Xəbər lenti

 

 

Pakistan-Əfqanıstan sərhədlərində bu gün müharibə rüzgarları əsib. Məlumata görə, Pakistan ordusu sərhədlərdəki əfqan müdafiə istehkamlarını ağır artilleriya atəşinə tutaraq, 50 əfqan sərhədçini öldürüb, 100-dən çoxunu isə yaralayıb. Pakistan tərəfindən nə qədər canlı itki verildiyi barədə isə heç bir məlumat yoxdur.

Hər zaman Pakistanı müsəlman ölkələrə ciddi dəstək verən, bir çox məsələlərə dini təəssübkeşlik hissiylə yanaşan dövlət olaraq tanıdığımızdan, bu gün həmin coğrafiyadan gələn xəbərlər, yəqin ki, bir çoxlarımızda təəccüb yaradıb. Amma sən demə, Əfqanıstanla arasındakı sərhəd gərginliyinin tarixi elə Pakistanın özüylə yaşıddır. 1947-ci ildə Pakistan dövləti qurulandan bəri hər zaman bu cür insidentlər baş verir və iki dövlət bir-biriylə lokal müharibələr yaşayır.

İki dövlət arasındakı ziddiyyətin arxasında isə ingilis barmağı var. Məgər ki, ingilislər Hindistanı işğal edəndən sonra 19-cu əsrin axırlarında Əfqanıstanı da tutmaq eşqinə düşürlər. Bu coğrafiyada isə isti dənizlərə çıxmaq istəyən ruslarla qarşı-qarşıya gəlirlər. Həm Rusiyanın, həm də İngiltərənin eyni vaxtda ələ keçirmək istədiyi Əfqanıstan I Dünya müharibəsinə qədər iki ölkənin arasındakı rəqabət səbəbiylə müstəqilliyini qoruya bilir. Amma ingilislərin yardımıyla əldə edilən bu müstəqilliyin bədəli ağır olur.

İngiltərə Rusiyaya qarşı Əfqanıstanın müstəqilliyinə dəstək verəcəyi vədiylə ondan ərazilərinin bir qismini Hindistana hədiyyə etməsini istəyir. Həm Rusiya, həm də ingilislərə qarşı eyni anda vuruşa bilməyəcəyini düşünən Əfqanıstan məcburən bu təkliflə razılaşır. 1893-cü ildə iki dövlət arasında müqavilə bağlanır. İngiltərənin o dövrlərdəki Hindistan xarici işlər katibi Mortimer Durandın adını daşıyan bu müqavilə peştun xalqına aid əraziləri Hindistan və Əfqanıstan arasında ikiyə bölür.

İngilislərin himayəsi isə uzun sürmür. I Dünya müharibəsindən sonra Rusiyanın başı daxili məsələlərə qarışdığından ingilis imperializmi rəqibsizlik şəraitindən faydalanıb Əfqanıstana daxil olur və ummadığı dirənişlə qarşılanır. Qəhrəman əfqan xalqının 1919-cu ildə ani hücumu qarşısında tab gətirməyən ingilislər onun müstəqiliyini tanımaq məcburiyyətində qalırlar. Həmin il bağlanan Ravalpindi müqaviləsiylə bugünkü sonu gəlməyən sərhəd mübahisəsi daha da möhkəmləndirilir və II Dünya müharibəsindən sonra problem Hindistanın parçalanmasıyla ortaya çıxan Pakistanla Əfqanıstana miras buraxılır.

Pakistanın ilk müstəqillik günlərindən indiyə qədər davam edən sərhəd anlaşmazlığı nəticəsində Əfqanıstan BMT-də öz müsəlman qonşusunun suverenliyini belə, indiyə qədər tanımayıb. Baxmayaraq ki, istər Gülbəddin Hikmətyar, istərsə də 10 illik Taliban hakimiyyəti dövründə Əfqanıstan hökuməti tamamilə Pakistandan asılı olub. Fəqət iki dövlət arasındakı “Peştunistan” problemi o qədər dərindir ki, Əfqanıstanın İslamabada bağlı hökumətləri belə, bu məsələdə güzəştə gedə bilməyiblər. Sözsüz ki, bunun başlıca səbəblərindən biri həm Hikmətyarın, həm də Taliban hakimiyyətindəki idarəçilərin böyük əksəriyyətinin milliyyətcə peştun olmasıdır.

Məsələ burasındadır ki, əhalisinin 42%-dən çoxu peştun olan Əfqanıstanda bu milli mənsubiyyətə aid olanlar uzun illərdən bəri ölkənin aparıcı siyasi gücünü təşkil ediblər. Məlumata görə, 18-ci əsrin ortalarında dövlətləşmə prosesinə qədəm qoyan Əfqanıstanda əsas siyasi güc mərkəzi peştun əsilli Dürrani əşirəti olub. Bu əşirətin 200 ildən artıq sürən hakimiyyəti Əfqanıstanda peştunları həm iqtisadi, həm də siyasi cəhətdən möhkəmləndirib. O qədər ki, peştunlarsız Əfqanıstan siyasi idarəçiliyini təsəvvür etmək belə, mümkün deyil.

Peştunların əksəriyyəti isə Pakistanda yaşayır. Əfqanıstanda 15 milyon, Pakistanda isə 25 milyon peştun olduğu bildirilir. Pakistan müstəqilliyini elan etdikdən sonra peştunların birləşməsi xəyala çevrilib.

Bu da azmış kimi, rəsmi İslamabad Əfqanıstanın bir dövlət kimi güclənməsində də maraqlı deyil. Güclü Əfqanıstan faktoru Pakistandakı 25 milyon peştunların milli hislərini gücləndirə və separatizmi körükləyə bilər. Nəticədə Pakistanın parçalanması qaçınılmaz olar. Eynilə Azərbaycan-İran münasibətlərində olduğu kimi. Rəsmi Tehran necə ki, Azərbaycanın demokratikləşib milli qüvvələrin hakimiyyətə gəlməsini həmişə öz ərazi bütövlüyünə təhlükə kimi görübsə, İslamabad da Əfqanıstana eyni mövqedən yanaşıb və özünə bağlı olmayan hakimiyyətləri terror zərbələriylə devirməyə çalışıb.

Bu gün Əfqanistanla Pakistan sərhədlərində əsən müharibə rüzgarının da əsl səbəbi budur. İki ölkə arasında ən qələbəlik keçişlərin yaşandığı Torxam sərhəd məntəqəsində ötən ilin yay aylarında da ciddi atışmalar qeydə alınmış və məntəqə uzun müddət bağlanmışdı. Pakistandakı peştunların böyük əksəriyyəti isə öz iqtisadi həyatlarını bu keçid məntəqəsi üzərindən reallaşdırdıqları ticarətlə təmin edirlər. Ümumiyyətlə, Əfqanıstan-Pakistan arasında hər il ciddi insidentlərin yaşandığı həmin keçid məntəqəsi Əfqanıstanın şimala, Pakistanın isə şərqə açıqlan qapısı sayılır və iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. İki müsəlman dövlətin bölüşə bilmədikləri maraqlar ucbatından isə hər ikisi bu fürsətdən yetərincə faydalana bilmirlər.

Heydər Oğuz

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 2 205          Tarix: 7-05-2017, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma