xarakterini, iqtisadi siyasətini müəyyənləşdirən, ona yön verən, alınan kreditin hansı istiqamətlərə xərclənməsinə nəzarət edən qurumdur. Bir çox siyasət xadimləri məhz bu çoxşaxəli fəaliyyətinə görə Dünya Bankını və Beynəlxalq Valyuta Fondunu borclu ölkələrin əsas hakimiyyəti hesab edirlər. Onların fikrincə, Dünya Bankının boyunduruğu altına girən hökumətlər könüllü şəkildə öz səlahiyyətlərini bu beynəlxalq maliyyə qurumlarına ötürürlər. Beynəlxalq maliyyə qurumlarının şərtləri isə ağır olur. Bir çox hallarda borc almaq istəyən hökumətlər əvvəl bu ağır şərtləri qəbul etməsələr də, getdikcə daralan iqtisadiyyatları ölkələri buna sürükləyir. Hətta bəzən hökumətin beynəlxalq maliyyə qurumları qarşısında “nazları” daha ağır şərtlərlə razılaşmalarına səbəb olur. Nədən ki, iqtisadi böhranın dərinləşməsi onları daha asılı vəziyyətə salır, beynəlxalq reytinq göstəriciləri aşağı düşür və bataqlıqda çabalayan hökumətlər daha ağır şərtlərə sarılırlar. Necə ki, suda boğulanlar saman çöpünə pənah aparırlar.
Dünya bazarında neftin qiymətlərinin aşağı düşməsiylə ağır iqtisadi böhrana düçar olan Azərbaycan hökumətinin də xüsusilə ötən ilin əvvəllərindən etibarən, DB və BFV qarşısında buna bənzər çabalayışının şahidi olmaqdayıq. Hökumət nə qədər öz vətəndaşlarından gizlətməyə çalışsa da, beynəlxalq valyuta qurumlarına üz tutmaq məcbiriyyətində qaldığı və onların ağır şərtləriylə qarşılaşdığı hər gün daha aydın ortaya çıxır. Hələ 2016-cı ilin ilk günlərində “Financial Times” qəzetində dərc olunan bir informasiya bunun ilk xəbərçisi idi. Qəzetin bildirdiyinə görə, həmin vaxtlar Azərbaycan, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparırdı. Məlumatı qəzetə sızdıran isə BVF-nin adı çəkilməyən nümayəndəsi idi. İddia olunurdu ki, Azərbaycanın kredit almasını müzakirə etmək üçün BVF və DB nümayəndələri 2016-cı ilin 28 yanvar – 4 fevral ərzində Bakıya rəsmi səfərə gələrək hökumət yetkililəri ilə görüşlər keçirəcək: “Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”-BFV-nun rəsmisi belə deyirdi.
Azərbaycan rəsmiləri ilk əvvəl bu məlumatı təkzib etsələr də, BVF və DB nümayəndələri deyilən tarixdə həqiqətən də Azərbaycana gəldilər. Azərbaycan yetkililəri də eyni qaydada ABŞ-a səfər etdilər. Daha sonra məlum oldu ki, bu səfərlər çərçivəsində 3 milyard dolların BFV-dan, 1 milyardın isə DB-dan alınması nəzərdə tutulur. “Reuters” agentliyi tərəfindən yayılan bu məlumatı az sonra bir başqa xəbər əvəz etdi: Azərbaycan hökuməti kredit alası olmadı. Çünki hökumət qarşısında qoyulan şərtlər çox ağır imiş. Beynəlxalq maliyyə qurumlarının qarşımıza qoyduğu həmin şərtlərın açıqlanması da özünü çox gözlətmədi. Şərtlər belə idi:
- Geniş özəlləşdirmə,
- Dövlət aparatında ixtisarlar,
- Real məhkəmə islahatları,
- Əmək haqları, pensiya və dövlət xərclərinin dondurulması,
- ÜTT-yə daxil olmaq
Məlumata görə, Azərbaycan hökuməti bu 5 şərtdən yalnız ikisi ilə razılaşıb. Digər 3-nü isə heç yaxına buraxmayıb. Qəbuledilməz həmin şərtlərin hansılar olduğu barədə heç bir məlumat verilməsə də, Azərbaycan yetkililərinin müxtəlif dairələrdə və zamanlarda verdikləri mesaj tipli açıqlamalara nəzər salanda bəzi ipucları ortaya çıxır. Prezident İlham Əliyevin ötən ilin əvvəllərində RİA “Novosti” agentliyinə açıqlamasında “Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq” deməsi ilk baxışdan BVF-nun ilk tələbiylə razılaşdığından xəbər verirdi. Fəqət, ölkə başçısının istisnası da var idi: “SOCAR strateji aktivdir və onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.
SOCAR-sız Azərbaycanın dövlət nəzarətində olan iqtisadi qurumlarından geriyə isə heç nə qalmır. Görünür, bunun nəticəsidir ki, prezidentin özü də elə həmin müsahibədə ölkəmizin xarici investor tapmaqda çətinlik çəkdiyini gizlətmirdi. Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident bu cür cavab vermişdi: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”. Prezidentin SOCAR-ı özəlləşdirməkdən imtinası bu baxımdan BFV-nin ilk şərtini qəbul etməmək mənasına gəlirdi.
Pensiya və dövlət xərclərinin dondurulması da asanlıqla qəbul ediləcək şərt deyildi. Bu, onsuz da iqtisadi böhran burulğanında çabalayan Azərbaycan insanının son ümidini boşa çıxması deməkdir ki, ciddi sosial gərginliklərə yol aça bilər. BVF-nun kredit verdiyi bütün ölkələrdə bu şərtin ən gec qəbul edilən prisip olduğu məlumdur. Çox güman ki, Bakının qəbul edə bilmədiyi şərtlərdən biri də elə bu idi.
Qəbuledilməz digər 3-ci şərt isə, çox güman ki, real məhkəmə islahatları ilə bağlıdır. Hakimiyyətin son zamanlar məhkəmə sistemində nəinki islahat aparmaq niyyətində olmadığı, əksinə, nümayəndəlik institutunun ləğvi, hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması iqtiqamətində qəbul etdiyi qərarlar da bu ehtimalı qüvvətləndirir. Görünür, hökumət getdikcə artan sosial narazılıqlar qarşısında “hüququn” gücünə daha çox bel bağlayır. Son zamanlar dövlət aparatında aparılan ixtisarlar da Azərbaycandakı mövcud rejimin öz sadiq məmurlarını belə, “hüquq”a qurban verməyə hazır olduğunu göstərir. Bunun gerçək hüquq, yoxsa represiya aparatımı olduğu məsələnin bir başqa tərəfidir.
Dünya Bankının səlahiyyətli nümayəndələrinin dünən ən yüksək səviyyədə qarşılanması onu göstərir ki, Azərbaycan yenidən beynəlxalq maliyyə qurumlarıyla danışıqlar aparmağa həvəslənib. Bu isə rəsmi Bakının artıq qarşımıza qoyulan şərtlərlə razılaşdığından və razılaşmaq ərəfəsində olduğundan xəbər verir.
O halda sual ortaya çıxır: Azərbaycan xarici borcunu artırarsa, nə ilə üzləşə bilər?
Bu sualın cavabı xarici borc miqdarımızın ÜDM-dakı nisbətindən asılıdır. Nədən ki, BVF-nun təcrübəsində borcalan tərəfin verilən kreditlə, lazım gələrsə, əvvəlki borclarını ödəməsi şərti var. Başqa sözlə desək, bir tərəfdən ölkəyə borc verən BVF digər tərəfdən isə əvvəlki borclarını alır. Deməli, əvvəlki borclar nə qədər çox olsa, alınan kreditlər də bir o qədər az təyinatı üzrə xərclənir. Nəticədə borclanan ölkələr hədəflənən layihələrini də reallaşdıra bilmir, beynəlxalq maliyyə qurumlarından daha asılı vəziyyətə düşürlər. Bəzən bu xərci borcunu ödəməyən maliyyə siyasəti ölkələri defolta sürükləyir. Yeri gəlmişkən, qeyd edək ki, BVF və DB-nın ən çox tənqid olunan xüsusiyyəti də məhz budur.
Üstəlik, xarici borcların ÜDM-dakı nisbəti artıqca alınan yeni borcların həm faizləri çoxalır, həm də ödəmə zamanı qısalır. Təsadüfi deyil ki, DB-nin Azərbaycan nümayəndəliyindən "APA-Economics"ə verilən məlumatlarda “hazırda Azərbaycanın ortamüddətli inkişaf strategiyasını müəyyənləşdirmək”dən bəhs edilir. Bu isə o deməkdir ki, Azərbaycana ayrılacaq kredit də uzunmüddətli olmayacaq, uzağı, 10-15 illiyinə veriləcək. Ölkəmizin alacağı bu krediti qeyri-neft sektorunun inkişafına yönəldəcəyini nəzərə alsaq, 10-15 illik zaman bu məqsəd üçün xeyli qısa müddətdir. Ən əsası isə, 150 milyard dollarlıq neft gəlirlərini yoxa çıxarmağı bacaran Azərbaycanın acgöz məmur sinifi üçün 4 milyard dollarlıq vəsait dişin dibində qalacaq qədər kiçik miqdara bənzəyir. Təkcə hansısa iri məmurun o qədər pulu var. Milyarder rəhbərlərin idarə etdiyi bir ölkə 4 milyard dollarla nə edə bilər ki?
Azərbaycanın xarici borclarının ÜDM-dakı nisbəti isə heç ürək açan deyil. Baxmayaraq ki, Azərbaycan rəsmilərinin verdiyi məlumatlar xeyli nikbin təsir bağışlayır. Maliyyə Nazirliyinin məlumatına görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 172,6 mln. ABŞ dolları təşkil edib. Bu isə xarici dövlət borcunun Ümumi Daxili Məhsulunun (ÜDM) 18,9% hissəsi deməkdir. Di gəl ki, bir çox iqtisadçı ekspertlər Maliyyə Nazirliyinin yalnız dövlət borcunu göstərməklə faktı gizlətməyə çalışdığına inanırlar. Onların fikrincə, Azəbaycanın bundan əlavə 8,5 milyard dövlət zəmanəti ilə şirkətlərin borcu, 5,7 milyard bank sektorunun borcu da var və bunların hər ikisi yeri gələndə dövlətimizin çiynindədir. Bu isə üst-üstə gələndə ÜDM-in 60 faizindən çox hissəsi deməkdir.
Nəzərə alsaq ki, BFV-nun şərtlərini qəbul etdikdən sonra Azərbaycan məcburən tam üzən məzənnə siyasətinə keçməlidir, bu da yaxın zamanlarda devalivasiyaları qaçınılmaz hala gətirir. Hər devalivasiya isə nəticə etibarilə artan borc deməkdir. Çünki Azərbaycanın milli valyutası öz dəyərini itirdikcə, borclarımızın ÜDM-dakı nisbəti də artır. Bunu ikinci devalivasiyadan sonrakı statistik rəqəmlər də bariz şəkildə təsdiqləyir. Belə ki, Maliyyə Nazirliyinin 2016-cı ildə açıqladığı hesabata görə, Azərbaycanın xarici borcu UDM-un 21%-ə bərabər idi. 2017-ci ildə isə bu rəqəm, yuxarıda da qeyd etdiyimi kimi, 18.9%-ə enmişdi. Halbuki, 2016-cı ildə borcumuz daha az idi - 11,486.6 milyon manat (7,448.7 milyon ABŞ dolları). 2017-ci ildə xarici borcumuz 12 mlrd. 208,5 mln. manata yüksəlmişdi. Amma məzənnədəki fərq bu məbləği 7 mlrd. 172,6 mln. ABŞ dollarına çevirdiyindən borcumuz azalmış kimi görünürdü.
Bir də Azərbaycanın beynəlxalq maliyyə qurumlarından indi alacağı güman edilən 4 milyardı ümumi borcumuza əlavə etsən, bu, hardasa, ÜDM-un 80%-nə bərabər olacaq.
Nəticə
Heç bir struktur dəyişiklikləri və demokratik islahatlar aparmadan Azərbaycanın DB-dan alacağı növbəti kreditlər hədəflənən məqsədə - qeyri-neft sektorunun inkişafına səbəb olmayacaq. Ölkəmiz aldığı vəsaiti əvvəlki borclardan qalan ödəmələrə xərcləyəcək və zamanla bu qurumlardan daha asılı vəziyyətə düşəcək. Üstəlik, DB-dan alacağımız kiçik məbləğ müqabilində ölkəmizin əsas strateji aktivi sayılan SOCAR-ın xarici investorların əlinə keçmək perspektivi də istisna olunmamalıdır. Azərbaycan ehtiyac duyduğu bu kiçik məbləği hansısa məmurun dövlətdən oğurladığı vəsaitləri müsadirə etmək və real iqtisadiyyata yönəltməklə də əldə edə bilər. Yetər ki, ölkədəki investisiya şəraiti yaxşılaşdırılsın, demokratik və hüquqi islahatlar aparılsın.
Heydər Oğuz
Ovqat.com
Paylaş: