Xəbər lenti

 

 “Başda ABŞ da olmaqla, istənilən xarici ölkənin mənafeyinə qulluq edənlər vətən xainləridir”.

Ovqat.com xəbər verir ki, Suriya lideri Bəşər Əsəd dünən PYD/PKK qruplaşmasının fəaliyyətini şərh edərkən belə deyib.

Əsədin bu sözlərinə kürd separatçılarının cavabı özünü çox gözlətməyib. PYD/PKK rəhbərliyi altında olan Demokratik Suriya Qüvvələrinin müxtəlif yetkililəri ard-arda açıqlama verərək, Bəşər Əsədi ağır üslubla tənqid ediblər. Onların fikrincə, vətənə xəyanətdən danışmaq hüququna malik olan ən sonuncu şəxs Əsəddir və Suriya diktatorunun idarə etdiyi rejim çoxdan öz missiyasını başa vurub.

“Biz vətənpərvərlik vəsiqəsini Əsəddən almırıq. Suriyanı idarə edən Əsəd yox, xarici qüvvələrdir”-deyən DSG  hərbi birləşmələrinin komandirlərindən Rezzan Killo onu da əlavə edib ki, bu tipli açıqlamalar regionda növbəti əməliyyatlara hazırlaşan Türkiyənin əlini gücləndirir.

Mütəxəssislər də  Əsədin bu çıxışından sonra Ankaranın uzun zamandan bəri hazırlaşdığı Afrin hərbi əməliyyatına başlayacağını istisna etmirlər. Mülahizələrə görə, Ankara əslində çoxdan bu əməliyyatı keçirmək istəyir. Onun indiyədək səbr etməsinin yeganə səbəbi gözlənilən hərbi müdaxiləni beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq arzusu ilə bağlı idi. Xüsusilə ABŞ-la dərin ixtilafa girdiyi və Vaşinqtonun kürd separatçılarını açıq şəkildə dəstəklədiyi indiki vaxtda hüquqi cəhətdən mübahisəli addımlar atmaq ciddi riskləri gözə almaq deməkdir. Beynəlxalq hüquqa görə, başqa ölkəyə ancaq onun hakimiyyətinin razılığı ilə müdaxilə etmək olar. Bəşər Əsədin çox çıxışı isə Türkiyənin PYD/PKK qruplaşmasını zərərsizləşdirmək üçün hərəkətə keçməsinə etiraz etməyəcəyindən xəbər verir. Belə çıxır ki, Ankaranın qarşısında legitimlik əngəli də artıq aradan qalxmış olur.

Ehtimallara görə, Bəşər Əsədin bu cür çıxış etməsində Rusiya prezidenti Vladimir Putinin rolu böyük olub. Bildirilir ki, Putin Astana sammitinə dəvət olunacaq Suriya qüvvələrinin tərkibi ilə əlaqədar Türkiyənin irəli sürdüyü təkliflərlə razılaşıb və PYD/PKK-nı müzakirə tərəfi kimi tanımayıb. Sözsüz ki, həmin təşkilatın gözdən düşməsində ABŞ-la yaxın münasibətləri də təsirli olub. Son zamanlara qədər PKK-nı “şirin dillə” öz cizgisinə çəkəcəyinə inanan Moskvanın arzusu son Raqqa əməliyyatlarında tamamilə puç olub. ABŞ-ın dəstəyilə hərəkət edən kürd separatçıları İŞİD-in əlindəki bölgələri savaşsız alaraq, Suriya ordusunun irəliləyişinə maneçilik törədiblər. Nəticədə Rusiyanın müttəfiqi olan Suriya ya ABŞ-ın rəsmən dəstəklədiyi PYD/PKK ilə üz-üzə gəlməli, ya da səbrlə hadisələrin sonunu gözləməli idi. Dəməşq də super gücə əlavə bəhanə verməmək üçün ikinci yolu seçib.

Suriya qüvvələri ilə kürd separaçıları arasında ən ciddi ixtilaf isə zəngin neft və qaz ehtiyatlarına  malik Deyr əz-Zora nəzarət üstündə çıxıb. Kürd separatçıları İŞİD-lə anlaşaraq, bölgədəki ən zəngin yataqları ələ keçirib, qənimətini Dəməşqlə bölüşmədiyinə üçün iki keçmiş müttəfiq arasında düşmənçilik həddinə varan ziddiyyət ortaya çıxıb. Nəhayət, Moskva da kürd separatçılarıyla uzun məsafə qət etməyin mümkünsüzlüyünü anlayıb Türkiyənin təklif etdiyi variantla razılaşıb. Yəqin ki, bundan sonra Türkiyə-Suriya-İran-Rusiya qüvvələri Şimali Suriyanı separatçı və radikal qruplardan təmizləmə əməliyyatlarına başlayacaqlar.

Şimali İraqın qurtarma əməliyyatları baxımından bir neçə sahəyə bölündüyü və Türkiyəni payına isə Afrinin düşdüyü məlumdur. Afrindəki kürd separatçıları Rusiya ordusunun himayəsi altındadır. Odur ki, Türkiyə yetkililərinin uzun müddətdir rusiyalı həmkarlarıyla müzakirələr aparması və Putinin kürd separatçılarının qələmini qırması ilk baxışdan Afrin əməliyyatının çətin keçməyəcəyindən xəbər verir. Bununla belə, PYD/PKK qüvvələrinin ABŞ tərəfindən dəstəkləndiyi, separatçıların ondan bəzi məlumatlara görə, 4 min TIR-dan çox silah-sursat aldığı da nəzərdən qaçmamalıdır. Şimali Suriya əhalisinin azlığını, göndərilən hərbi sursatın kifayət qədər çox olduğunu nəzərə alsaq, belə çıxır ki, bölgənin uşaqdan-böyüyə hər kəsimi silahlandırılıb. Bütün bölgə xalqının savaşa cəlb olunması isə istər-istəməz vəziyyəti tündləşdirə bilər.

Onu da qeyd edək ki, 185 min kvadrat km. sahəyə malik olan Suriya torpaqlarının, hardasa, 4/1 hissəsi kürd separatçılarının əlindədir. Bu geniş ərazidə illərlə oturuşmuş təşkilatı sıxışdırmağın asan olmayacağı ortadır.

Digər tərəfdən ABŞ-dan dəstək alan PYD/PKK bu bölgənin xaricində də dinc oturmaq niyyətində deyil və hər vəchlə həm Türkiyənin, həm də Rusiyanın maraqlarına zərbə vurmağa hazırlaşır. Son zamanlar Şimali İraq vəziyyətin mürəkkəbləşməsinin arxasında da PKK-nın dayandığı güman olunur. İddialara inansaq, Şimali İraqın Süleymaniyyə bölgəsində başlayan qiyamlar Bərzanini taxtdan endirməyə hesablanıb. Bərzaninin isə Türkiyə ilə yaxın əlaqələri sir deyil. Rəsmi Ərbil son zamanlar Rusiya ilə də mühüm neft kontraktları bağlamış, bölgə neftinin xaricə satışını Moskvanın əliylə reallaşdırmaq istəyirdi. Bərzani bu addımıyla öz hakimiyyətini və enerji siyasətini zəmanət altına almağa çalışırdı. Onun müstəqillik xülyalarına düşməsində Rusiyaya arxayınlığının da rolu böyük idi. Son nəticədə isə düzgün hesablanmayan bu siyasətlər uzun məşəqqətlərlə əldə etdiyi bütün uğurların üstündən xətt çəkdi.

PYD/PKK-nın da bu fürsətdən faydalanaraq məğlubiyyət acısı yaşayan və üstəlik, maddi sıxıntılarla üzləşən kürd xalqını öz əzəli daxili rəqibinə qarşı qiyama qaldırmağa çalışması təəccüblü deyil. Bu, regionda Rusiyanı sıxışdırmaq istəyən Vaşinqtona da sərf edir.

Görünən budur ki, İŞİD problemini həll edən region dövlətləri rahatlaşmağa macal tapmamış ABŞ-ın növbəti sürprizləriylə qarşı-qarşıyadırlar. Yeni sürprizin adı isə PYD/PKK terrorizmidir və maraqlıdır ki, İŞİD-in bir vaxtlar at oynatdığı eyni məkanda – İraq və Suriyanın şimalinda zühur edib.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 662          Tarix: 21-12-2017, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma