İran Xarici İşlər Nazirliyi Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətinə bağlı Mircavə bölgəsində qurulan pusquda 10 əsgərinin öldürülməsinə görə İslamabadı məsuliyyətli olmağa çağırıb.
Strateq.az İranın Xarici İşlər Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, nazirliyin sözçüsü Behram Qasımi bu bəyanatla çıxış edib.
B. Qasımi açıqlamasında Pakistanın öz torpaqlarında silahlı qrupların fəaliyyətlərini məhdudlaşdırmaq üçün boynuna məsuliyyət götürməsinin lazım olduğunu bildirərək deyib: "…ya da terrora qarşı mübarizə ittifaqları içində yer alan ölkələr kiçik silahlı qrupların öz torpaqlarındakı fəaliyyətlərinin qarşısını almaqda aciz qaldıqlarını etiraf etmələri lazımdır."
İranın sərhəd təhlükəsizliyini təmin etmək üçün diplomatik yolla atılacaq bütün siyasi haqqlarını qoruduğunu bildirən Qasımi 10 əsgərlərinin ölümü ilə nəticələnən hücumu təqib edəcəklərini də Pakistan rəhbərliyinin diqqətinə çatdırıb.
Tehran niyə qəzəblidir?
Qeyd edək ki, İran rəsmisinin qəzəbinə yol açan hadisə ölkənin cənub-qərbində, Pakistan sərhədi yaxınlığında “Ceyşül- Ədl” (Ədalətin Ordusu) adlı silahlı təşkilatın dünən qurduğu pusquda 10 İran əsgəri öldürməsi olub.
İrandakı "sünnilərin hüquqlarını müdafiə" iddiasıyla 2003-dən bu yana ölkədə bir çox dəfə sivil və hərbi hədəflərə hücumlar təşkil edən "Cündullah" (Allahın Əsgərləri) adlı təşkilatın lideri Əbdülməlik Rigi 2010-cu ildə tutulub edam edilmişdi. Bunun ardından Cundullah təşkilatı 2012-ci ildə adını "Ceyşül-Ədl" olaraq dəyişdirmişdi.
Pakistan sərhədindəki Sistan-Bəlucistan bölgəsində zaman-zaman İranın təhlükəsizlik gücləriylə döyüşən bu təşkilat sərhədçiləri qaçırmağa səy göstərir. Təşkilatın xarici kəşfiyyat idarələri tərəfindən dəstəkləndiyini iddia edən İran isə Pakistan rəhbərliyini də sərhəd təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırır.
İranın Sistan-Bəlucistan yarası
İranın Sistan-Bəlucistan əyaləti sünnilərin ən çox yaşadığı bölgə olaraq tanınır. 2010-cu ildə keçirilən əhalinin sayımı statistikasına görə, bu əyalətdə 824.395 sünni, 898.184 şiə yaşayır. Rəsmi statistikada şiələrdən az olmalarına baxmayaraq, sünnilər Sistan-Bəlucistanda sosial həyatda daha aktivdirlər. Bu aktivlik özünü bölgədəki məscid və camilərin sayında da göstərir. Rəsmi statistik məlumatlara görə, əyalətdə 3546 sünni camisi fəaliyyət göstərir. Sünnilərdən təxminən 65 min nəfər çox olan şiələrin isə əyalətdə cəmi 322 camisi var.
Əyalətdə yaşayan və ona öz adlarını verən bəlucilər məhzəbi özəlliklərilə yanaşı etnik mənsubiyyətləri baxımından da İranın aparıcı milli kimliyindən fərqlənir. Ölkə əhalisinin 1-2%-ni təşkil edən bəlucilərin dil baxımından peştunlara daha yaxın olduğu bildirilir. Hətta bəluci dilinin peştucanın bir şivəsi olduğu da iddia edilir.
Peştunlar isə əsasən Pakistan və Əfqanıstanda yaşayırlar. 200 milyonluq Pakistan əhalisinin 31 milyondan çoxu peştundur. 31 milyonluq Əfqanıstanda isə peştunların sayı 13 milyonu keçir.
Tarix boyu peştunlar Əfqanıstanda daha təsirli güc olublar. Onların siyasi cəhətdən ən aktiv olduğu dövr isə Taliban hakimiyyəti dövrünə düşür. Bu gün də Talibanın ana gövdəsini peştunlar təşkil edir. Talibanın bir təşkilat kimi Əfqanıstanın sovet işğalına qarşı Pakistan xüsusi xidmət orqanları tərəfindən qurulduğu da sirr deyil.
Göründüyü kimi, Sistan-Bəlucistan əhalisinin həm məzhəbi, həm etnik xarakteri, həm də coğrafi mövqeyi bölgədə separatizm meyllərini gücləndirir və xarici dövlətlərin sui-istifadəsinə münbit şərait yaradır. İranın xüsusilə Pakistanı bu separatçı fəaliyyətə göz yummaqda günahlandırmasının isə tarixi əsasları var.
Heydər Oğuz
Ovqat.com-un Baş redaktoru
Paylaş: